Azərbaycan xalqının milli kimliyinə sahib çıxdığı gün – 17 Noyabr DİRÇƏLİŞ GÜNÜ

Hər il noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu əlamətdar tarix 1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan və ölkənin ictimai-siyasi həyatında mühüm dönüş nöqtəsinə çevrilən Meydan hərəkatı ilə bağlıdır. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ ətrafında baş verən hadisələr və ölkənin ərazi bütövlüyü ilə bağlı yaranmış narahatlıqlar xalqın kütləvi etirazına səbəb olmuşdu. Noyabrın 17-də başlayan və dekabrın 5-nə keçən gecə sovet qoşunları tərəfindən dağıdılan mitinqlər xalqın milli birliyini, azadlıq və müstəqillik istəyini nümayiş etdirdi. Meydan hərəkatı milli azadlıq düşüncəsinin genişlənməsinə təkan verməklə yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi prosesdə mühüm mərhələ oldu.
Bəs 17 noyabr hadisələrinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Həmin günlərdə baş verən hadisələr müasir Azərbaycan gəncliyinə hansı mesajları verir?
Mövzu ilə bağlı deputat Fazil Mustafa Avtosfer.az-a açıqlamasında bildirib ki, 1988-ci il hadisələri Bakı Dövlət Universitetinin yataqxanasındakı 14 nömrəli və bizim yaşadıqlarımız 75 saylı otağında hazırlanıb:

"Başlanğıc olaraq, İnşaat Mühəndisləri və Politexnik İnstitutunun tələbələri universitet yataqxanasının həyətindən keçərək universitetin qarşısında toplaşan tələbələrə qoşulub, bir neçə polis kolidorunu aşaraq meydana gəliblər. İlk günlərdə bu proses tələbələrin üstünlüyü ilə davam edib. Sonradan etiraz hərəkatında iştirak edən bir-iki populist şəxs bu hadisələrin mahiyyəti ilə bağlı fərqli fikirlər irəli sürməyə başladı. Amma mahiyyət etibarilə, bu mitinq Qarabağ üzərində nəzarətin itirilməsinin qarşısını almaq və Azərbaycan hakimiyyətini cəsarətləndirmək məqsədilə həyata keçirilən bir mitinq idi. Bu mitinq gözlənilməz şəkildə davam edən bir prosesə çevrildi və 18 gün ərzində kifayət qədər ciddi xalq hərəkatı baş verdi. Biz də bu prosesdə iştirak etdik. İlk dəfə idi ki, Sovet dövründə xalq geniş miqyasda izdihamlı tədbir keçirir və öz tələblərini irəli sürürdü. Burada həm Milli Azadlıq Hərəkatının, həm də onun təşkilatı olan Xalq Cəbhəsinin yaranmasının rüşeymləri ortaya çıxdı. Xalq Cəbhəsi bu meydan hərəkatından sonra yarandı. Baxmayaraq ki, müəyyən repressiyalar baş verdi, ümumilikdə bu hadisələr yeni bir dalğanın oyanmasına səbəb oldu. Ona görə də bu günün bayram kimi qeyd edilməsi hər dəfə cəmiyyətimizə həmin günlərə bir daha qayıtmaq, orada baş verən doğruları və yanlışları yenidən müzakirə etmək fürsəti yaradır".
Deputat Vüqar Rəhimzadənin fikrincə isə, 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərkinin, azadlıq iradəsinin və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm tarixi mərhələdir:
"Bu hadisə xalqımızın öz taleyinə sahib çıxmaq və müstəqil dövlət qurmaq əzminin ümumxalq hərəkatına çevrildiyini nümayiş etdirdi. 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ermənilərin qanunsuz tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və bu barədə məlumatların mətbuatda yayılması Azərbaycan cəmiyyətində böyük etiraz doğurdu. Dekabrın 5-dək davam edən, 18 gün ərzində fasiləsiz xarakter alan mitinqlər konkret bir hadisəyə etiraz çərçivəsindən çıxaraq milli azadlıq və müstəqillik uğrunda mübarizənin ümumxalq ifadəsinə çevrildi.
Bu tarixi prosesin daha dərindən öyrənilməli olan mühüm tərəfləri var. Milli dirçəlişin real dövlətçilik nəticələrinə çevrilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər hələ Sovet hakimiyyəti illərində Azərbaycanda milli kimliyin, dilin, mədəniyyətin və tarixi yaddaşın qorunmasına xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin inkişafı, Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi və milli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər sonrakı milli oyanış üçün də mühüm zəmin yaratmışdı. Ulu öndər Heydər Əliyev xalqımızın milli maraqlarını və dövlətçilik ənənələrini hər zaman üstün tuturdu. 1990-cı il noyabrın 17-də Ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyası isə milli dövlətçilik tariximizdə xüsusi yer tutur. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi və onun bütün Azərbaycanda dövlət rəmzi kimi tanınması üçün Respublika Ali Soveti qarşısında vəsatət qaldırıldı".

Deputat qeyd edib ki, bu Sovet imperiyasının hələ mövcud olduğu bir dövrdə atılmış son dərəcə əhəmiyyətli siyasi addım idi:
"Ümummilli Lider Heydər Əliyev bununla milli azadlıq ideyasını konkret siyasi qərarla ifadə etdi, gələcək müstəqil dövlətin rəmzlərinin bərpasına real töhfə verdi. 1988-ci ildə Azadlıq meydanında başlanan milli oyanışın siyasi məzmun qazanmasında, dövlətçilik rəmzlərimizin bərpasında və müstəqillik ideyasının konkret addımlarla möhkəmləndirilməsində Ulu öndər Heydər Əliyevin rolu tarixi əhəmiyyət daşıyır. Onun 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə müstəqilliyimizin qorunması baxımından həlledici mərhələ oldu. Həmin dövrdə ölkə parçalanmaq, dövlətçilik isə məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ulu öndər siyasi sabitliyi təmin etməklə, dövlət institutlarını möhkəmləndirməklə və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirməklə müstəqilliyin dönməz xarakter almasına nail oldu. Bu gün həmin tarixi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının uzun illər arzuladığı tarixi məqsədlərin reallaşması oldu. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı müstəqilliyimizin real nəticələrini nümayiş etdirir. Beləliklə, vaxtilə milli azadlıq və torpaqlarımızın müdafiəsi tələbi ilə meydanlara çıxan xalqımız bu gün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü dövlətin vətəndaşlarıdır. Gənclərin Milli Dirçəliş Gününün əhəmiyyətini dərindən dərk etməsində əsas məsələ tarixi hadisələri sadəcə xronoloji ardıcıllıqla öyrənmək deyil, onların mahiyyətini və nəticələrini düzgün anlamaqdır. Müstəqillik yalnız keçmişin tarixi nailiyyəti deyil, həm də hər bir nəslin qorumalı və inkişaf etdirməli olduğu milli sərvətdir. Milli Dirçəliş Gününün bugünkü nəsil üçün əsas dərsi milli birliyin, dövlətə bağlılığın, tarixi yaddaşın və müstəqil siyasi iradənin əhəmiyyətidir. 1988-ci ilin noyabrında xalqımızın meydanlarda nümayiş etdirdiyi birlik və azadlıq əzmi, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nəticələr vahid bir inkişaf xəttinin mərhələləridir. Bu xəttin mahiyyətində isə müstəqil, suveren və güclü Azərbaycan ideyası dayanır".
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Züleyxa Allahverdiyeva
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












