Deputatlardan Şuşa yolunun ödənişli olmasına REAKSİYA – “Böyük vəsaitə ehtiyac var”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun Şuşaya çəkilən yeni avtomobil yolunun ödənişli olacağı barədə açıqlaması birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar Şuşa yolunun pullu olmasına qarşı çıxaraq, bunun qəbuledilməz olduğunu bildiriblər.
Bəs, Qarabağın deputatlarının bu məsələyə münasibəti necədir?
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Modern.az-a Şuşaya çəkilən ikinci yolun ödənişli olmasını normal qarşıladığını söyləyib:

“Şuşaya iki yol var. Bu yollardan birinin istifadəsinin ödənişli olması gözlənilir. Yəni bütövlükdə bütün yolların ödənişli olmasından söhbət getmir. Yolların çəkilməsi kifayət qədər böyük vəsait hesabına başa gəlib. Həmçinin yolların inşa və saxlanma xərcləri var. Dünyanın müxtəlif ölkələrində bu təcrübədən geniş şəkildə istifadə olunur. İndi Azərbaycanda belə praktikanın tətbiqinə başlanılıb. Bizdə də dünya praktikasına istinad edilərək oxşar addımlar atılır. Ölkəmizdə belə bir qərarın tətbiq edilməsinə normal yanaşmalıyıq”.
Deputat vurğulayıb ki, sözügedən yol gələcəkdə digər istiqamətləri də əhatə edəcək:
“Bu yolun gələcəkdə Laçın-Xankəndi yoluna qoşulması məsələsi gündəmdədir. Bu baxımdam demək istəyirəm ki, yolun ödənişli olmasına görə ajiotaj yaratmağa, dövəti günahlandırmağa ehtiyac yoxdur. Ora gedib-gələnlər bilir ki, bu yol necə çətinliklə çəkilib. Yolun qorunması üçün böyük vəsaitə ehtiyac var. Dövlətin xərcləri çoxdur. Bu məsələdə millətimiz diqqətli olmalı, vəziyyəti nəzərə almalıdırlar”.

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov isə ödəniş məsələsinin təklif xarakter daşıdığını vurğulayıb.
“Bu məsələ dərhal həyata keçirilməyəcək. Yoldan istifadənin ödənişli olması dünya praktikasında mövcuddur. Şuşaya çəkilən yoldan xarici qonaqlar, turistlər istifadə edəcək.Yəqin ki, onların gəliş-gedişinin ödənişli olması nəzərdə tutulur. Hesab edirəm ki, ödəniş yalnız xarici vətəndaşlara şamil olunacaq, Azərbaycan vətəndaşları pul ödəmədən yoldan istifadə edəcəklər. Məncə, belə olmalıdır", - deputat söyləyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə ödəniş məsələsinə aydınlıq gətirərək deyib: "Məlumdur ki, Şuşa şəhərinə iki avtomobil yolu gedir. Birincisi 2021-ci ildə iki hərəkət zolağı olmaqla 101 kilometr uzunluğunda istifadəyə verilən “Zəfər Yolu”dur. Hazırda bu avtomobil yolu vasitəsilə Şuşaya rahat şəkildə gediş-gəliş təşkil olunub. İkinci avtomobil yolunun tikintisi isə davam edir və 2024-cü ildə işlərin yekunlaşdırılması nəzərdə tutulur. Bu yol tikilən körpülər, tunellər və viadukların hesabına daha qısa və sürətli olacaq. Sadalananlar nəzərə alınaraq təklif edilib ki, gələcək üçün həmin avtomobil yolunun saxlanılması məhz oradan əldə edilən gəlirlər hesabına təmin edilsin. O cümlədən, büdcəyə bu yoldan daxil olan vəsaitlərin hesabına lazımı işlərin aparılması düşünülür".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












