Kredit götürənlər bu səhvi tez-tez edir - AÇIQLAMA

Azərbaycanda vətəndaşların kreditlərə müraciəti geniş yayılsa da, yüksək faizlər və uzunmüddətli ödənişlər borcalanların maliyyə yükünü artırır. Xüsusilə gəliri məhdud olan şəxslərin kredit götürərkən aylıq ödəniş imkanlarını düzgün hesablamaması sonradan borc probleminə səbəb ola bilər.
Bəs insanlar bahalı kredit götürərkən əsasən maliyyə ehtiyacından çıxış edirlər, yoxsa maliyyə savadlılığının aşağı olması və borclanma vərdişi də burada ciddi rol oynayır? Vətəndaş kredit götürməzdən əvvəl özünün həmin borcu həqiqətən ödəyə biləcəyini necə qiymətləndirməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Fərhad Pərvizi bildirib ki, burada iki fərqli amili ayırmaq lazımdır.
Onun sözlərinə görə, burada obyektiv maliyyə ehtiyacı və subyektiv istehlak davranışı kimi iki amili ayırmaq lazımdır:
“Obyektiv tərəfdən baxsaq, Azərbaycanda əhalinin əhəmiyyətli hissəsinin gəlirləri yüksək deyil. Median əməkhaqqının 600–700 manat civarında olduğu şəraitdə, xüsusilə son illərdə qiymətlərin artması ailə büdcəsinə ciddi yük yaradır. Mənzil, təmir, məişət texnikası, təhsil və hətta bəzi gündəlik xərclər üçün insanların öz yığımları kifayət etmir. Belə vəziyyətdə kredit bəzən seçim deyil, zərurətə çevrilir. Ona görə də bütün kredit götürən insanları maliyyə savadsızlığında ittiham etmək düzgün olmazdı.
Amma məsələnin ikinci, subyektiv tərəfi də var. Bəzən insan kredit götürür, çünki ehtiyacı var, bəzən isə imkanlarından daha yüksək həyat standartını bu gün yaşamaq istəyir. Üç-dörd il əvvəl istehsal olunmuş telefon onun bütün ehtiyaclarını qarşıladığı halda, ən son modeli kreditlə alır. Daha ucuz və işlənmiş avtomobil kifayət etdiyi halda, statusunu göstərmək üçün daha bahalı avtomobili borcla almağa üstünlük verir. Burada artıq maliyyə ehtiyacından çox istehlak mədəniyyəti, sosial müqayisə, status nümayiş etdirmək istəyi və maliyyə savadlılığı məsələsi ortaya çıxır.
Problem ondadır ki, kredit gələcək gəlirin bu gün xərclənməsidir. Faiz yüksək olduqda isə biz təkcə gələcək gəlirimizi qabaqcadan xərcləmirik, həmin gəlirin əhəmiyyətli hissəsini də banka veririk.
Ona görə kredit götürməzdən əvvəl insan özünə ilk növbədə iki sual verməlidir: “Mən bunu həqiqətən indi almalıyam?” və “Bunu kreditlə deyil, pul yığıb daha sonra ala bilərəmmi?” Əgər söhbət müalicə, zəruri məişət ehtiyacı və ya yaşayış kimi təxirəsalınmaz məsələ deyil, yeni telefon, daha bahalı avtomobil və ya status xarakterli istehlakdan gedirsə, kreditə münasibət daha konservativ olmalıdır.
İkinci mərhələdə isə maliyyə göstəricilərinə diqqət yetirmək lazımdır. İnsan yalnız aylıq kredit ödənişinə baxmamalıdır. Kreditin effektiv illik faizini, bütün komissiyalar daxil olmaqla ümumi geri ödəniləcək məbləği və aylıq ödənişlərin gəlirə nisbətini hesablamalıdır. Məsələn, 10 min manat götürüb sonda 14–15 min manat qaytarıramsa, özümə sual verməliyəm: aldığım məhsul mənim üçün həqiqətən bu qiymətə dəyərmi?
Mənim yanaşmam budur ki, insan kredit ödənişindən sonra yalnız gündəlik xərclərini deyil, müəyyən yığım imkanını da saxlamalıdır. Əgər aylıq ödənişlər büdcəni o qədər sıxır ki, kiçik bir gözlənilməz xərc, işini itirmək, avtomobilin təmiri və ya başqa fövqəladə vəziyyət insanı yenidən kredit götürməyə məcbur edəcəksə, deməli, həmin borcun yükü artıq onun maliyyə imkanlarına uyğun deyil.
Yəni kreditin özü nə yaxşıdır, nə də pis. Əsas məsələ kreditin hansı məqsədlə və hansı maliyyə imkanları daxilində götürülməsidir. Ehtiyacdan yaranan borclanma ilə imkanımızdan daha varlı görünmək üçün yaranan borclanmanı bir-birindən ayırmağı bacarmalıyıq. Məncə, maliyyə savadlılığının ən vacib elementlərindən biri də məhz budur”, – deyə Fərhad Pərvizi fikrini tamamlayıb.
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var










