Banner

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS

Sosial 12 Noyabr 2026 17:18
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
WhatsApp kanalımıza abunə olun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qanunsuz olaraq işdən çıxarılan 72 nəfər əvvəlki iş yerlərinə bərpa olunub. 

Avtosfer.az xəbər verir ki, həmin şəxslərin əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən edilib və onların yenidən işə qaytarılması təmin olunub. Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərin əsassız və qanunsuz şəkildə işdən azad edilməsi halları ilə rastlaşılır. Bu isə işçilərin əmək hüquqlarının pozulmasına və maddi çətinliklərlə üzləşməsinə səbəb ola bilər. İşəgötürən hansı hallarda işçini qanuni şəkildə işdən çıxara bilər və işçi qanunsuz olaraq işdən çıxarıldıqda hüquqlarını bərpa etmək üçün hansı addımları atmalıdır? 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, işəgötürən ilə işçi arasında əmək müqaviləsinə xitam verilməsi qaydaları Əmək Məcəlləsinin 10-cu fəsli ilə tənzimlənir:

"68-ci maddəyə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək şəraitinin dəyişməsi, müqavilə müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, tərəflərin iradəsindən asılı olmayan hallar və qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla dəyişdirilə bilər. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim edildikdən bir ay keçdikdən sonra müqaviləyə xitam verilə bilər.

Bunun üçün işçinin ərizəsi alınır və əmək müqaviləsinə əmr əsasında xitam verilir. Bu proses əmək müqavilələri altsistemində müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. İşəgötürən tərəfindən isə işçinin müəssisəsi ləğv olunduqda, işçilərin sayı və ştatları ixtisar edildikdə, işçi peşəkarlıq səviyyəsinə və ixtisas dərəcəsinə kifayət qədər uyğun olmadıqda, əmək funksiyalarını yerinə yetirərkən işəgötürənə münasibətdə kobud pozuntulara yol verdikdə əmək müqaviləsinə xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarla razılaşmayan işçi əmri aldıqdan sonra 1 ay müddətində Dövlət Əmək Müfəttişliyinə və ya birbaşa məhkəməyə şikayət edə bilər. Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılan araşdırma nəticəsində işçiyə qarşı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilərsə, işəgötürənin üzərinə müvafiq öhdəliklər qoyula, İnzibati Xətalar Məcəlləsinin 539-cu maddəsinə əsasən cərimə tətbiq edilə və işçinin işə bərpası təmin oluna bilər".

Sosioloq Üzeyir Şəfiyevin fikrincə isə, Əmək müfəttişliyinin monitorinqlər aparması, belə halları aşkar edərək qeydə alması və bununla bağlı müvafiq tədbirlər görməsi çox yaxşı olardı:

"Çünki layiqli əmək beynəlxalq öhdəlikdir. Azərbaycan və digər dövlətlər də Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Beynəlxalq Əmək Təşkilatının öhdəliklərindən biri də layiqli əməyin təmin olunmasıdır. Layiqli əmək həm də işçinin hüquqlarının qorunması deməkdir. Yaxşı olar ki, əmək müfəttişliyi monitorinqlər aparsın və hər bir müəssisədə sosioloji tədqiqat mərkəzi fəaliyyət göstərsin. Həmin mərkəz müəssisə daxilində işçi-rəhbər münasibətlərini sosiometrik testlərlə öyrənsin. Çünki tədqiqatlar göstərir ki, əmək məhsuldarlığına müəssisə daxilindəki psixoloji iqlim də təsir göstərir.

Bəzi müəssisələrdə rəhbərlərin işçilərə təzyiq göstərməsi, onları sıxışdırması halları baş verir və belə halların qarşısı alınmalıdır. Bəzi müəssisələrdə işçilər əlavə saatlar işləməyə məcbur edilir, lakin bunun müqabilində onlara əlavə əməkhaqqı ödənilmir. Həmçinin, bəzi müəssisə rəhbərləri işin çoxluğunu əsas gətirərək işçilərin ən azı 21 məzuniyyət hüququndan istifadə etməsinə mane olur, yaxud onlara qarşı davamlı təzyiq göstərərək işdən çıxmağa məcbur edirlər. Bu hallarla bağlı həm əmək müfəttişliyi, həm qeyri-hökumət təşkilatları, həm də media qurumları tərəfindən monitorinqlər aparılmalıdır”

Sosioloq əlavə olaraq qeyd edib ki, aşkar edilən pozuntularla bağlı müvafiq tədbirlər görülməlidir:

“Çünki bu hallar işçinin ailəsinə, şəxsi həyatına və sağlamlığına təsir göstərir. Bu məsələlərə korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif qurumlar tərəfindən birgə yanaşılmalıdır. Bu əmək və insan hüquqları baxımından çox əhəmiyyətli məsələdir. Bəzi müəssisələrdə iş şəraiti uyğun olmaya bilər. Yay aylarında həddindən artıq isti, qış aylarında isə sərt soyuq şəraitdə işçilərin işlədilməsi halları baş verə bilər. Belə hallarla da bağlı monitorinqlər aparılmalı və müvafiq tədbirlər görülməlidir".

Züleyxa

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh