Naxçıvandan keçəcək quru yol xətləri BTQ dəhlizini 343 km qısaldacaq
“Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvanla iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək”.
Avtosfer.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatının 9-cu maddəsinə istinadən aşağıdakı müddəalar qəbul edilib:
- Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir;
- Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir;
- Nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
"Bu maddə, nəqliyyat dəhlizinin nəzərdə tutulması ilə Azərbaycanla birbaşa quru əlaqəsi olmayan Naxçıvan MR və Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət vəd edir.
Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Bu baxımdan ölkənin digər bölgələri ilə quru yolu mövcud olmayan Naxçıvan MR-nın ölkədaxili regionlar ilə iqtisadi əlaqələri əlavə vaxt və xərc yaradırdı.
Naxçıvan ilə quru əlaqələrin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsi və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativ təmin edir.
Bu sazişə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaqdır. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin şah damarına çevriləcəkdir", - .İİTKM-dan bildirilib
Məlumata vurğulanır ki, quru əlaqələrin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud daha bir problem öz həllini tapacaqdır. Postblokada dövründə isə Naxçıvan, bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcəkdir. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaqdır.
"Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğundan 1,7 dəfə təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaqdır. Həmçinin, Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayının 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolaylı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcəkdir”, - qurumun şərhində deyilir.
Naxçıvanla quru əlaqələrinin təmini ilə Naxçıvan MR Azərbaycanın digər regionlarındakı nəqliyyat şəbəkəsinə qoşularaq, öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcəkdir.
"Quru yolun bərpası ilə layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınmasında Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ardahan, İğdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu (TRA2) bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək", - məlumatda deyilir.