Yeniyetmələr və gənclər arasında nikotin kisəcikləri SÜRƏTLƏ YAYILIR - ÜST həyəcan təbili çalır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeniyetmələr və gənclər arasında nikotin kisəciklərinin sürətlə populyarlaşması ilə bağlı narahatlığını ifadə edərək nikotin asılılığının yeni dalğasının formalaşması riski barədə xəbərdarlıq edib.
Avtosfer.az ÜST-nin məlumatına istinadla xəbər verir ki, nikotin kisəcikləri dodaqla diş əti arasına yerləşdirilən kiçik paketlərdir və nikotinin ağız boşluğunun selikli qişası vasitəsilə sorulmasına imkan yaradır. Məhsulun tərkibinə, adətən, nikotin, dadlandırıcılar, şirinləşdiricilər və digər əlavələr daxildir.
Təşkilatın məlumatına görə, 2024-cü ildə dünyada nikotin kisəciklərinin pərakəndə satış həcmi 23 milyard ədədi ötüb ki, bu da əvvəlki ilin göstəricilərindən 50 faizdən çox yüksəkdir. Qlobal bazarın həcmi isə artıq 7 milyard dollara yaxınlaşıb.
“Nikotin kisəcikləri sürətlə yayılır, halbuki bunu tənzimlənməsi ilə bağlı tədbirlər fəlakətli şəkildə geri qalır”, - deyə ÜST-nin tütün asılılığından azadolma təşəbbüsünün rəhbəri Vinayak Prasad bildirib. Onun sözlərinə görə, hökumətlər əhalinin qorunmasına yönəlmiş elmi əsaslı tədbirləri təxirə salınmadan həyata keçirməlidirlər.
ÜST vurğulayır ki, nikotin güclü asılılıq yaradan maddədir və xüsusilə uşaqlar və yeniyetmələr üçün təhlükəlidir, çünki onların beyni inkişaf etməyə davam edir. Erkən yaşlarda nikotinin təsiri diqqətə, yaddaşa və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə, həmçinin ürək-damar xəstəlikləri və digər tütün məhsullarından asılılıq riskini artıra bilər.
ÜST-nin “Nikotin paketlərinin (kisəciklər – red.) bazarının böyüməsini stimullaşdıran marketinq taktikalarının və strategiyalarının ifşası” adlı hesabatında qeyd olunur ki, bir çox ölkədə bu məhsulların tənzimlənməsi ya ümumiyyətlə mövcud deyil, ya da məhdud xarakter daşıyır.
Aydın təsnifatın olmaması səbəbindən nikotin kisəcikləri çox vaxt qanunvericiliyin təsir dairəsindən kənarda qalır. Hazırda təxminən 160 ölkədə bu məhsul növü üzrə xüsusi tənzimləmə mexanizmi yoxdur. Yalnız 16 dövlət onların satışını tam qadağan edib, 32 ölkə isə dövriyyəsini bu və ya digər formada tənzimləyir. Həmin ölkələrdən yalnız beşi dadlandırıcı əlavələrin istifadəsinə məhdudiyyət qoyub, 26-sı yetkinlik yaşına çatmayanlara satışı qadağan edib, 21 ölkə isə reklam, təşviqat və sponsorluğu yasaqlayıb.
ÜST-nin sağlamlığın sosial determinantları departamentinin direktoru Etyen Kruq bildirib ki, bu məhsulların istifadəsi xüsusilə yeniyetmələr arasında sürətlə yayılır. Onun sözlərinə görə, gənclər “mürəkkəb və aldadıcı marketinqin” əsas hədəfinə çevriliblər.
Hesabatda istehsalçıların gənc auditoriyanı cəlb etmək üçün istifadə etdikləri üsullar ətraflı təsvir olunub. Bunların asında asanlıqla gizlədilə bilən zərif və kompakt qablaşdırma dizaynı, həmçinin pambıqşəkər, saqqız və marmelad kimi cəlbedici dadlardan istifadə yer alır. Məhsullar influenserlər və sosial şəbəkələr vasitəsilə, eləcə də musiqi festivalları və Formula 1 də daxil olmaqla böyük idman tədbirlərinin sponsorluğu yolu ilə fəal şəkildə tanıdılır. Məhsul “uğurlu” həyat tərzinin bir hissəsi kimi təqdim olunur, reklamlar isə məktəblərdə və siqaret çəkməyin qadağan olunduğu yerlərdə kisəciklərdən gizli istifadəyə açıq şəkildə çağırır.
ÜST dövlətləri bütün növ nikotin məhsulları üzərində nəzarəti gücləndirməyə çağırır. Tövsiyə olunan tədbirlər sırasında dadlandırıcı əlavələrin məhdudlaşdırılması, reklam və təşviqatın qadağan olunması, ciddi yaş nəzarəti, qablaşdırmada zərərlə bağlı xəbərdarlıqların yerləşdirilməsi, nikotin konsentrasiyasının məhdudlaşdırılması və aksizlərin artırılması yer alır.
Ekspertlər vurğulayırlar ki, nikotin kisəcikləri siqaret üçün təhlükəsiz alternativ deyil. Ayrı-ayrı məhsullarda nikotinin miqdarı son dərəcə yüksək ola bilər.
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq olunacaq - DETALLAR
Azərbaycanda gözlənilən yenilik - Minimum maaş 700 manat
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
Azərbaycanda pensiyalarla bağlı YENİLİK
“Tıxacın sonu görünmür, yolu düzəldən yoxdur, bezmişik” - VİDEO
Quru sərhədlər bu şəxslər üçün açılacaq? - AÇIQLAMA
Bakıda yeni parkın salınmasına 49 milyon xərclənəcək - Bəzi tikililər söküləcək
Vətəndaş şəhərin mərkəzinə necə gəlməlidir? - Ekspertdən AÇIQLAMA
Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
Azərbaycanlıların olduğu "BMW" ağaca çırpıldı - 7 ölü - VİDEO - YENİLƏNİB








