Daha bir deputat Cahangir Əsgərovdan narazıdır: "Əhəmiyyət vermir"

Xəbərlər 9 Dekabr 2022 20:17 Oxunub 552
Daha bir deputat Cahangir Əsgərovdan narazıdır: "Əhəmiyyət vermir"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycana uçuşların qiymətləri gəlmə turizmə maneələrdən biri kimi qəbul edilir”.

Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və Strategiya şöbəsinin müdiri Məhəmməd Nuriyev Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə bildirib.

O, bu barədə Avropanın müxtəlif şəhərlərindən qonşu Türkiyə və Gürcüstana aviabiletlərin Azərbaycanla müqayisədə 3-4 dəfə ucuz olmasına münasibət bildirərkən danışıb:

“Belə məsələlər dövlət siyasəti baxımından bir mövzu ətrafında müzakirə olunur. Sosial-İqtisadi İnkişaf Strategiyasındakı yanaşma belədir ki, dövlət şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsi var. Bir dövlət şirkətinə deyil, bir çox dövlət şirkətinə münasibətdə vahid yanaşma tətbiq edilir. Biz dövlət qurumları arasında əlaqələndirici qurum kimi fəaliyyət göstəririk və indiyə qədər bu məsələni hökumətin gündəliyinə qoymuşuq. Ümidvarıq ki, gələcək illərdə bu istiqamətdə turizm sektoru üçün əhəmiyyətli dəyişikliklər baş tutacaq”.

Yeri gəlmişkən, "Buta Airways" şirkəti sərnişinlərin əlavə yükü üçün ödənilən məbləği kəskin artırıb. Bu barədə şirkətin rəsmi internet saytında bildirilir. 

Belə ki, əlavə 23 kq yük üçün ödənilən məbləğ indiyədək olan 20 avrodan hazırda 35 avroya qaldırılıb.

Qeyd edək ki, təyyarə biletlərinin baha olması ilə bağlı məsələyə dəfələrlə toxunulmasına baxmayaraq, heç bir müsbət irəliləyiş müşahidə edilməyib. Hətta mövcud vəziyyətlə bağlı dövlət qurumlarının nümayəndələri belə, etiraz edirlər.

Xatırladaq ki, Hesablama Palatası "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrində qurumun fəaliyyəti ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlamışdı.

Hazırkı qiymətlər gəlmə turizminə zərbə vurursa, bu o deməkdir ki, biz Gürcüstan, Türkiyə kimi ölkəyə turist cəlbində maraqlı deyilik. Yəni turizmdən valyuta axını ölkəyə deyil, sadəcə AZAL-a  lazımdır. 

Nəhayət ki, dövlət qurumlarının iradlarını nəzərə alaraq AZAL qiymət dəyişikliyinə gedəcəkmi?

Bu barədə AZAL-a müraciət etsək ki, qurumdan bu məsələnin perspektivlə bağlı olduğu üçün hazırda konkret cavab verə bilməyəcəklərini bildirdilər. 

Mövzu ilə bağlı millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, təyyarə biletlərinin qiymətlərinin aşağı salınması həm xidmət üçün lazımdır, həm də sərnişinlərin büdcəsi baxımından çox əhəmiyyətlidir:

“Təəssüflər olsun ki, bəzi sahələrdə müəyyən tədbirlər görülməsinə baxmayaraq, AZAL əhəmiyyət vermir və qiymətləri gündən-günə artırır. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. AZAL-ın rəhbərliyi bununla bağlı bir tədbir görməlidir. Nəinki biz deputatlar bu fikirdəyik, bizə zəhmətkeşlərdən məlumatlar, zənglər gəlir ki, “qiymətlər həddindən artıq bahadır, bizim büdcəmizə uyğun deyil, gediş-gəliş zamanı əziyyət çəkirik”.

Dünən isə eşitdim ki, Gürcüstan, Türkiyədə gediş-gəliş qiymətləri Azərbaycandan bir neçə dəfə aşağıdır.  Bu gün "Buta Airways" şirkəti tərəfindən yüklərin qiymətinin artırılması yenə də narazılığa səbəb olacaq. Yüklərin qiymətinin artırılmasını mən qəbul etmirəm. AZAL  rəhbərliyi bunun haqqında ciddi düşünməlidir. Çünki qiymətlərin belə artırılması əsaslandıırlmalıdır.

İzahat verməlidirlər ki, hansı səbəb görə artırırlar. Bu olmadan istənilən vaxtı qiymətləri artırırlar. Mən bunu yolverilməz hesab edirəm. Sözsüz ki, indiyədək quruma xəbərdarlıq olunub. Müvafiq orqanlar müəyyən qaydada araşdırmalar aparmalıdırlar, nöqsanlara yol verilirsə, əhalinin mənafeyi əleyhinə bir iş görülürsə, inzibati tədbirlər görülməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh