Banner

«Ağıllı sürücü» və ya Bakıda Roma əsgəri - VİDEO

Avtoxəbər 14 Avqust 2014 02:35 Oxunub 4801
«Ağıllı sürücü» və ya Bakıda Roma əsgəri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin enini artırmaqla qarşı-qarşıya və ya yanaşı hərəkət edən digər nəqliyyat vasitələrinə təhlükə yaradır

Bəzən avtomobillərin yaxşı görünməsi üçün onlara bu videoda göründüyü kimi bəzək vurulur. Diqqətlə baxdıqda görəcəksiniz ki, «Mersedes» markalı (99 GK 959) mikroavtbus disklərin üzərinə bərkidilmiş «kalpak»larla digər nəqliyyat vasitələrinə təhlükə yaradır. Avtosfer.az-ın əməkdaşının lentə aldığı bu kadrlardan görünür ki, diskin üzərindən kənara təxminən 20 sm çıxıntı var ki, bu da ətrafdakı maşınlara təhlükə yaradacaq səviyyədədir. Deyəsən, bu avtobusun sürücüsü özünü qədim Roma döyüşlərində hiss edir və avtomobilin təkərlərinə də orada istifadə olunan at arabalarının təkərlərinə bərkidilmiş kəsib-doğrayan alətlərə bənzər görüntü verir. Lakin belə işləri edərkən bir mühüm prinsipi nəzərə almaq lazımdır: nəqliyyat vasitəsindən istifadə üzrə fəaliyyət yüksək təhlükə mənbəyi olduğundan həm nəqliyyat vasitələrinin özlərinə, həm də onu idarə edən şəxslərə dair ciddi tələblər müəyyən olunur. Yol hərəkətində iştirak zamanı bu tələblərə mütləq riayət olunmalıdır. Nəqliyyat vasitəsinə dair tələblər onun texniki təchizatı ilə bağlıdır. Hazırda nəqliyyat vasitəsinin bütün aqreqat, mexanizm və detallarına dair beynəlxalq standartlar mövcuddur. Bu standartlar və ümumiyyətlə nəqliyyat vasitəsinin texniki təchizatına dair tələblər başlıca olaraq üç prinsip əsasında müəyyən edilib: 1) nəqliyyat vasitəsinin texniki təchizatı, xüsusən ona quraşdırılan əlavə avadanlıqlar həm onun özü (sürücüsü, sərnişini, yükü), həm də digər hərəkət iştirakçıları üçün təhlükəsiz olmalıdır; 2) texniki təchizat və əlavə avadanlıqlar ətraf mühit üçün təhlükəsiz olmalıdır; 3) texniki təchizat və əlavə avadanlıqlar nəqliyyat vasitəsinin markasını, rəngini, modelini, tipini eyniləşdirməkdə çətinlik yaratmamalıdır. 

Avtomobillərə hər hansı avadanlıq quraşdırılarkən yuxarıda göstərilən prinsiplərə riayət olunmalıdır. Bu zaman təhlükəsizlik məsələsi xüsusi önəm daşıyır. Məsələn, videoda görünən mikroavtobusun təkərlərinə əlavə avadanlıq quraşdırılıb. Həmin avadanlıq avtomobilin ümumi enindən bir qədər kənara çıxır. Deməli, avtomobilin enini artırmaqla qarşı-qarşıya və ya yanaşı hərəkət edən digər nəqliyyat vasitələri ilə intervalı kiçildir, nəticədə qəza riskini artırır. Digər tərəfdən, belə əlavə avadanlıq təkərin simmetriyasını, onun ağırlığının paylanmasını, aerodinamik xüsusiyyətlərini və s. pozur. Nəticədə həmin avtomobilin belə təkəri daha çox qıza bilər, yaxud bərkidildiyi oxda gərilmə və ya deformasiya yarandığından adi istismar şəraitində təkər daha tez sıradan çıxa bilər və s. Ona görə də belə əlavə avadanlıqlara heç bir ehtiyac yoxdur, əgər buna ehtiyac olsaydı, istehsalçı zavod özü də həmin avadanlıqları qoya bilərdi. Digər tərəfdən, belə əlavə avadanlıqlar DYP əməkdaşlarının həmin avtomobili saxlaması üçün bəhanə ola bilər.

Xatırladıram ki, ölkəmizin qanunvericiliyində avtomobillərin əlavə avadanlıqlarla təchiz edilməsi məsələsində boşluqlar olduğundan həmin görünüşdə olan avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilərək cərimələnə bilər.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh