“Dediklərimi etməsən, sənin də belə videon yayılacaq”

Hadisə 27 May 2024 23:51 Oxunub 286
“Dediklərimi etməsən, sənin də belə videon yayılacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Bu iş üzrə iki nəfər - Ədalət Bağırov və Mürsəl İbrahimov zərərçəkmiş qismində tanınıb. İttihamda deyilir ki, N. Bəydəmirli Ədalət Bağırovla iş ortağı olub. Bağırov deyir ki, Bəydəmirli ilə hazırda dələduzluğa görə həbsdə olan sabiq məhkəmə hakimi Lətif Nəbiyev vasitəsilə tanış olub:

“Lətif Nəbiyev dedi ki, üçümüz də gədəbəyliyik. Hər şey yaxşı olacaq. Nazim deputat seçiləndən sonra şəriklərlə münasibəti pozdu. Hətta məni ona böhtan atmaqda ittiham etdi. Bir müddət sonra sahibi olduğum qarajda işləyən qadın mənə böhtan atdı ki, guya ona təcavüz etmişəm. Sonradan məlum oldu ki, Nazimin adamı məni şərləməsi üçün həmin qadına 20 min manat veribmiş. Üstündən xeyli vaxt keçəndən sonra Nazim mənim iş yerimə gəldi. Dedi ki, ona 50 min manat pul və sahibi olduğum qarajın 15 faiz səhmini verməliyəm. Sonra telefonu çıxarıb iki kişinin intim videosunu göstərdi. Dedi ki, dediklərimi etməsən, sənin də belə videon yayılacaq. Bundan sonra biabır olmaqdan qorxdum, 10 min manat verdim. Eşitdiyimə görə həmin pula da Türkiyədə yaşayan oğluna ev alacaqdı.”

Bəydəmirli zərərçəkmişin dediklərini təkzib edib, yalan danışdığını deyib:

“Dediklərindən yalnız bizi Lətif Nəbiyevin tanış etməsi doğrudur. Vəssalam.”

Prosesin davamında zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib. İbrahimov əvvəllər Bakı Dövlət Universitetində müəllim işləyib. Alim olduğunu iddia edən bu zərərçəkmiş də Nazim Bəydəmirli ilə işlə bağlı münasibəti yaranıb. Razılaşmaya görə onlar Rusiyada araq biznesi ilə məşğul olacaqlarmış. Sözügedən təklif də Bəydəmirlidən gəlib. Zərərçəkmiş də təklifə inanıb, biznes şəriki olan iranlı dostundan 40 min dollar alıb təqsirləndirilənlə işləmək üçün Rusiyaya gedib:

“Rusiyada Nazimlə söhbət etdik. 40 min dolları ona verdim. Bundan sonra araq biznesi quruldu. İşlər yaxşı gedirdi. Həmin vaxt Nazimin orada yüksək vəzifədə işləyən arvadı var idi. Bir gün Nazimə dedim ki, gəl oturaq hesab-kitab edək. Görək nə qədər qazanırıq, nə qədər itiririk. Amma Nazim söhbəti fırlatdı. Bir neçə gün sonra oğlum evə gəlmədi. Nazimə zəng elədim, telefonu rus arvadı götürdü. Oğlumun yoxa çıxdığını dedim, vecsiz şəkildə qayıdıb dedi ki, bəs bilmirdin belə olacaq? Sonra Nazimlə arvadının bacısı bizə gəldi. Nazim mənlə üzləşmək istəmədiyi üçün evə girmədi. Baldızı dedi ki, oğlunu girov götürüblər. 70 min dollar versən, azad olunacaq. 28 min dollar pulum vardı, hamısını verdim ona, pulu götürüb getdi. Üç-dörd saat sonra Nazim oğlumu evə gətirdi. Bir neçə gün sonra Nazim məndən 30 min dollar istədi. Dedi ki, pulu ver səninlə işimiz bitsin, sağ-salamat Azərbaycana qayıt. Mən də canımın dərdindən 30 min dolları da verib ölkəyə qayıtdım”.

Zərərçəkmiş şəxs hadisə vaxtı Nazim Bəydəmirlidən niyə şikayət etmədiyini də açıqlayıb. Deyib ki, Bəydəmirlinin Rusiyanın Lipetsk şəhərində kriminal qruplarla əlaqəsi var idi, ona görə də heç kimə şikayət edə bilməyib. Ötən il Nazim Bəydəmirli saxlanıldıqdan sonra Mürsəl İbrahimov da ondan şikayətçi olub.

Bəydəmirli bu zərərçəkmişin də dediklərini qəbul etməyib, yalan danışdığını deyib. Onun bu sözləri zərərçəkmişi özündən çıxarıb:

“Oğru elə danışdı, doğrunun bağrı çatladı… Mən alim adamam, hər şeyi düz danışıram. Mən Azərbaycana qayıdandan sonra çox pis vəziyyətə düşdüm. Ailədaxili problemlərim yarandı. Hətta bu söhbətlərə görə kürəkənim də qızımı atıb getdi. Mən alim adamam, hər şeyi düz danışıram” - zərərçəkmiş əlavə edib.

Proses iyunun 10-u davam edəcək. Qeyd edək ki, N.Bəydəmirli 9 ay əvvəl həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh