Deputatlardan «Avtomobilsiz 20 gün» kampaniyasına dəstək - AÇIQLAMA

Qəzalar 10 İyun 2015 00:41 Oxunub 1419
Deputatlardan «Avtomobilsiz 20 gün» kampaniyasına dəstək - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adil Əliyev: ""Avtomobilsiz 20 gün" kampaniyası müsbət nəticə verəcək”

 

Vahid Əhmədov: “Avtomobillərdən istifadə etməmək üçün tədbirlər təxirə salına bilər”

 

“Bu cür layihələr inkişaf etmiş bir çox ölkələrdə həyata keçirilir. Möhtəşəm tədbir ərəfəsində bu kimi tədbirlərin ölkəmizdə də reallaşması təbii ki, müsbət nəticə verəcək”. Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının vitse-prezidenti Adil Əliyev Bakı şəhər Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək “Avtomobilsiz 20 gün” kampaniyasına münasibətini bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bu tədbirin reallaşdırılması tıxacların aradan qaldırılması ilə yanaşı, həm də ekoloji təmizliyin təminatına səbəb olacaq: “Əlbəttə, bu təqdirəlayiq haldır. Biz də Dövlət Yol Polisinin bu addımını dəstəkləyir və həmin kampaniyaya böyük məmnuniyyətlə qoşulacağıq”.

Adil Əliyev eyni zamanda təkliflə də çıxış edərək bildirib ki, belə halların ənənəvi hal daşıması üçün müəyyən maarifləndirici işlərin aparılması zəruridir: “Avropa Oyunlarında iştirak edən könüllülər yol polisi əməkdaşları ilə birgə şəhərdə hərəkət edən avtomobil sahiblərinə yaxınlaşaraq həmin kampaniya barədə geniş məlumat verməli, insanları maarifləndirməlidirlər. Kütləvi informasiya vasitələri isə mütəmadi olaraq bu barədə məlumatlar yaymalıdırlar. Hesab edirəm ki, bu çox uğurlu və yerində atılmış addımdır”.

«Avropa Oyunları kimi möhtəşəm tədbirin Azərbaycan üçün çox böyük siyasi əhəmiyyəti var”. Bu sözləri isə Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Avropa Oyunlarının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bir sıra böyük tədbirlər görülür. Bunlarda biri “Avtomobilsiz 20 gün” kampaniyasıdır. Şəhərdə tıxacların azaldılması üçün bu, çox önəmlidir: “Bu tədbirdə istənilən halda təhlükəsizliyi qorumaq, həm insanların, həm tədbirin təhlükəsizliyini təmin etmək üçün Daxili İşlər Nazirliyi bu addımı atıb. Mən fikir verirəm ki, son vaxtlar Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi irimiqyaslı tədbirləri demək olar ki, hər gün keçirir. Bütün bunlar tədbirin normal şəkildə başa vurulması, həyata keçirilməsi üçündür. Çünki tədbir Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Müəyyən Avropa dövlətləri buna qınaqla yanaşsalar da, hesab edirəm ki, bu bizim üçün çox böyük əhəmiyyətə malikdir. Fikir versək, 2 min il əvvəl Olimpiya oyunları Yunanıstanda keçirilib, indi də Olimpiyadanın vətəni olaraq tanınır. Yəni, Avropa Oyunları çox əhəmiyyətli tədbirdir və mən hesab edirəm ki, texniki cəhətdən təhlükəsizlik tədbirlərini lazımı dərəcədə həyata keçirmək lazımdır”.

Millət vəkili digər deputatlara da tövsiyə verdi: "Əgər rayonlarda vətəndaşlarla vacib görüşlər nəzərdə tutulmayıbsa, bu zaman avtomobillərdən istifadəyə ehtiyac olmamalıdır. Bununla da avtomobildən daha az istifadə olunar. Gördüyünüz kimi artıq şəhərdə avtomobillərin sayı xeyli miqdarda azalıb”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh