100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub

Azərbaycanda uzun illər fəaliyyət göstərən irihəcmli yalançı sahibkarlıq və vergi dələduzluğu şəbəkələri ifşa olunub. Belə ki, ölkədə bir neçə mütəşəkkil dəstə saxta hüquqi şəxslər yaratmaqla və saxta elektron qaimə-fakturalar tərtib etməklə dövlət büdcəsinə və özəl sektora külli miqdarda maddi ziyan vurub, əldə etdikləri qeyri-qanuni gəlirləri isə mürəkkəb maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıblar.
Avtosfer.az xəbər verir ki, Qafqazinfo bu yazısında həmin mütəşəkkil dəstələrə ümumi rəhbərlik edən Çingiz Cəfərlinin fəaliyyəti barədə məlumat verəcək.
İbtidai istintaqı Baş Prokurorluqda aparılan bu cinayət işi üzrə sözügedən qurumun və Daxili İşlər Nazirliyinin (DİN) peşəkar müstəntiqləri, mühüm işlər üzrə prokurorları cəlb edilib. Yekunda cinayət işi üzrə 11 təqsirləndirilən şəxsə yekun ittiham irəli sürülüb. Onlardan əksəriyyəti həbsdədir.
Mütəşəkkil dəstə rol bölgüsünə görə üç qrupa bölünüb. Birinci dəstəyə Azad Rəsulov, Şahin Mustafayev və Bayram Fərəcov, ikinci dəstəyə Tərxan Şirinov, üçüncü dəstəyə isə Çingiz Cəfərli başçılıq edib. Mütəşəkkil dəstəyə ümumi rəhbərliyi isə Çingiz Cəfərli həyata keçirib.
.jpg)
Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə…
Çingiz Cəfərli 2020-ci ilin may ayından 2024-cü ilin yanvar ayının ortalarınadək davam edən müddətdə cinayətkar plan hazırlayıb. O, tanışları Tural Qədirov, Anar Əhmədov və Məhərrəm Hüseynovla mütəşəkkil dəstə halında birləşərək dəstə üzvləri arasında konkret rol bölgüsü müəyyənləşdirib. Kimin hansı funksiyanı yerinə yetirəcəyi, cinayətlərin necə törədiləcəyi və əldə ediləcək gəlirin necə bölüşdürüləcəyi əvvəlcədən planlaşdırılıb.
Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov və Xəyyam Hacıyev isə əsasən adlarına yalançı hüquqi və fiziki şəxslər yaradılması üçün adamlar tapıb, onların adından etibarnamələr alıblar.
Dəstə üzvləri aztəminatlı, hüquqi və maliyyə savadı məhdud olan, cinayətdən tamamilə xəbərsiz vətəndaşları tapıb, onların maddi ehtiyaclarından istifadə edərək cüzi pul mükafatı müqabilində razılığa gəliblər. Bu şəxslərin şəxsiyyət vəsiqələrindən istifadə edilərək onların adına 63 şirkət və fərdi sahibkarlıq statusundan istifadə etməklə faktiki müəssisə funksiyasını yerinə yetirən 4 fiziki şəxs qeydiyyatdan keçirilib.
Adlarına şirkət açılan şəxslər əsasən Suraxanı rayonunun Yeni Günəşli və digər qəsəbələrindən olan, tüfeyli həyat tərzi keçirən, narkotik vasitələrdən istifadə edən, alkoqoldan asılılığı olan və külli miqdarda borcu olan şəxslər olub.

“ASAN İmza” mobil nömrələri həmin şəxslərin xəbəri olmadan əldə edilib və dəstə üzvlərinin nəzarətində saxlanılıb. Həmin nömrələr vasitəsilə Dövlət Vergi Xidmətinin elektron portalında müəssisələr qeydiyyatdan keçirilib, bank hesabları açılıb, möhürlər və təsis sənədləri isə dəstə üzvlərinin əlində cəmləşib.
Zərərçəkmişlərdən bəziləri heç nə baş verdiyini bilməyib, sadəcə 200-300 manat qarşılığında deyilənləri ediblər. Məsələn, bir butulka araq almağa belə pulu olmayan şəxsin adına 1 milyon manatlıq şirkət qurulub.
Çingiz Cəfərli qanunsuz fəaliyyətini Nəsimi rayonunun 20 Yanvar küçəsində yerləşən “Qəbələ” kafesində və 20 Yanvar metrosunun yaxınlığındakı digər kafedə həyata keçirib.
ƏDV dələduzluğu
Bundan başqa, cinayətkar dəstə ƏDV-nin depozit hesabları sistemindən sui-istifadə edərək ayrıca dələduzluq sxemi də qurub.
.jpg)
Onlar nəzarətlərində olan hüquqi şəxslərin ƏDV depozit hesablarında toplanan 7 milyon manat vəsaitin əksər hissəsini dövlət büdcəsinə köçürmək əvəzinə, digər 89 hüquqi və 2 fiziki şəxsin ƏDV hesablarına yönəldərək əvəzləşdiriblər. Yalnız 317 min manatı görüntü xatirinə büdcəyə köçürməklə 7 milyon manatı dələduzluq yolu ilə mənimsəyiblər.
Çirkli pulların yuyulması
Təkcə Çingiz Cəfərlinin rəhbərlik etdiyi mütəşəkkil dəstənin uzun illər ərzində qurduğu genişmiqyaslı yalançı sahibkarlıq və vergi fırıldaqçılığı nəticəsində cinayət yolu ilə əldə edilmiş 35 milyon manat pul leqallaşdırılıb. Yekun ittihamda isə ümumi məbləğ 42 milyon manat göstərilib.
Çingiz Cəfərliyə və digərlərinə mütəşəkkil dəstə halında xüsusilə külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyalarında 12 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










