15 dəqiqə qabağa düşmək üçün ölümə gedən sürücülərə nəzarət güclənməlidir - Ərşad Hüseynov

Bu gün Bakı-Quba yolunda baş vermiş ağır qəzanın ilkin səbəbi məlum olub. Avtosfer.az xəbər verir ki, hadisəyə səbəb “Mercedes” markalı mikroavtobusun əks istiqamətə çıxmasıdır. Ölənlərdən 5-i sərnişin, 1-i isə “Mercedes”in sürücüsüdür.
Yollarımızda baş verən bu cür dəhşətli qəzaların səbəblərindən danışan hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında problemin iki istiqamətdə olduğunu bildirib: “Ən ciddi problem odur ki, həmin ərazidə bu dəqiqə təmir-yenidənqurma işləri gedir və təxminən bu işlər 70-80 kilometrlik məsafəni əhatə edir. Həmin 70-80 kilometrlik məsafə Bakı-Quba-Rusiya sərhədi ilə olan yol, yəni bizim M1 beynəlxalq əhəmiyyətli avtomobil yolumuzdur. O yolda təmirə görə hərəkət hissəsinin biri tamamilə məhdudlaşdırılıb. Ona görə də, hər iki istiqamətdə nəqliyyat axını yolun bir hərəkət hissəsinə düşüb. Yəni nəqliyyat vasitələri bir zolaqla Quba istiqamətinə, bir zolaqla isə Bakı istiqamətinə hərəkət edirlər. Təmir işləri getdiyinə görə bir tərəfdə təbii ki, yol çiyni yoxdur. Yol çiyni olmadığına görə Qubadan Bakıya doğru gələn nəqliyyat vasitələrinin sağ tərəfi əvvəlki hərəkət hissəsinin ortasındakı qoruyucu səddə düşür və manevr imkanlarını məhdudlaşdırır. Bu səbəbdən də sürət məhdudiyyəti tətbiq olunub.
Hərəkət zolağını dəyişmək və ötmələr qadağan olunub. Başdan-başa bütöv xətt çəkilib. Hətta xətt çəkilməsə, ötmə qadağan edilməsə, sürət həddi qoyulmasa da, üz-üzə gələn hər iki istiqamətdə nəqliyyat axınları o qədər intensivdir ki, orada praktiki olaraq ötmək mümkün deyil. Çox nadir hallarda sakitlik olanda ötməyə imkan yarana bilər”.
Ərşad Hüseynov bildirib ki, Bakı-Quba yolunda yüksək intensiv hərəkət var. Çox təəssüf ki, bəzi sürücülər qaydalara, təhlükəsizlik tələblərimə məhəl qoymurlar və çox təhlükəli, ciddi, sərt manevr edirlər: “Bu manevrləri təbii ki, başqa variant olmadığı üçün əks istiqamətə çıxaraq edirlər. Yəni üz-üzə gələn nəqliyyat vasitələri ilə qarşı-qarşıya çıxırlar. Qeyd etdiyimiz kimi, burada qarşı-qarşıya hər zaman intensiv axın var. Bunu da təbii ki, yüksək sürət şəraitində etmək mümkündür. Yəni mülayim sürət şəraitində belə manevrləri etmək olmur. Etsələr də, belə ağır nəticələr baş verməz. İlkin məlumatlara görə, bu hadisə də məhz belə baş verib. Hadisədəki avtomobilin mikroavtobus olduğu deyilsə də, miniven tipli minik avtomobilidir. Çox təəssüf ki, üz-üzə toqquşma baş verməsi ağır nəticələrə səbəb olaraq, 5 nəfər sərnişin və sürücü, ümumilikdə 6 nəfər dünyasını dəyişib. Sürücülərimizə sürətin təhlükəli, yanlış manevrlərin nə olduğunu öyrətməliyik. Belə manevrlər, hərəkətlər edən sürücülər sadəcə bunun mahiyyətini dərk etmirlər. Həmin 70-80 km-lik yolda ən kobud qayda pozuntuları törətsən belə, uzaqbaşı növbə ilə qaydalara uyğun hərəkət edən sürücülərdən 15-20 dəqiqə həmin yolu tez keçmək mümkündür. Bütün bu problem həmin o 15-20 dəqiqəyə görədir. Bəzi sürücülərimiz 15-20 dəqiqəyə görə özünün və daşıdığı insanların həyatını qurban verir. Bu isə faciədir. Bunun qarşısı alınmalı və sürücülərə də öyrədilməlidir ki, sən bununla istəyinə nail olmursan, 15-20 dəqiqəni gedib haradasa itirəcəksən – çayxanada və ya yeməkxanada, yanacaqdoldurma məntəqəsində və sair. İnsanlarımız məhz bu 15-20 dəqiqə uğrunda özünün və başqalarının həyatını ortaya qoyurlar.
İkinci problem isə orada qəzaya düşən avtomobillər adətən kommersiya məqsədi ilə daşımalarda, turistik səfərlərdə və ya rayonlararası faktiki taksi kimi həmin avtomobillərdən istifadə edirlər. Mütəxəssis olaraq bizim düzgün yol qaydaları haqqında radio verilişimizə şikayətlər gəlir ki, bu tipli avtomobillərin sürücüləri yol hərəkəti qaydalarına məhəl qoymurlar. Həmin avtomobillərin sürücüləri ən təhlükəli sürücülər kateqoriyasına daxildirlər. Bu da ayrıca məsələdir ki, bu adamlar kommersiya məqsədli belə daşımalarda iştirak edərkən ümumiyyətlə, təhlükəsizliyə məhəl qoymurlar. Tez çatmaq, tez geri dönmək mülahizəsi özü də kifayət qədər yanlış mülahizədir. Onsuz da sərnişin, müştəri tapmaq kifayət qədər vaxt aparır. Bu da öz sözünü deyir ki, məhz bu tipli avtomobillərin sürücülərinin bəziləri heç bir qaydaya, təhlükəsizlik tələblərinə cavab vermirlər”.
Hüquqşünas hesab edir ki, bu istiqamətdə çox işlər görülməlidir. Yəni, kommersiya təyinatlı daşımalardakı sürücülərin intizamlılığı, təhlükəsizlik tələblərinə riayət etməsində çox ciddi problemlər olduğu üçün dövlət orqanları bu istiqamətdə işləməlidirlər: “Nəzarət orqanlarının qeyd etdiyimiz işlərə nəzarət səmərəsi 0-a bərabərdir. Yaxşı olar ki, təmir işlərini aparan podratçı şirkətlər, yol idarələri öz qüvvələrini səfərbər edələr. Bu tipli işləri ən qısa müddətdə yerinə yetirmək lazımdır. İşlərin uzun müddət davam etməsi təəssüf ki, diqqətsizlik, intizamsızlıq və sair səbəblərdən belə ağır faciələrə gətirib çıxarır”.
Nəzrin Sailqızı













