Zakir Həsənov sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərlə bağlı tapşırıq verdi - FOTO

Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ali Baş Komandanın tapşırığına əsasən cari ildə ordu quruculuğu sahəsində aparılan islahatlar, qoşunların imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, müasir silah və texnika ilə təchizatı, mühəndis və kəşfiyyat xidmətləri, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.
Azərbaycan Ordusunun 2022-ci il ərzində xidməti-döyüş fəaliyyətini təhlil edən general-polkovnik K.Vəliyev qeyd edib ki, müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.
Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.
Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.
Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində maye, odun, kömür yanacağı da daxil olmaqla yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılmasına dair aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verib.
Sonda şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.














