Reklam

Paşinyanın son cəhdləri də iflasa uğrayır

Xəbərlər 3 Noyabr 2020 21:30 Oxunub 988
Paşinyanın son cəhdləri də iflasa uğrayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistan baş naziri Nikol Paşinyan xarici ölkələri dəstəyə çağırır. Zatən bu onun ən yaxşı bacardığı işdir. Hansısa ölkə başçısına telefonla zəng etmək, hansısa dövlət xadiminin qapısının önündə yatmaq, hansısa prezidentə məktub ünvanlamaq – bunlar hamısı məhz Ermənistanın baş nazirinin timsalında cəmləşən xüsusiyyətlərdəndir.

İndi “kiçik qardaşı” Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə sosial şəbəkə vasitəsilə etdiyi müraciətdən sonra Paşinyan “Facebook” fenomeninə çevrilmək qərarına gəlib. O, bu gün üç dildə yenə Azərbaycanın terrorçu qruplaşmalardan istifadə etdiyini bildirməyə çalışıb. Hətta irəli gedərək bundan bölgədə nəinki xristianların, eləcə də yəhudi və müsəlmanların zərər görəcəyini bildirib.

Belə desək, “meymun baxar güzgüyə, adın qoyar özgəyə” məsəli yada düşür. Bəli, məhz Paşinyanın hər müsahibəsində Suriyadan Azərbaycana gəlmiş terrorçularla və ya Türkiyə Ordusu ilə döyüşdüklərini vurğulamaq istəyi meymunluqdan başqa bir şey deyil. Təəssüflər olsun ki, Ermənistan tərəfinin muzdlu ərəblərlə bağlı yaydığı saxta videolara beynəlxalq ictimaiyyət də tez inanır. Və yaxud azərbaycanlı əsiri danışdıraraq onun dilindən “türklər bizə təlim keçirdi” sözünü əllərində bayraq edirlər. Bu bədbəxtlər anlamırlar ki, Azərbaycan heç vaxt Türkiyə Ordusu ilə birgə təlim keçdiyini gizlətməyib və bunu hər iki ölkə arasında müdafiə sahəsində olan əməkdaşlıq müqaviləsi ilə əlaqələndirib.

Deyir, qonşu mənimdir, kəramətinə də bələdəm. Beynəlxalq ictimaiyyət bilməyə bilər. Amma Ermənistan rəhbərliyinin illərdir, saxta informasiyalarını görən Azərbaycan xalqından yaxşı erməni siyasi elitasını tanıyan olmaz.

Muzdlu məsələsinə qayıtdıqda, Paşinyan “Rossiya-1” telekanalına müsahibəsində Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.

“The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir, bununla İsraili də bu münaqişəyə cəlb etməyə çalışır.

Son statuslarına gəlsək, sonuncu cümləsində Vyanada baş tutan terroru Qarabağa calayır. Bildirmək istəyir ki, bu terrorun yeri, məmləkəti yoxdur, hamı üçün təhlükədir. Amma özünün ordusunun döyüşməkdən qaçdığı meydanda önə PKK terrorçularını verdiyini unudur. Ən əsası, özündən başqa hamıda günah axtaran Paşinyan Azərbaycan Ordusunun hər hansısa muzdlulara ehtiyacı olmadığını bilə-bilə bunu dilinə gətirməkdən çəkinir.

Məhz onun siyasətdə qalmasının yeganə yolu da bu yalanlardan keçir. Qarabağ münaqişəsində məğlubiyyət onun erməni xalqı tərəfindən siyasət aləmindən qovulması demək olacaq. Ona görə də Paşinyan son variantlarını işə salıb. Görünən odur ki, beynəlxalq ictimaiyyət də artıq Azərbaycanın haqlı mübarizəsini qəbul etdiyindən, Ermənistanın bütün istəkləri rədd edilir, ölkəmizə birbaşa dəstək olmasa da, önümüzə çəpər çəkən də olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh