Paşa Səfərov: "Ali Məhkəmə üçün ixtisaslaşmış vəkil bürosunun yaradılması zəruridir"

28 dekabr 1999-cu il tarixdə qəbul olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda vəkilin birinci, apellyasiya və kassasiya instansiya məhkəməsində iştirakı ilə bağlı məhdudiyyətin, yaxud seçimin olmasına dair hər hansı bir müddəa nəzərdə tutulmurdu. Lakin 11 iyun 2004-cü ildə Qanuna vəkilin birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq kassasiya instansiya məhkəməsində həyata keçirilən icraatlara buraxılmasının mümkünlüyü ilə bağlı əlavə ixtisas imtahanı verməsi və bunun üçün müvafiq dərəcə almasına dair müddəa əlavə edildi. Sözügedən əlavənin edilməsində başlıca məqsəd şəxsin Ali Məhkəməyə keyfiyyətli çatımlılığı üçün ixtisaslaşmış vəkillərin mövcud olması və bu sahədə keyfiyyətli hüquqi yardım göstərmələri idi. Təəssüf ki, həmin dövrdə vəkil sayının azlığı, o cümlədən yeni qəbul olunmuş Qanunun tətbiqi ilə bağlı müəyyən nəzəri-təcrübi çətinliklərin mövcudluğu sözügedən müddəanın 1 ildən sonra, yəni 14 iyun 2005-ci ildə Qanundan çıxarılması ilə nəticələndi.
Hazırda sözügedən həmin müdəanın yenidən Qanuna daxil edilməsinə ehtiyac vardır, çünki, istər vəkil sayının bir neçə dəfə artımı, istərsə də qanunvericilikdə kassasiya instansiya məhkəməsinə çatımlılıqda dəqiqliyin və hüquqi əsaslandırmanın zəruri olması ilə bağlı dəyişikliyin edilməsi bu məsələni aktual edir. Lakin qeyd edilən müddəanın Qanuna daxil edilməsinə və tətbiqinə başlanmasınadək hesab edirəm ki, Ali Məhkəmə üçün ixtisaslaşmış Vəkil Bürosunun yaradılmasına ehtiyac vardır.
Nəzərə alaq ki, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. Göstərilən müstəsna dairəyə bütün vəkillər aiddir və hətta vəkil andı içmiş şəxs fəaliyyətinə başladığı andan bu müstəsna dairəyə daxil olur. Lakin təcrübədə yeni fəaliyyətə başlamış vəkilin təcrübəli vəkillə müqayisədə kassasiya və əlavə kassasiya şikayətlərinin hazırlanmasında müəyyən çətinliklər çəkdiyinin şahidi oluruq.
Eyni zamanda görünən odur ki, qanunvericilik kassasiya instansiya məhkəməsinə çatımlılıq zamanı keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün müvafiq əlavə və dəyişikliklərin edilməsində maraqlıdır və biz bunu Mülki Prosessual Məcəlləyə əlavə edilmiş 3 saylı Əlavədə (kassasiya şikayətinin forması) açıq-aydın görürük.
Həmçinin, unutmaq lazım deyil ki, kassasiya instansiya məhkəməsi son instansiya məhkəməsidir və burada şəxsin ixtisaslaşmış, peşəkar vəkilin hüquqi yardımından bəhrələnməsi daha məqsədəmüvafiqdir.
Məhz bu səbəblərdən sözügedən Vəkil Bürosunun yaradılması aktual mövzuya çevrilir.
Hesab edirəm ki, yaradılacaq Vəkil Bürosunda təmsil olunan vəkillər üçün müəyyən şərtlər mövcud olmalı, daha çox nəzəri və təcrübi biliyə malik, vəkillik fəaliyyətində ən azı 5 il stajı olan vəkillərin sözügedən Vəkil Bürosuna üzv ola bilmələri üçün əlavə ixtisas imtahanı vermələri nəzərdə tutulmalıdır.
Ali Məhkəmə üçün Vəkil Bürosunun mövcudluğu dünyada geniş tətbiq olunan bir təcrübədir. Məsələn, Pakistan İslam Respublikasının təcrübəsinə nəzər yetirsək, görərik ki, Pakistan Vəkil Konsulluğunun tabeliyində olan Ali Məhkəmə Vəkil Assosasiyası mövcuddur və Assosasiya ilə bağlı Vəkil Konsulluğu 1989-cu ildə Qaydalar qəbul etmişdir. Maraqlı hallardan biri ondan ibarətdir ki, həmin Qaydalarda Assosasiyanın vəzifələrinə “ədalət mühakiməsinin həyata keçirilməsi üçün Ali Məhkəməyə köməklik göstərmə” kimi müddəa da daxil edilmişdir.
Beləliklə, vəkillik fəaliyyəti vəkillərin müxtəlif məhkəmə instansiyalarına buraxılma dərəcələrinə uyğun olaraq həyata keçirilənədək şəxsin kassasiya instansiya məhkəməsinə keyfiyyətli çatımlılığı, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsinə kömək məqsədilə Vəkillər Kollegiyasının nəzdində Ali Məhkəmə üçün ixtisaslaşmış vəkil bürosunun yaradılması zəruridir.
Paşa Səfərov
Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü
Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri













