Banner

"Protean Construction" 500 milyon manatdan çox tenderlərin qalibi olub

Xəbərlər 4 Noyabr 2026 17:24
"Protean Construction" 500 milyon manatdan çox tenderlərin qalibi olub
WhatsApp kanalımıza abunə olun

İşğaldan azad edilən ərazilərin bərpası layihələri çərçivəsində keçirilən böyük tenderlərdən ikisinin qalibi "Protean Construction" Açıq Səhmdar Cəmiyyəti (ASC) olub.

Avtosfer.az dövlət satınalmaların vahid internet portalına (etender.gov.az) istinadən bildirir ki, 2026-cı ilin noyabrın 2-də tamamlanan tenderlərin nəticəsinə görə, adıçəkilən şirkət ümumi dəyəri təxminən 142 milyon manat olan 2 tenderi udub.

Tenderlərdən biri Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün keçirilib. Bu tenderin dəyəri 68,5 milyon manat təşkil edib.

İkinci tender isə Qubadlı rayonu, Xanlıq kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işləri ilə bağlıdır. Onun dəyəri 73,4 milyon manatdır.

"Protean Construction" ASC Azərbaycanda fəaliyyət göstərən, irihəcmli dövlət infrastruktur layihələrində tez-tez qalib gələn şirkətlərdəndir.

Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri, həmçinin su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşıb.

"Protean Construction" 500 milyon manatdan çox tenderlərin qalibi olub

Şirkət son 2 ildə dövlət qurumlarının təşkil etdiyi bir neçə böyük tenderin qalibi olub. Məlumatlara əsasən, 2024-cü ilin dekabrından indiyə qədər 10 tenderi udub. Tenderlərin 7-nin dəyəri 10 milyon manatdan, ikisinin dəyəri isə 50 milyon manatdan yüksəkdir.

Son iki tenderdən öncə şirkət 2025-ci ilin oktyabrında “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi işlərinin icrasını həyata keçirmək hüququnu əldə edib. Şirkət bu layihə üzrə keçirilən 38,5 milyon manatlıq tenderi udub.

"Protean Construction" 500 milyon manatdan çox tenderlərin qalibi olub

"Protean Construction" ASC 2025-ci ilin dekabrında Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, habelə qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində 12 milyon manatlıq, 2026-cı ilin iyununda Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin yağış və sel sularının idarə olunması layihəsi çərçivəsində tikinti işləri üzrə 11,6 milyon manatlıq, 2026-cı ilin sentyabrında isə Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 26,6 milyon manatlıq tenderin qalibi olub.

"Protean Construction" ASC-nin rəsmi reyestr məlumatlarına əsasən, şirkətin səhmlərinin real sahibləri (benefisiarları) və səhmdarların tam siyahısı açıq mənbələrdə ictimaiyyətə açıqlanmır. Şirkətin rəsmi dövlət qeydiyyatı məlumatlarında qanuni təmsilçi olaraq Məhəmməd Ağca oğlu Təhməzov qeyd edilib.

"Protean Construction" 500 milyon manatdan çox tenderlərin qalibi olub

Onu da bildirək ki, "Protean Construction" ASC SSRİ dövründə mövcud olmuş "Azərneftkimyazavodtəmirtresti”nin 6 nömrəli Təmir-Tikinti İdarəsinin varisidir.

1987-ci ildə bu idarənin bazasında “Azərneftkimyazavodtəmirtresti”nin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsi yaradılıb. 2001-ci ildə yeni idarənin bazasında “Tikinti-Quraşdırma Azərneftkimyazavod-2” Açıq Səhmdar Cəmiyyəti təsis olunur.

2017-ci ilin fevralında isə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azərneftkimyazavod-2” ASC-nin bazasında “Protean Construction” ASC yaradılıb.

Şirkət bu yaxınlarda ADSEA-nın Qubadlıda həyata keçirilən yeni tenderinin də qalibi olub.

Bununla da şirkətin son 3 ildə imzaladığı müqavilələrin ümumi məbləğı yarım milyard manatı keçib.

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh