Banner

“Azərbaycanın avtomobil parkı “ölüxanaya” bənzəyir”

Xəbərlər 15 Aprel 2023 13:40 Oxunub 1020
“Azərbaycanın avtomobil parkı “ölüxanaya” bənzəyir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bu gün Azərbaycan avtomobil parkı, “ölüxanaya” bənzəyir”.

Bu sözləri  nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, Azərbaycanda istismar müddəti başa çatmış, yarasız çox sayda avtomobil var. Bu avtomobillərin ehtiyyat hissələrinin dayanıqsızlığı, ölkəyə gətirilməsi və tranzit haqqları baha başa gəlir.

 

Ekspertin fikrincə, bəzi avtomobillər var ki, onların ehtiyyat hissələrini tapmaq belə çətindir. Bu səbəbdən də avtomobil parkı yenilənməlidir.

Ekspert deyir ki, avtomobillərlə bağlı qanunlar qüvvəyə mindiyi zaman avtomobil satışı ilə məşğul olan işbazlar dərhal avtomobillərin qiymətlərini bahalaşdırır: “Sanki hazırda durub, qanunları gözləyirlər. Dərhal qiymətlər bahalaşdırılır. Amma vətəndaşlar nəzərə almalıdır ki, ölkəyə bir neçə partiya yeni avtomobil gətirildikdən sonra qiymətlər stabilləşəcək. Yəni avtomobil sahibi olmaq istəyənlər üçün bir şans yaranacaq. Odur ki, yeni qüvvəyə minən qanunlardan sonra dərhal avtomobil almağa tələsməyin. Gözləyin, yeni avtomobillər gətirildikdən sonra uyğun şəkildə alarsınız. Çünki yeni avtomobillərin qayğıları daha az olur. Ehtiyyat hissələrinin işləmə qabiliyyəti, texniki parametrləri yüksək olur”.

Aslan Əsədov qeyd edib ki, artıq bundan sonrakı proseslərdə avtomobillərə tətbiq edilən rüsumlarla bağlı güzəştlər barədə düşünməyə ehtiyac var. Ekspert hesab edir ki, avtomobillərlə bağlı qanunlar təkcə şəxsi avtomobil sürücüləri üçün deyil, eyni zamanda sərnişin daşıma üçün də önəmlidir. Çünki Azərbaycan avtomobil parkında sərnişindaşıma ilə məşğul olan kifayət qədər istismar müddətini bitirmiş avtomobillər var.

“Bu gün Azərbaycanda avtomobil parkına nəzərə saldığımız zaman əhalinin daha çox iqtisadi baxımdan əlverişli olan və ekoloji təmiz avtomobillərə marağının olduğunu görürük. Kiçik mühərrikli, yanacağa qənaət edən, ekoloji cəhətdən təmiz avtomobillərə daha çox üstünlük verilir”-deyən Aslan Əsədovun fikrincə, Azərbaycanda ekoloji təmiz və yeni avtomobillərin sayının artırılması üçün mühüm tədbirlər görülməli, rüsumlarla bağlı güzəştlər tətbiq edilməlidir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə aprelin 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilib. Rəsmi məlumatalara görə, ölkədə hər 10 avtomobildən 8-nin yaşı 10 ildən çoxdur. Bu da Azərbaycan avtomobil parkının 80 faizinin köhnə avtomobillərdən ibarət olduğunu təsdiqləyir.

Bizimyol.info

ŞƏRH YAZ
Ad

E-mail

Şərh