Banner

Tənqid olunan yol ilə bağlı qurumlardan REAKSİYA

Xəbərlər 26 Yanvar 2023 13:29 Oxunub 994
Tənqid olunan yol ilə bağlı qurumlardan REAKSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində təmir işləri aparılıb.

Avtosfer.az xəbər verir ki, sözügedən yolda daş plitələr sökülərək asfalt-beton örtüyü ilə əvəz olunub. Şəhərin piyada hərəkətinin intensiv olduğu ərazisində görülən işlərlə bağlı bir sıra tənqidi fikirlər səsləndirilib.

Sözügedən yolda asfalt örtükdənsə daş plitələrin şəhər memarlığına daha çox uyğunlaşdığı, asfalt örtüyün piyada təhlükəsizliyi üçün əlvrişsiz olduğu, piyada zolaqlarının azlığı və s. kimi tənqidlər irəli sürülüb.

Bəziləri isə hələ yaxın keçmişdə bu yolun təmiri ilə bağlı layihəyə 127 mln manat xərcləndiyi bildirərək yolun dayanıqlığını tənqid edib.

Nəqliyyat sahəsi üzrə ekspert, “İnsan yönümlü şəhərlər” səhifəsinin rəhbəri Anar Əliyev açıqlamasında bildirdi ki, avtomobil yolunun hərəkət hissəsinə adətən asfalt örtüyü vurulur. Daş örtüyü daha çox tarixi küçələrdə, sürətin yüksək olmadığı küçələrdə, eyni zamanda qışda sürüşmə ehtimalı olan yerlərdə tətbiq olunur. Azadlıq prospektinin sözügedən hissəsinin asfaltla örtülməsi xüsusi təəccüb doğurmur.

Lakin ekspert burada ortaya çıxan problemə də diqqət çəkib: “Burada əsas problem odur ki, Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişmədə piyada keçidi mövcud deyil. Daş örtüyü olan zaman, sürücülər istər-istəməz sürəti aşağı salırdı, piyadalar da keçid olmasa belə, birtəhər yolu keçirdi. Nəzərə alsaq ki, burada universitet (ADNSU), ticarərt mərkəzi (28 Mall), aktiv piyada hərəkəti olan Dəmiryol vağzalının meydanı və digər obyektlər var, burada sıx piyada hərəkəti müşahidə olunur və sözügeden küçələrin kəsişməsində mütləq bir piyada keçidi təşkil edilməlidir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli  açıqlamasında əvvəlcə tənqidlərə cavab verib. O bildirib ki, burada cəmi 100-130 metrlik hissədə daha əvvəl daş örtük idi və sökülüb dağılmışdı. Nəticədə, həm avtomobillər, həm də vətəndaşlar normal sürətlə hərəkət edə bilmirdi. Belə qərara alındı ki, bu daşlar sökülsün və asfalt örtük çəkilsin”.

Həmçinin qurum nümayəndəsinin sözlərinə görə, 130 metrlik hissə üçün sürətin artacağını demək düzgün yanaşma deyil: “Bu ərazi nəqliyyatın hərəkətinin sıx olduğu ərazidir. İstər asfalt-beton örtük, istərsə də daş örtük olsun burada sürətlə hərəkət etmək mümkün deyil. Bunu yazanlar, bir az düşünsə, bunu deməzlər.

Piyadalar yolun ortası ilə getmir, piyada zolaqlarından keçirlər. Bu hissə xüsusi yol nişanları və xətləri ilə təchiz olunur ki, sürücülər də həmin yol nişanlarına baxaraq hərəkət etməlidirlər.”, - deyə A. Nəcəfli əlavə edib.

“Təmirdən əvvəl bu yolda 3 ədəd piyada zolağı olub ki, onların hər biri artıq çəkilib. Əgər burada daha çox piyada zolağına ehtiyac olması ilə bağlı layihə təqdim olunarsa, qurum bunu icra edə bilər. Bu isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan məsələdir”, - deyə AAYDA sözcüsü vurğulayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə  açıqlamsında bildirdi ki, qeyd olunan yol sahəsində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə nizamlanan piyada keçidinin təşkil olunması təklifi irəli sürülüb: “Təklif rəy alınması üçün DYP-a təqdim edilib”.

ölkə.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh