Banner

İstilik noyabrın 15-də veriləcək - Köhnə tikilidə qalanlar nə etməlidir?

Xəbərlər 11 Oktyabr 2026 20:03
İstilik noyabrın 15-də veriləcək - Köhnə tikilidə qalanlar nə etməlidir?
WhatsApp kanalımıza abunə olun

Bakıda havaların kəskin soyuması ilə mənzillərin istilik məsələsi yenidən gündəmə gəlib. Yeni tikilidə yaşayan sakin kombini istədiyi vaxt yandıra, otağın temperaturuna uyğun istiliyi artıra və ya azalda bilir. Köhnə binalarda yaşayanlar isə eyni imkanlara malik deyil. Çünki onların bir hissəsi mərkəzləşdirilmiş istilik sistemindən asılıdır və mövsümün başlanmasını gözləməli olur.

Avtosfer.az xəbər verir ki, hazırkı qaydalara görə, Bakı və digər rayonlarda istilik mövsümü noyabrın 15-dən aprelin 15-dək nəzərdə tutulur.

Bəs oktyabrın sonu, noyabrın əvvəllərində hava artıq ciddi şəkildə soyuyanda köhnə tikilidə yaşayan sakin nə etməlidir? 

Evi qızdırmaq üçün alternativlər var, amma...

Belə havalarda mənzilin temperaturunu qorumağın ən sadə yollarından biri elektriklə işləyən əlavə qızdırıcılardan istifadə etməkdir. Elektrik radiatoru, yağ radiatoru və digər qızdırıcılar soyuq günlərdə mənzilin temperaturunu yüksəldir, lakin bu cihazlardan istifadə zamanı elektrik şəbəkəsinə düşən yük mütləq nəzərə alınmalıdır. Xüsusilə köhnə binalarda elektrik naqillərinin vəziyyəti qənaətbəxş olmaya bilər. Eyni xəttə bir neçə güclü elektrik cihazının qoşulması naqillərin həddindən artıq qızmasına, avtomatın atmasına və daha ciddi təhlükələrin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən elektrik qızdırıcılarını keyfiyyətsiz uzadıcı və çoxaldıcılara qoşmaq məsləhət görülmür. Cihaz istehsalçının tələblərinə uyğun, təhlükəsiz elektrik xəttinə qoşulmalıdır. Eyni vaxtda bir neçə yüksək güclü cihazdan istifadə etməkdən də mümkün qədər çəkinmək lazımdır.

“Soyuqdur, pəncərəni heç açmayaq…”

Mənzili isti saxlamaq istəyən sakinlərin yol verdiyi digər səhv havalandırmadan tam imtina etməkdir. Soyuq havada pəncərəni uzun müddət açıq saxlamaq, təbii ki, otağın temperaturunu aşağı salır. Ancaq mənzili ümumiyyətlə havalandırmamaq da düzgün deyil. Çünki otaqda yığılan rütubət, xüsusilə divarlar soyuq olduqda, kondensasiyaya və son nəticədə kif yaranmasına səbəb olur. Yemək bişirmək, duş qəbul etmək, paltar qurutmaq və hətta nəfəs alma zamanı otaqda su buxarı yaranır. Havalandırma olmadıqda həmin rütubət otaqda qalır və soyuq səthlərdə toplanır. Bu baxımdan pəncərəni saatlarla açıq saxlamaq əvəzinə, mənzili qısa müddət ərzində, lakin müntəzəm şəkildə havalandırmaq daha məqsədəuyğundur.

Mebelləri soyuq divardan uzaqlaşdırmaq da kömək edir

Köhnə binalarda rütubət problemi xüsusilə xarici divarlarda özünü göstərir.  İri şkaf, yataq və digər mebellər divara sıx yerləşdirildikdə həmin hissədə hava dövranı zəifləyir. Bu da divarın qurumasını çətinləşdirərək kif yaranması riskini artırır. Ona görə də soyuq və xarici divarlarla mebel arasında müəyyən məsafə saxlamaq, otaqda havanın sərbəst hərəkətinə imkan vermək vacibdir.

Radiatorun qarşısını bağlamaq istiliyi azaldır

Mərkəzi istilik sistemi işə düşdükdən sonra da sakinlərin diqqət etməli olduğu məqamlar var. Radiatorun qarşısına iri mebel, qalın pərdə və digər əşyalar qoyulduqda isti havanın otağa yayılması zəifləyir.  Nəticədə radiator işləsə də, mənzil lazımi qədər isinmir.

“Azəristiliktəchizat” ASC də radiatorların texniki vəziyyətinə nəzarətin və zərurət yarandıqda onların dəyişdirilməsinin mənzil sahibinin öhdəliyində olduğunu bildirir. Qurumun məlumatına görə, sızan və ya yararsız vəziyyətdə olan radiator vaxtında dəyişdirilməlidir.

Bəs kombi quraşdırmaq mümkündürmü?

Mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş binada mənzil sahibinin özbaşına ümumi istilik sisteminə müdaxilə etməsi düzgün deyil. “Azəristiliktəchizat”ın açıqlamasına görə, mənzildə fərdi qızdırıcı avadanlıqdan istifadə edilərkən binadan keçən ümumi istilik xətləri, yəni dik dayaqlar toxunulmaz saxlanılmalıdır. Mənzil daxilindəki qızdırıcı cihazların ümumi şəbəkədən ayrılması üçün isə müvafiq prosedurdan keçmək və rəsmi müraciət etmək tələb olunur. Yəni istilik gəlmir, radiatoru özüm kəsim, kombi çəkim yanaşması ilə ümumi sistemə müdaxilə etmək olmaz. Belə müdaxilə yalnız konkret mənzilin deyil, binadakı digər mənzillərin də istilik təminatına təsir göstərə bilər.

Əsas problem isə fərdi tənzimləmənin olmamasıdır

Məsələnin əsas tərəflərindən biri də budur ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edən sakin mənzilində temperaturu istədiyi kimi tənzimləyə bilmir.

Yeni tikilidə yaşayan sakin soyuq günlərdə kombini yandırır, hava mülayimləşəndə isə söndürür və ya dərəcəsini azaldır. Mərkəzləşdirilmiş sistemdə isə istiliyin verilməsi mövsümün başlanması ilə müəyyən edilir və sakinin fərdi seçim imkanları daha məhdud olur.

İstilik təchizatında sayğaclaşdırma və fərdi tənzimləmə məsələsi də bu baxımdan önəmlidir. “Azəristiliktəchizat”ın məlumatına görə, sayğac quraşdırılmadığı halda əhali üçün istilik haqqı mənzilin ümumi sahəsinin hər kvadratmetrinə görə aylıq 0,45 manat hesablanır. Sayğac olduqda isə ödəniş istehlak edilən istilik enerjisinin miqdarına əsasən aparılır. (yenisabah)

Oxunub : 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh