Yol hərəkəti qaydalarını HEÇƏ SAYAN MƏŞHURLAR - Kimin nə qədər cəriməsi var?
Yolda sürət həddini aşanlar... İşıqforun qırmızı işığında keçənlər... Avtomobilləri cərimə meydançasına aparılanlar... 18 - 6500 AZN aralığında cərimələnənlər.... Bu dəfə söhbət yol hərəkəti qaydalarını pozan şou-biznes əhlindən gedir.
Bahalı malikanələri və lüks avtomobilləri ilə gündəmdən düşməyən məşhurlar qayda pozunutuları və onlara yazılan böyük məbləğdə cərimələrlə də sosial şəbəkələrin və medianın müzakirə obyektinə çevriliblər. Sadaladığımız qanun pozuntuları arasında tanınmışların daha çox sürət həddini aşma, təhlükəsizlik kəmərindən istifadə etməmə hallarına rast gəlinir.
Onlar qaydalara bu cür yanaşaraq həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Verilişlərdən birində Xalq artisti Niyaməddin Musayev həmkarı Məleykə Əsədova ilə rayonlardan birinə tədbirə gedən zaman yolda artıq vaxt itkisi olmasın deyə sükan arxasında Əsədovanın əyləşdiyini, yolda bir neçə dəfə radara düşdüyünü, hətta radarları 120 km sürətlə keçdiyini etiraf edib. Müğənni Şəbnəm Tovuzlu bir neçə dəfə təhlükəsizlik kəmərindən istifadə etməyərək avtomobil sürüb. İfaçı maşını idarə edərkən polis əməkdaşlarının yanından keçib və onlara əhəmiyyət də verməyib.
Məşhurlar sadəcə özlərinin deyil, zaman-zaman övladlarının həyatlarını təhlükəyə atacaq qayda pozuntularına yol veriblər. Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin azyaşlı oğlu Məhəmməd Əli ilə sükan arxasına əyləşdiyi görüntüləri paylaşmışdı. Kadrlarda onun körpəsinin həyatını təhlükəyə atdığı əks olunmuşdu. İdmançı Kamil Zeynallı isə "Gelandewagen" markalı avtomobilinin sükanını 10 yaşlı qızına etibar edərək onun həyatını təhlükəyə atmışdı.
Tanımışlara yol hərəkəti qaydalarına riayət etmədikləri üçün müəyyən məbləğdə cərimələr də tətbiq olunur. Bəzən onlar bu cəriməni vaxtlı-vaxtında ödəyir, bəzən isə yığılır və məbləğ artır. Mətbuatda yer alan xəbərə əsasən, müğənni Ayaz Qasımovun 6500 AZN-dən çox cəriməsi olub və bu cərimə ona daha çox işıqforun qırmızı işığında keçdiyi üçün yazılıb. Yayılan xəbərlərdən sonra sənətçinin köməkçisi cərimənin ödənildiyini bildirib. Bir müddət əvvəl verilişə qatılan Əməkdar artist Nigar Şabanovanın isə cəmi 18 AZN cəriməsi olduğu müəyyən edilib.
Məşhurlar efirə qonaq olarkən yol hərəkəti qaydalarını pozduqlarını, lakin bəzən polislərin onlar tanınmış şəxs olduqları üçün güzəştə getdiklərinni bildiriblər. Lakin bu xoşagəlməz vəziyyətin baş verməsi, eyni zamanda bunu yaxşı iş görürmüş kimi milyonlarla tamaşaçı qarşısında etiraf edilməsi heç də müsbıt hal deyil.
Məsələ isə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. O saytmıza açıqlamasında bildirdi ki, məşhur şəxslərin öz adlarından istifadə edərək yol qaydalarını pozması cəmiyyətdə onlara qarşı ikrah hissi yaradır: “İstər tanınmış şəxs, istərsə də hər hansı bir ictimai xadim olsun. Hər kəs qanunlara hörmətlə yanaşmalıdır. Məşhur insanların öz nüfuzundan istifadə etməsi doğru hal deyil. Bu cəmiyyətdə olan digər insanlarda onlara qarşı ikrah hissi oyadır. Biz artıq adi vətəndaşlardan yol hərəkəti qaydalarına riayət etməli olduqlarını bildirəndə bizə etiraz edirlər”.
Araz Əsgərli çalışdığı illər ərzində belə hallarla şəxsən özünün də rastlaşdığını etiraf edib və tanınmış şəxsləri qayda pozuntularına yol verməməyə çağırıb: “Mənim iş təcrübəmdə belə hallar çox olub. Özüm şəxsən yol hərəkəti qaydalarına riayət etmədiyi üçün tanınmış şəxslərdən birinə irad bildirmişəm. Onlar bu nüfuzu məşhurluğu pis niyyətlə istifadə etməməlidir. Bu gün ölkəmizdə Azərbaycan polisi qayda-qanunların icrası zamanı öz qətiyyətli mövqeyini nümayiş etdirir ki, heç bir halda narazılıq yaranmasın. Biz çalışırıq ki, adi vətəndaşlarla yanaşı, nüfuzlu və tanınmış şəxslər də yol-hərəkəti qaydalarına riayət etsinlər. Təhlükəsizlikləri üçün mütləq kəmərdən istifadə etsinlər. Onlar xalq üçün bir nümunə olmalıdır. Yaxşı olduqdan sonra adi vətəndaşlarımız da onlardan yaxşı nümunə götürəcəklər. Məşhurlar da öz məsuliyyətlərini dərk etməlidir və qayda pozuntularına yol verməməlidirlər, onlara yazılan cərimələri də vaxtlı-vaxtında ödəməlidirlər”.
Avtomobillə yolda olarkən özümüzün və digər yol iştirakçılarının həyatına təhlükə yaranmasın deyə qaydalara əməl etmək lazımdır. Çünki təhlükə gələndə bu adi vətəndaşdır və ya tanınmış şəxsdir deyə bir seçim etmir. Qanunlara riayət edərək yaşayaq ki, həyatımızı təhlükədən qoruyaq. (BAKU.WS)