Banner

Bu yerlərdə avtomobili işlək vəziyyətdə saxlamaq OLMAZ - EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ

Xəbərlər 21 Dekabr 2022 13:29 Oxunub 3234
Bu yerlərdə avtomobili işlək vəziyyətdə saxlamaq OLMAZ - EKSPERTLƏRDƏN XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günümüzdə bir çox ölkələrdə yaşayış zonasında mühərriki işlək vəziyyətdə avtomobil saxlamaq qadağandır. Qanunla həmin şəxslər ciddi şəkildə cəzalandırılır və cərimə olunur. Eyni zamanda dünya praktikasında ekologiyaya ziyan vura biləcək hər məqama ciddi nəzarət olunur. 
Bəs Azərbaycanda vəziyyət necədir?!
Yol hərəkəti haqqında qanunda bu məsələ öz əksini tapıb və inzibati məsuliyyət nəzərdə tutulub. 
Azərbaycanda bu qayda pozuntusuna nə dərəcədə və hansı qurumlar nəzarət edir?


Avtosfer.az saytının sorğusuna cavab verən qəza əleyhinə kursların məşqçisi, ekspert Aqil Rəhimov bu hallara sürücülərin özlərinin nəzarət etməli olduğunu qeyd edib: “Elə xırda amma vacib məsələlər var ki, hər an onlara nəzarət etmək mümkün deyil. Burada sürücülərin öz şüuru da olmalıdır. Onlardan ətrafa qarşı diqqətli olmaq tələb olunur. Məsələn, siqnalların verilməsi, gölməçələrdən keçərkən insanların üstünə su sıçratmamağa nəzarət etmək çox çətindir. Təbii ki, sürücü özü bunlara nəzarət etməlidir. O cümlədən də bu dediyimiz problem. Hansı ki, yaşayış zonalarında mühərriki söndürmədən dayanmaq olmaz. Amma bəzi sürücülər bunu edirlər. Hər binanın yanına, məhəllənin içinə yol polisi yerləşdirmək təbii ki, mümkünsüzdür. Ona görə sürücülərin özündən tələb olunur ki, onlar mühərriki söndürsünlər. Çünki bu, ekologiyaya zərərlidir. Həmin şəxslərin ailələri də həmin yaşayış zonasında yaşayırlar. Bundan əlavə yaşayış zonalarında sürət həddi 20 km-dən artıq olmamalıdır. Amma, bəzi ehtiyyatsız sürücülər 100 km/saata qədər sürətlə məhlələrdə avtomobil idarə edirlər. Hər məhəllədə,  yaşayış zonasında bir neçə polis əməkdaşı yerləşdirmək mümkün deyil. Bu məqamlarda sürücülər özləri ehtiyyatlı olmalı, ətrafdakıların və özlərinin təhlükəsizliyini təmin etməlidirlər”.


Ekspert Eldəniz Cəfərov bu vəziyyətin qanunla nizamlanaraq cərimə tətbiq olunduğunu qeyd edib: “Yol hərəkəti haqqında qanunun 45-ci maddəsində təsdiq olunub ki, yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlər göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 km/saatdan artıq sürətlə hərəkət etmək və sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə, verilən maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. Bu qanunla belə təsbit olunub və bu qanundakı məsələyə riayət olunmasına yol patrul xidmətinin əməkdaşları nəzarət etməlidirlər.Təəssüf ki, mühərriki söndürmədən durmaq bizim bəzi sürücülərimizin adətinə çevrilib və yaşayış məntəqələrində də biz bəzən bunlara rast gəlirik”.
Belə görünür ki, bu vəziyyətə ciddi nəzarət mümkünsüzdür. Yalnız, sürücülərin diqqəti, məsuliyyəti vəziyyətdən çıxış yolu olaraq görünür.

Nəzrin Sailqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh