Tələbə yoldaşını öldürən şəxsin cəzası azaldıldı

Hadisə 3 İyun 2024 19:48 Oxunub 214
Tələbə yoldaşını öldürən şəxsin cəzası azaldıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tələbə yoldaşını yaşadıqları yataqxanada öldürməkdə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilmiş Rəşad Muxtarovun cəzası yüngülləşdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayəti əsasında belə qərar qəbul edib.

Məlumat üçün deyək ki, hadisə ötən ilin fevralında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında qeydə alınıb.

Həmin mərkəzin tələbələri Rəşad Muxtarov və Əliəkbər Mərəyev arasındakı mübahisə birinin ölümü ilə nəticələnib. İttihama görə, hadisə baş verən gün Rəşad yorğun halda yataqxanaya gəlib. O, çarpayısına uzandıqdan sonra Əliəkbərdən telefonunun səsini azaltmasını və otağın işığını söndürməsini tələb edib. Əliəkbər isə otaq yoldaşının tələblərini qəbul etməyib və aralarında mübahisə yaranıb. Mübahisə əsnasında Rəşad mətbəx bıçağı ilə Əliəkbərə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla öldürüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Prokuror R.Muxtarovun xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqa adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesə sədrlik edən hakim Rasim Sadıxov isə təqsirləndirilən şəxsin prokurorun tələbindən də ağır -19 il müddətinə azadlıqdan məhrum olunmasına hökm edib.

Hökmdən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsin ittihamından 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinin kənarlaşdırılması, törətdiyi əməldən səmimi peşman olması, hadisəni psixoloji pozuntu vəziyyətində törətməsi, əməli törətdikdən sonra dərhal təcili yardım çağırmasının yumşaldıcı hal kimi nəzərə alınmağı xahiş edilib.

Emin Mehdiyevin sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri təqsirləndirilən gəncə verilmiş cəzanın ağır olduğu qənaətinə gəliblər. Qərara əsasən, əvvəlki instansiya məhkəməsinin hökmü dəyişdirilib, R.Mehdiyevin cəzası 19 ildən 17 ilə endirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh