Banner

“Şəhərlər xalqın kimliyini və dövlət suverenliyini formalaşdırır” - Deputat

Xəbərlər 23 Dekabr 2025 12:33
“Şəhərlər xalqın kimliyini və dövlət suverenliyini formalaşdırır” - Deputat
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır.

Bəs, 2026-cı ildə Azərbaycanda bu istiqamətdə hansı yeniliklər gözlənilir? Eyni zamanda, növbəti il ölkəmizi hansı xoş hadisələrlə qarşılayacaq?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Medialive.az-a açıqlama verib.

O bildirib ki, prezidentin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi dərin strateji mahiyyət kəsb edir:

“Müasir dünyada şəhərsalma, artıq təkcə sosial-iqtisadi inkişafın göstəricisi deyil, milli təhlükəsizliyin, dövlət suverenliyinin və milli özünəməxsusluğun qorunmasının əsas alətlərindən biri kimi çıxış edir. Şəhərlər necə qurulursa, cəmiyyət də elə formalaşır. Bu baxımdan, məkan siyasəti dövlətin öz vətəndaşına, bütövlükdə isə cəmiyyətin gələcəyinə münasibətinin açıq göstəricisidir.
Milli təhlükəsizlik anlayışı ənənəvi olaraq hərbi güc, ərzaq, logistika və enerji təhlükəsizliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və diplomatik imkanlarla ölçülür. Lakin XXI əsrdə bu anlayışın coğrafiyası genişlənib. Plansız urbanizasiya, sosial təcridolunma, nəzarətsiz tikinti və funksional baxımdan zəif şəhərlər birbaşa daxili sabitliyi təhdid edən amillərə çevrilir”.

Deputat qeyd edib ki, Azərbaycanın son illərdə şəhərsalma sahəsində apardığı islahatlar təsadüfi deyil:

“Yeni yaşayış massivlərinin planlı şəkildə salınması, infrastrukturun mərkəzləşdirilmiş idarə olunması, nəqliyyat və kommunikasiya xətlərinin vahid konsepsiya əsasında qurulması dövlətin real məkan üzərində nəzarətinin gücləndirilməsinə xidmət edir. 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması bu nəzarətin institusional səviyyəyə qaldırılması deməkdir. Çünki idarə olunmayan məkan zamanla idarə olunmayan sosial proseslər yaradır. Qloballaşma dövründə təhlükəsizlik yalnız fiziki deyil, mədəni və identik xarakter daşıyır. Standartlaşdırılmış, milli xüsusiyyətlərdən uzaq, “dağınıq” şəhərlər xalqın tarixi yaddaşını zəiflədir, məkanla kimlik arasındakı bağı qırır. Son illər ölkəmizin memarlıq siyasətində bu təhlükə ciddi şəkildə nəzərə alınır”.

Parlamentari əlavə edib ki, dövlət açıq şəkildə göstərir ki, Azərbaycan şəhərləri anonim məkanlar deyil, milli tarix, mədəni kod və dövlətçilik ənənələri daşıyan canlı orqanizmlərdir: 

“Son illər həyata keçirilən layihələrdə milli memarlıq elementlərinin müasir şəhərsalma ilə uzlaşdırılması təsadüfi seçim deyil. Bu, mədəni təhlükəsizlik strategiyasının tərkib hissəsidir. 2026-cı il bu baxımdan memarlığın sadəcə estetik deyil, ideoloji və identik yük daşıdığını bir daha ön plana çıxarır. Şəhərsalma və Memarlıq İlinin elan olunması Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri fonunda da xüsusi məna kəsb edir. Bu ərazilərdə şəhərlərin yenidən qurulması, təkcə dağıntıların aradan qaldırılması deyil, dövlət suverenliyinin məkan üzərində bərpasıdır. Müasir təhlükəsizlik anlayışında vətəndaş passiv obyekt deyil, aktiv iştirakçıdır. Yaşadığı mühitə sahib çıxan, ictimai məkanlarla identifikasiya olunan insan radikalizmə, destruktiv təsirlərə və sosial parçalanmaya daha az meylli olur”.

Sonda müsahib vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” vətəndaşla dövlət arasında yeni münasibət modeli yaradacaq:

“Açıq ictimai məkanlar, funksional şəhər infrastrukturu, əlçatan və təhlükəsiz mühit vətəndaşın şəhərlə emosional bağını gücləndirir. Bu isə həm də milli təhlükəsizliyin sosial dayaqlarını möhkəmləndirir. 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan olunması urbanistik təşəbbüsdən daha çox, dövlətçilik təşəkkürünün təzahürüdür. Milli təhlükəsizlik anlayışı sərhədlərdən deyil, küçələrdən, meydanlardan, yaşayış massivlərindən başlayır. Milli özünəməxsusluq isə təkcə kitab və muzeylərdə yox, kəndlərin, qəsəbələrin, şəhərlərin ruhunda yaşayır. Azərbaycan bu həqiqəti anlayan və şəhərsalmanı milli strategiyanın ayrılmaz hissəsinə çevirən dövlət kimi öz yolunu və inkişaf strategiyasını dəmir məntiqlə formalaşdırıb”.

Oxunub 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh