Banner

“Respublikanski”nin qarşısında parkinq dərdi - Əziyyət çəkən yenə də paytaxt sakinləridir - FOTO - VİDEO

Xəbərlər 4 İyun 2021 20:55 Oxunub 3312
“Respublikanski”nin qarşısında parkinq dərdi  - Əziyyət çəkən yenə də paytaxt sakinləridir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün zəruri addımlar atılır. Avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür.

Lakin müşahidələr göstərir ki, küçələrin əksəriyyətində yaranan tıxacların səbəbi avtomobillərin düzgün park edilməməsidir. Məhz bu kimi səbəblərə görə paytaxtda nəqliyyat vasitələrini idarə etmək günbəgün çətinləşir. Avtomobilini harada gəldi saxlayıb gedənlər arxayındırlar ki, sonra maşını yerində tapacaqlar.

Yasamal rayonunun Heydər Hüseynov küçəsində, əhali arasında “Respublikansi” kimi tanınan Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxananın qarşısında nəqliyyatın sıxlığını müşahidə etdik. Həmin ərazidə səkidə avtomobillərin park olunmasının qarşısının alınması istiqamətində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol kənarına dirəklər vurulub. Bu qadağa dirəklərinə baxmayaraq, yolun həm sağında, həm də solunda avtomobillər cərgə ilə qanunsuz park edilirdi. Hətta küçənin kənarı qanunsuz park edilmiş avtomobillərlə dolu olduğu üçün bəzi sürücülər nəqliyyat vasitəsini elə birbaşa həmin qadağan olunan səkiyə qaldırırlar. Nəticədə əziyyət çəkənlər yenə də vətəndaşlar olur. Yoldakı bu xaosu nizama salmaq cəhdləri isə gözə dəymirdi.

Vətəndaşların əsas narazılıqları isə bu ərazilərdə BNA tərəfindən qadağanedici dirəklərin vurulmasıdır. Apardığımız sorğu nəticəsində bu qənaətə gəldik ki, sürücülərin əksəriyyəti xəstəxanaya xəstə gətirənlərdir. Onlar avtomobillərini saxlamaq üçün müvafiq yerin olmamasından şikayətlənirlər. Xəstə sahibləri təklif edirlər ki, qadağanedici nişanları əks etdirən bu dirəkləri bir qədər səkinin ortasına çəkilsə ərazidə parklanma üçün yer olar, sürücülər də avtomobilləri ilə yol kənarını zəbt etməzlər. Bununla da nəqliyyatın hərəkətininin tənzimlanməsinə maneələr yaranmaz.

Məsələn sürücü Süleyman Nəbiyev Respublika Klinik Xəstəxanasına xəstə gətirdiyini deyir, ancaq avtomobilini harada park edəcəyini bilmir: “Aidiyyəti qurumlardan xahiş edirəm ki, bununla bağlı bir tədbir görülsün.”

Onu da qeyd edək ki, çəkiliş apardığımız zaman “parkovşiklər” yenə də “iş başında” idilər.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “İki sahil”ə bildirib ki, dəmir dirəklər həmin ərazilərdə ona görə yerləşdirilib ki, sürücülər maşınlarını səkiyə çıxarmasınlar: “Həm də bu dirəklər yol-nəqliyyat hadisəsi zamanı maşınlar səkiyə çıxıb orada hərəkət edən piyadalara maneə olmasınlar deyə təhlükəsizlik baxımından quraşdırılıb. Dünyanın bir çox ölkələrində də bu texnologiyanı tətbiq edirlər. Amma bəzi sürücülər xəstəxanaya giriş hissəsinin yanından maşınları çıxarıb həmin səkidə park edirlər. Sonda da bu cür mənzərə yaranır. Ümumiyyətlə, bir çox xəstəxanaların, klinikaların qarşısında, bu cür mənzərə hökm sürür. Xəstəxanalar tikilərkən Azərbaycanda bu qədər avtomobil olmayıb deyə indi belə bir vəziyyət yaranıb. Ya həmin xəstəxanalar başqa yerlərə köçürülməlidir, ya da onların ətrafında parklanma üçün şərait yaranmalıdır ki, oraya gələn insanlar maşınlarını normal şəkildə park edə bilsinlər. Əfsuslar olsun ki, bu şərait yoxdur. Təəssüflə qeyd etməliyəm ki, yuxarıda qeyd etdiyim məqamlar təkcə keçmişdə tikilən xəstəxanalarda müşahidə olunmur. Yeni inşa edilən xəstəxanaların, klinikaların ətrafında da eyni vəziyyət müşahidə edilir. Özəl klinika olsa da, düşünmək lazımdır ki, ora gələn insanlar da maşınla gəlirlər. Haradasa maşın park edilməlidir. Parklanmanı heç vaxt nəzərə almırlar. Nəticədə vətəndaşlar da bu cür əziyyətlə üzləşir və qaydaları pozmaq məcburiyyətində qalırlar.”

Yaranmış vəziyyətə uyğun olaraq dayanma-durma qaydalarını pozan sürücülər küçədə nəqliyyatın hərəkətinə ciddi şəkildə təsir edir, həmin ərazidə yaşayan, mənzil, iş başına vaxtlı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatlığına və haqlı narazılıqlarına səbəb olurlar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh