“Xərçəng yaradan dizel” və 90 yaşında ölən traktorçu - FOTO

Son illərdə Dizel mühərriklərinə qarşı “kütləvi hücum” hamıya məlumdur. 21-ci əsrdə aparılan tədqiqatlarda 20-ci əsrin əvvəlinə aid bu ixtiranın xərçəng riski yaratdığı iddia olunur. Amma Azərbaycan kəndlərinə kifayət qədər uzunömürlü traktorçular olub. Bəs bu neşə olur?
Kəndimizdə (etik səbəbdən məkan və ad yazmıram – müəl.) yaşamış traktorçulardan biri 90 yaşında vəfat edib. Ən əsası, bu şəxs T 4 və ÇTZ kimi ağır traktorlarda işləyib. Bu texnikalar heç bir müasir standarta cavab vermir, komfortdan uzaqdır. Təxminən 12 litr həcmi olan mühərrikin tüstüsü və istisi daim mexanizatoru “vurur”. Üstəgəl, sovetin Dizel yanacağının setan ədədi və keyfiyyəti də çox bərbad olub. Lakin nə hikmətdirsə, bu texnikaları istismar etmiş kəndlilərimizin çox hissəsi 80-i haqlaya bilib. Bəs bu necə olur?
Sovet dizellərinin tüsütülədiyi hamıya məlumdur. Buna səbəb yanacağın tam yanmamasıdır. Avropanın son illərdəki dizellərində tüstü yoxdur, silindrdən çıxan qaz katalizatorda təkrar yanaraq təmizlənir. Lakin bu da ideal deyil.
Sadəcə olaraq, sovet Dizelinin yaratdığı qara tüstü çökür, Avro-3 və yuxarı Dizelin yaratdığı nanozərrəciklər isə havada asılı qalır, ciyərlər tərəfindən udulur. Elə xəstəlik də buradan başlayır.
Kimsə deyə bilər ki, onda müasir Dizel mühərriki köhnədən daha təhlükəlidir. Təbii ki, bu iddiaya həm hə, həm də yox demək olar. Normal işləyən, katalizatoru qaydasında olan, düzgün texniki qulluq göstərilən müasir Dizel mühərrikinin təhlükəsi azdır. Lakin burada əsas amil yanacaqdır. Aşağı keyfiyyətli yanacaqla ən yaxşı katalizator belə bacarmayacaq. Bu situasiyada qara tüstü verən sovet mühərriki daha təhlükəsizdir.
Lakin katalizatoru çıxarılmış, daha aşağı standarta keçirilmiş Dizelin riski daha çoxdur. Çünki bu mühərrikdə sıxma dərəcəsi böyükdür, tam yanmayan hissəçiklərin ölçüləri daha kiçik olur və gözlə görünmür.
Son nəticədə, Dizel mühərriklərinin xərçəng riski yaratması, ekologiyaya daha çox ziyan vurması barədə fikirlər haçalanır. Elə bizim göstərdiyimiz misal özü də “Dizel öldürür” söhbətinin çbir qədər şişirdilməsini göstərir. Eyni kənddə sovet dövründə ÇTZ, MTZ, YuMZ markalı traktorları idarə etmiş onadək mexanizator yaşayır və yaşayıb. Onların heç biri dünyadan cavan köçməyib.
Bəzi tədqiqatçıların fikrincə antidizel iddiaların ortaya atılmasına səbəb elektromobilin yolunu açmaqdır. Almaniyada isə bu mühərrik növündən hələ ki, imtina etmək istəmirlər. Nə qədər olsa da, bu mühərriki alman mühəndis yaradıb.
PS. Azərbaycanın bəzi bölgələrində mərhumun sənətinin baş daşında əks etdirilməsi ənənəsi mövcuddur. Lakin Bakıdakı qəbiristalıqlarda 16-17 yaşlı gənclərin məzar daşlarındakı VAZ-2107 fotosu ilə 90 yaşlı mexanizatorun qəbri üstündəki T 4-ün mənaları tam fərqlidir. Biri ömrü boyu yol çəkilişində, kanal qazılmasında işləməklə ölkəsinin inkişafına xidmət edib, o biri isə özünü və digərlərini təhlükəyə ataraq həyatla vidalaşıb.













