"Verdiyim 90 min dolları tələb edirəm" - Məhkəmə işi

Hadisə 5 İyun 2024 18:09 Oxunub 256
"Verdiyim 90 min dolları tələb edirəm" - Məhkəmə işi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın bacısı Dilbər Bayramova tərəfindən məhkəməyə ərizə ilə müraciət edildiyi elan olunub. Dilbər Bayramova ərizədə bacısının həbsinin əsassız olduğunu bildirib.

Daha sonra özünü iş üzrə zərərçəkmiş sayan Şövkət İsayevanın məhkəməyə müraciət etdiyi elan edilib. Həmin şəxs bildirib ki, Şəbnəm Qurbanovanın şahidliyi ilə təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidovaya 90 min dollar verib. O, təqsirləndirilən şəxslərdən ödədiyi pulu geri istəyib.

Hakim Azad Məcidov isə Ş.İsayevanın bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmadığını bildirib.

Daha sonra təqsirləndirilən Aysel Məmmədova sualları cavablandırıb.

Zərərçəkmiş şəxs Nərgiz Mahmudova təqsirləndirilən A. Məmmədovaya sualında onu aldadıb 9 min manatını almasının səbəbini soruşub.

A.Məmmədova bildirib ki, N. Mahmudova pulu ona verməyib. O, zərərçəkmişin pulu Nuridə Seyidovanın köməkçisinə verərkən gördüyünü bildirib.

Daha sonra A.Məmmədova vəkilin suallarını cavablandırıb.

Suallara cavabında A.Məmmədova 2002-ci ilin avqust ayında işə girdiyini bildirib: "Mən işə başlamazdan öncə avqust-noyabr ayları ərzində 4 nəfər Türkiyədə, 6 nəfər isə Bakıda əməliyyat olunub. Bakıda əməliyyat olunan şəxslərdən ikisinə qaraciyər köçürülüb. 1 nəfər beyin əməliyyatı olub, 3 nəfərə isə böyrək köçürülüb. Bundan başqa, əməliyyata çatmayan xəstənin pulunu da Nuridə Seyidova ödəmişdi".

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh