Reklam

“Naxçıvan məsələsində müddətin qoyulmaması mütərəqqi hadisədir” - AÇIQLAMA

Xəbərlər 12 Noyabr 2020 10:30 Oxunub 786
“Naxçıvan məsələsində müddətin qoyulmaması mütərəqqi hadisədir” - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatda ən böyük maddələrdən biri Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır.

Qafqazinfo xəbər verir ki, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət veriləcək.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Beləliklə, İkinci Qarabağ Müharibəsi nəticəsində Naxçıvan da blokadadan azad olundu.

Məlumdur ki, hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. 

Naxçıvanla bağlı əldə edilmiş mühüm razılaşmaya Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc münasibət bildirib.

O, Qafqazinfo-ya açıqlamasında bildirib ki, üç dövlət rəhbərinin imzaladığı razılaşma sənədinə qiymət verərkən Naxçıvanla bağlı müddəanın ora daxil edilməsi Azərbaycanın yüz illər bundan əvvəlki itkilərinin də hazırkı Qarabağ uğrunda müqəddəs savaşımızın nəticələrinə daxil edilməsidir:

“Bu siyasi varislik ənənələrinin qorunub saxlanmasıdır və daha böyük tabloda regional miqyasda düşünmək bacarığıdır. Eləcə də, hesab edirəm ki, qardaş Türkiyənin misilsiz rolu əhəmiyyətli olub. Məhz bu səbəbdən də Rusiya tərəfi Ermənistanı gələcəkdə daha geniş kommunikasiyaların açılmasıyla bölgədə 10 illər ərzində hökm verən statikliyin, yaxud natamam sosial-iqtisadi-siyasi əlaqələrin aradan qaldırılması niyyətinin bariz göstəricisidir.

Açıq demək lazımdır ki, hazırda Ermənistanın hərbi siyasi rejimini xalq ittiham edərkən və meydanlara axışarkən etiraz arqumentlərindən biri də məhz Naxçıvanla bağlıdır. Söhbət Ermənistanın ərazisindən bəlli səbəbdən tarixdə, bizim bəlli səbəbdən itirdiyimiz Mehri dəhlizindən Azərbaycanın quru əlaqəsinə tranzit imkanlarına malik olmasıdır.

Onlar bunu sadəcə nəqliyyat vasitələrinin keçid məntəqələrinin asanlaşdırılması və yaxınlaşdırılması kimi qiymətləndirmirlər.

Onlar hesab edir ki, bu, Ermənistanın ərazisini vətən və dövlət olmaqdan çıxarır və ölü bir əraziyə çevirir. Vaxtilə Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı həmin dəhliz özlüyündə Azərbaycanın ərazisindən kənar düşmüş Naxçıvanla bütövləşməsinin birləşməsinin və bu vasitə ilə Türkiyənin bölgəyə real coğrafi qurşağının meydana çıxmasına imkanlar açır.

Şübhəsiz, burada müxtəlif regional qüvvələrin reaksiyalarının göz önünə gətirə, səbəbləri təhlil edə bilərik. İndiki şəraitdə bu, bizə lazım deyil. Vacib məsələ ondan ibarətdir ki, bu sənəddə Azərbaycan belə bir hüququ əldə edib. 

Şübhəsiz ki, İkinci Qarabağ müharibəsinin nəticəsində Ermənistanın öz müstəqilliyini tamamilə itirməsini görməmək mümkün deyil. Faktiki olaraq, Naxçıvan dəhlizinin işləməsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin orada mühüm rol alması avtomatik olaraq səlahiyyətlərin məhz elə sərhədlər boyu Rusiyada olmasının ifadəsidir.

Belə də başa düşə bilərik ki, ilk zamanlar Ermənistanla Azərbaycan arasında bəlli münaqişə uzun illər yaşandığından düşmənçilik münasibətləri imkan verməzdi ki, həmin müddəalar işləsin.

Bu, müəyyən qədər zaman alan hadisədir. Elə düşünürəm ki, hazırkı dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin, cənab Ərdoğanın və Rusiya rəhbəri Putininin niyyəti regionu bütövlükdə açmaq və onu çalışdırmağı bacarmaqdır.

Hesab edirəm ki, ən mühüm xətlərdən biri Naxçıvan dəhlizidir. Bir sıra təhlilçilər buna diqqəti cəlb etməyə çalışırlar ki, ermənilərin yaşaması ehtimal edilən, İrəvanla əlaqələri üçün düşünülən bir koridor məsələsi var. Bunun da alternativi olaraq Azərbaycanın Naxçıvanla əlaqələri ortaya qoyulubsa, nə üçün burada müddət göstərilməyib?

Ən sadə arqument ondan ibarətdir ki, sülhməramlı qüvvələrin müəyyən bir dövr üçün yerləşməsi ictimai və mülki zəmində toqquşmaların qarşısını almaq niyyətiylə müddət qoyulub. Ancaq düşünürəm ki, Naxçıvanın sərhəd məsələsində konkret zaman müddətinin qoyulmaması özü də mütərəqqi hadisədir.

Bu, əsla Azərbaycanın ziyanına deyil. Çox arzulayırıq ki, ən yaxın zamanda bunun gerçəkləşməsi üçün müvafiq addımlar atılsın. Azərbaycan özünün tarixi bütövlüyünə Naxçıvana birbaşa daha yaxın ərazi üzərindən getməklə də nail olsun”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh