Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”

"Azərbaycan xalqı yeni tarixində işğala məruz qalmış bir xalqın taleyini yaşadı. Xocalı faciəsini yaşayan, başına ağır müsibətlər gətirilən bir xalq oldu. Baxmayaraq ki, beynəlxalq qurumlar tərəfindən çoxlu bəyanatlar səsləndirilirdi, dörd qətnamə qəbul olunmuşdu, ancaq kiçik bir Ermənistanı belə həmin qətnamələrin tələblərini yerinə yetirməyə məcbur edə bilmədilər. Daha doğrusu, deyərdim ki, istəmədilər".
Avtosfer.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsi də daxil olmaqla bütün qətnamələr sadəcə kağız üzərində qalıb.
"Ermənistana işğala son qoyması ilə bağlı çağırışlar isə yalnız çağırış xatirinə edilirdi. Dünyanın özü tərəfindən qəbul edilmiş beynəlxalq norma və qanunlar Azərbaycanın haqq işinə gəldikdə ikili standartlara məruz qalırdı. Onlar həm kar, həm kor, həm də lal oldular.
Əlbəttə, belə bir vəziyyətdə Ermənistan kimi hiyləgər bir dövlətlə üz-üzə qalan, ərazisinin 20 faizi işğal altında olan bir xalq bu vəziyyətdən yalnız özü çıxmalı, çıxış yolunu özü tapmalı idi".
Ehtiyatda olan olan polkovnik vurğulayıb ki, tarixdə işğallarla bağlı çoxlu faktlar var, amma işğalçıları darmadağın edərək ərazi bütövlüyünü bərpa edən xalqların sayı çox azdır:
"Ümumiyyətlə, tarixdə müxtəlif xalqlar tapmaq olar. Ancaq müdrik xalqa, müdrik və qüdrətli liderliyə malik xalqlara az rast gəlinir. Belə xalqlar öz rəhbərlərinin ətrafında sıx birləşərək haqq işlərini bütün dünyaya sübut edə bilirlər.
Bu da Azərbaycanın yeni tarixinə yazılan bir səhifədir. Bu gün müdrik rəhbəri, Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi bir sərkərdə, bir rəhbər, bir liderə malik olan xalq onun ətrafında birləşə bildi, onu dəstəklədi və onun verdiyi əmrləri, tapşırıqları, qəbul etdiyi qərarları yerinə yetirdi.
Beləliklə, bizim tariximizə artıq işğal altında qalan bir xalqın tarixi deyil, işğalçıları darmadağın edib qələbə qazanan, ərazi bütövlüyünü bərpa edən bir xalqın tarixi yazıldı.
Vətən müharibəsinə qədər biz hər il torpaqlarımızın işğalını çox ağır hisslərlə xatırlayırdıq. Laçının işğalı, Şuşanın işğalı və digər rayonlarımızın işğalı ilə bağlı tarixləri qeyd edirdik. Bunları ona görə qeyd edirdik ki, unutmayaq, həmin ağrılı tarixi səhifələri yaddaşımızda yaşadaq.
Bütün bunlara baxmayaraq, xalqımız sınmadı. Xalqımızı sındırmaq üçün çoxsaylı cəhdlər göstərilsə də, Azərbaycan xalqı əyilmədi. Azərbaycan xalqı birləşdi. Azərbaycan xalqı necə bir xalq olduğunu bütün dünyaya sözlə deyil, əməli ilə, qanı ilə, qəhrəmanları ilə və qələbəsi ilə göstərdi.
Əlbəttə, Vətən müharibəsinin nəticəsində biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən deyərdim ki, bunun anonsunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ Aprel döyüşlərindən sonra vermişdi.
Aprel hadisələrindən sonra cənab Prezident bildirmişdi ki, Azərbaycan Ordusu qısa müddət ərzində işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Ali Baş Komandan bu bəyanatı ilə rəhbərlik etdiyi və inkişaf etdirdiyi Silahlı Qüvvələrin hazırlıq səviyyəsi barədə öz xalqına açıq və aydın raport verdi.
Sonra isə, əlbəttə, ermənilərin, xüsusən də Paşinyan hakimiyyətə gəldikdən sonra yeni ərazilərin işğalı ilə bağlı, demək olar ki, həyasızcasına ifadələri bir-birinin ardınca gəlirdi. Bütün bu ifadələr onu göstərirdi ki, Ermənistanın mövqeyi Paşinyan hakimiyyətə gəldikdən sonra da dəyişməyib və Azərbaycan öz haqq işini ancaq silah gücü ilə həyata keçirə bilər.
Belə də oldu. Azərbaycan, Azərbaycan Ordusu, Azərbaycan oğulları, Azərbaycan xalqı – hamısı bir yumruq kimi birləşdi. Bizim qələbəmizin rəmzi də yumruqdur, birliyi ifadə edir. Biz işğalçı qüvvələri darmadağın edib, qısa bir zamanda, 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduq.
Ancaq Dağlıq Qarabağın və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazinin bir hissəsində Azərbaycan qanunları hələ tam işləmirdi. Orada artıq separatçılar özlərinə bir yuva qurmuşdular və açıq-aydın silahlanırdılar. Əlbəttə, burada rusların da əli var idi.
Açıtma olan bir xəmirə bənzər şəkildə, demək olar ki, gündən-günə şişirdi. Onların postları gündən-günə artırdı. Silahlı qanunsuz dəstələri də gündən-günə artırdı. Onların silahları kontrabanda yolu ilə Ermənistandan Dağlıq Qarabağa gətirilirdi. Bunun içində ağır silahlar da var idi.
Təbii ki, bütün bunlar Azərbaycanın diqqətindən yayına bilməzdi. Hətta bizim aylarla davam edən ekologiyaya, terrorizmə və talançılığa qarşı etirazımızın nəticəsi olaraq, mədənlərə nümayəndələrin, jurnalistlərimizin buraxılması ilə bağlı haqlı tələbimiz də, əlbəttə, yerinə yetirilmədi.
Azərbaycan artıq öz sözünü Ermənistanla Xankəndiyə gedən yolun üstündə sərhəd postunu qurmaqla, öz iradəsini və ciddiliyini göstərdi".
Ş.Ramaldanov onu da qeyd edib ki, Azərbaycan baxmayaraq ki, bu ərazi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazi idi, içəridə və ətrafında baş verən bütün prosesləri daim müşahidə edirdi:
"Biz bilirdik ki, gec-tez o torpaqları da, əgər biz separatçıların yuvasını məhv etməsək, onların kökünü kəsməsək, bu ərazi Azərbaycanın yeni bir münaqişə ocağına çevrilə bilər. Orada gedən proseslərin gələcəkdə hansı təhlükələri törədə biləcəyi artıq bəlli olurdu.
Əlbəttə, digər tərəfdən də Azərbaycan qələbə çalsa da, Rusiya qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə, Azərbaycan ərazisində qanunları və tam suverenlik tətbiq olunmurdu.
Belə olduğu halda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti tarixi əmrini verdi və antiterror əməliyyatı və tədbirləri həyata keçirildi. Tarixə yazılan bu tədbirlər bir daha Azərbaycan dövlətinin qüdrət və iradəsini, Azərbaycan Ordusunun gücünü, qüdrətini və peşəkarlığını bütün dünyaya sübut etdi.
Böyük bir ərazidə, otuzdan yuxarı mövqedə, dörd yüz kilometrə yaxın təmas xəttində Azərbaycan Ordusu bir sutkadan da az müddətə həmin separatçı, qanunsuz, terrorçu silahlıları darmadağın etdi, tərksilah etdi, ağ bayraq qaldırmağa məcbur etdi və separatçıların yuvasını darmadağın edərək, demək olar ki, kökünü kəsdi.
Vətən müharibəsindən öncə və ondan sonra özlərinə məxsus ifadələr işlədənlərdən birinin, əlbəttə, çayla bağlı ifadələri də var idi. Onlar deyirdilər ki, biz Bakıya gəlib çay içəcəyik. Doğrudan da, cənab Prezidentin dediyi kimi, separatçı rejimin rəhbərlərinə Bakıda çay içmək qismət oldu. Onlar öz arzularına çatdılar. Ancaq dustaqxanada.
