Bakıda 800 min dollarlıq qalmaqal – Sabah məhkəmə prosesi başlayır

Xəbərlər 8 Dekabr 2022 23:45 Oxunub 1066
Bakıda 800 min dollarlıq qalmaqal – Sabah məhkəmə prosesi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azimport” MMC-nin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovun iş adamı Kamal Akimova qarşı şikayəti üzrə hazırlıq iclası keçiriləcək.

Bakı şəhər sakini K.Akimov Cinayət Məcəlləsinin 182.3.2-ci (Zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. İş adamı “Azpolitika.info”ya bildirib ki, özü zərərçəkən olduğu halda “Azİmport” rəhbərinin şər-böhtanı ilə üzləşib. Onun sözlərinə görə, 2012-ci ilin avqust ayında Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi Azər Əsgərova məxsus MMC tərəfindən dağıdılıb. Bir neçə il çəkən məhkəmə çəkişmələrindən, dövlət qurumlarına ardıcıl müraciətlərdən sonra “Azİmport” rəhbəri ona əmlakının əvəzi olaraq 800 min dollar ödəməyi öhdəsinə götürüb. Amma bu vəsaitin 500 min dolları iki il ərzində hissə-hissə ödənildikdən sonra Azər Əsgərov qalan məbləği verməkdən imtina edib. MMC rəhbəri daha sonra hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Akimovdan şikayətçi olub. O, şikayət ərizəsində göstərib ki, iş adamı ona hədə qorxu gəlib, təhdid edib və s.

 

Azər Əsgərov

K.Akimov isə iddiaları rədd edir, bildirir ki, o öz halal vəsaitini almaq üçün 10 ilə yaxındır Azər Əsgərov tərəfindən süründürülür. Bu illər ərzində ancaq məhkəməyə və dövlət qurumlarına müraciət edərək hüquqi vasitələrlə əmlakının dəyərini əldə etməyə çalışır. O, media vasitəsi ilə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək bu işi nəzarətə götürməsini, hüquqlarının qorunmasına yardım etməsini xahiş edib.

“Azimport” MMC-nin rəhbərinin vəkili Şaik Mirzəyev yerli mətbuata açıqlamasında bildirib ki, Kamal Akimova məxsus obyektin sökülməsini A.Əsgərova məxsus “Azİmport” şirkəti deyil, Səbail rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qurban İsmayılov həyata keçirib. Vəkil iş adamın şantaj və təhdidlə məşğul olduğunu iddia edib və məhkəmədə çoxlu faktların üzə çıxacağını vəd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh