Ömür boyu unutmayacağımız 20 YANVAR...

1990-cı ilin 20 Yanvarından 33 il keçir. 33 il! – Bir insan ömrüdür. 33 il öncə doğulan körpələr müstəqil Azərbaycanda ayaq açdı, dil açdı, böyüyüb boya-başa, kamala çatdı. 90-cı illərdə doğulan Vətən övladları evdə-eşikdə, bağçada-məktəbdə, kollecdə-universitetdə 20 Yanvarı öyrəndilər, o illərdə yalınəllə qəsbkarlara qarşı dirənən böyüklərinin həyatını, qəhrəmanlığını əxz elədilər və nəhayət 20 Yanvarın mahiyyətini idrak etdilər. Yadellilərə, işğalçılara qarşı çıxmaq, mübarizlik ruhu aşılandı onlara, başqa sözlə vətəncanlılıq ruhunda böyüdü yeniyetmə və gənclərimiz. Baxmayaraq ki, 20 Yanvardan iki il sonra Xocalı Soyqırımı ilə üzləşdik, şəhər-kəndlərimiz ard-arda işğala məruz qaldı – bunların heç biri xalqımızı sındıra, öz haqlarından geri çəkilməyə vadar edə bilmədi. Üstəlik, 20 Yanvardan iki il öncə 300 minə yaxın soydaşımız Qərbi Azərbaycandan didərgin salınmışdı. Sonrakı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan olan məcburi köçkünlərlə birgə üst-üstə bir milyon soydaşımız, vətəndaşımız öz dədə-baba torpağından zorla çıxarılmışdı... 4-5 il içində ard-arda bu qədər gərginlik, itki, qan-qada yaşamış xalqın ayaqda durması, əyilməməsi, sınmaması, əlbəttə, sıradan hadisə deyil. Bu, bizim xalqımızın əzəmətini, gücünü, cəsarətini və vətəncanlılığını, dövlətcanlılığını göstərir, isbat edir.
Hələ 20 Yanvar qırğınının səhərisi günü respublikamızın o vaxtkı SSRİ-nin paytaxtı Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələn Ümummilli liderimiz Heydər Əliyev həyatına real təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə gur səslə etiraz etdi. Ümummilli lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Dünyaşöhrətli böyük siyasət və dövlət xadiminin bəyanatı, verdiyi siyasi-hüquqi qiymət Dünya Azərbaycanlıları üçün böyük təsəlli oldu, xalqa güc verdi, gələcəyə ümid bəxş etdi, inam aşıladı. – “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”!
Heydər Əliyev Azərbaycan paytaxtına ordu yeridilməsi ilə bağlı (keçmiş) SSRİ-nin rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
O dövrün gerçəkliklərini bilənlər, tarixə bələd olanlar yaxşı başa düşür ki, Ümummilli liderin o günlərdəki bəyanatı, (keçmiş) SSRİ-nin rəhbərliyinin cinayətkarlığını, qəbul edilmiş qərarların əsassızlığını yüksək səslə deməsi böyük cəsarət örnəyiydi! Bəli, siyasi iradə nümayiş etdirən böyük şəxsiyyət 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında açıq ittiham etdi. Bəyanat verərək, əliyalın xalqın qırılmasını humanizmə, hüquqa, demokratiyaya zidd əməl, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
- Ümummilli lider Heydər Əliyevin 20 Yanvar cinayətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti sonrakı illərdə də davam etdi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində 20 Yanvar faciəsin…