Müdrik xalq olan bir ölkə, müdrik rəhbəri olan bir ölkə öz haqq işini həyata keçirdi və separatçı rejimi də antiterror tədbirləri nəticəsində məhv edərək suverenliyini Azərbaycanın bütün ərazisində bərpa etdi.
Antiterror tədbirləri artıq demək olar ki, Azərbaycana aid olan bütün ərazidə suverenliyi bərpa edərək həm ərazi bütövlüyünün, həm konstitusion quruluşun, həm də suverenliyin bütün ərazilərə şamil olunmasını təmin etdi.
Bununla da Azərbaycan xalqı həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində canından keçən qəhrəmanlarımızın, sağlamlığını itirsə də tapşırığı yerinə yetirən qazilərimizin və digər Vətən müharibəsi və antiterror tədbirlərinin iştirakçılarının qəhrəmanlığı nəticəsində bir daha tam qələbə çalaraq öz ərazilərini separatçılardan təmizləməyə nail oldu".
Hərbi ekspert əməliyyatın xüsusiyyətlərindən də danışdı:
"Biz bilirdik ki, bu əməliyyat zamanı çox diqqətli olmalıyıq və bu əməliyyatı, belə deyək, zərgərlik dəqiqliyi ilə aparmalıyıq. Çünki beynəlxalq qurumlar və Azərbaycana qarşı işləyən qüvvələr Azərbaycanın bu antiterror tədbirlərindən öz çirkin əməlləri üçün istifadə etməyə şərait və imkan tapmamalı idilər.
Azərbaycan Ordusu bu antiterror tədbirlərini elə bir dəqiqliklə keçirdi ki, demək olar ki, dinc əhalinin, erməni nümayəndəsinin burnu belə qanamadı. Heç bir dinc infrastruktura zərər toxunmadı.
Əlbəttə, Azərbaycanın apardığı antiterror tədbirlərinin təhlükəsizlik baxımından, dinc əhaliyə təhlükə yaratmadan həyata keçirilməsi, demək olar ki, tarixdə yeganə bir nümunə, fakt kimi qalacaqdır.
Ona görə ki, belə silahlanmış və sıx yaşayış məntəqələri var idi. Çünki biz bilirik ki, erməni qanunsuz silahlıları və terrorçuları mövqelərini yaşayış məntəqələrinin yaxınlığında və ya birbaşa onlara bitişik şəkildə qururdular. Bunların məqsədi də ondan ibarət idi ki, Azərbaycan tərəfindən atılan hər hansı bir addım məhz dinc əhali arasında itkilərə və dinc infrastrukturun dağıdılmasına gətirib çıxarsın.
Azərbaycan Ordusu daim bu antiterror tədbirlərini keçirmək üçün, demək olar ki, hazırlıq görürdü və bütün hədəflər, hədəflərə ayrılan atəş vasitələri çox böyük peşəkarlıqla seçilirdi.
Həmin hədəflər ki, evlərə və dinc əhaliyə yaxın idi, orada dəqiq vuran, Azərbaycanın arsenalında olan müasir atəş vasitələrindən istifadə olundu. Digər klassik atəş vasitələrindən isə dinc infrastrukturun və əhalinin zərər görməyəcəyi məsafədə, belə deyək, təhlükəsizliyi təmin edərək istifadə olunurdu.
Hətta buna qədər də hər şey çox dəqiqliklə ölçülmüşdür. Ona görə də antiterror tədbirləri Azərbaycan hərb tarixinə zərgərlik dəqiqliyi ilə aparılan bir tədbir, bir əməliyyat kimi, daim Azərbaycanın hərb tarixini zənginləşdirən bir fakt kimi tarixə yazılacaqdır.
Əlbəttə, antiterror tədbirləri və bu tədbirlərin iştirakçıları, demək olar ki, Vətən müharibəsinin davamçıları kimi, bir daha qələbə bayrağını işğalçıların yuvasında qaldırmağa nail oldular və əməliyyat Ali Baş Komandanın müraciəti ilə yekunlaşdı".
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO











