Banner

Avtobus sürücüləri sərnişinləri ölümə aparır – ŞOK FOTO - VİDEO

Avtoxəbər 1 İyun 2014 01:43 Oxunub 2519
Avtobus sürücüləri sərnişinləri ölümə aparır – ŞOK FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunla qadağan edilsə də, avtobus sürücüləri sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olur

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə anspress-in redaksiyasına kütləvi şəkildə etirazlar gəlir. Oxuculardan biri şikayətində bildirib ki, qanunla qadağan olmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Sürücülər sərnişin dolu avtobusla yanacaq doldurur. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir.

Cavid Babayev adlı oxucu avtobusların birində gedərkən bu hal ilə rastlaşıb. Oxucu dərhal mobil telefon vasitəsilə olanları çəkib. Oxucu deyir ki, içərisi sərnişin dolu olan avtobus yanacaqdoldurma məntəqəsinə girərkən, məntəqə işçisi və nəzarətçi də buna etiraz etməyib.“Əgər bədbəxt hadisə baş versəydi, günahkar kim olacaqdı? Kimlərinsə özbaşnalığı ucbatından onlarla insan ölüm təhlükəsilə üz-üzə qalır”, - deyə Cavid Babayev vurğulayıb.

Məsələ ilə bağlı şəhərdəki bir neçə yanacaqdoldurma məntəqəsinə baş çəkdik. Bir neçə saatlıq müşahidələrimiz zamanı gördük ki, avtobus sürücüləri heç də hər zaman qanuna əməl etmir və avtobus sərnişinlərlə dolu halda yanacaqdoldurma məntəqəsinə daxil olurlar. Sürücülərdən qanuna nə səbəbə əməl etmədiklərini öyrənmək istəklərimiz isə heç bir nəticə vermədi və suallarımız cavabsız qaldı. Yanacaqdoldurma əməkdaşları da bütün hallarda müştərilərin haqlı olmaları prinsipini əsas gətirərək məsuliyyətdən yaxalarını çəkməyə çalışdılar.

Ekspertlər isə yanacaqdoldurma məntəqələrində sərnişinlərin həyatının təhlükəyə atılması ilə bağlı hər kəsin məsuliyyət daşıdığını düşünür. Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictami birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirdi ki, burada birbaşa məsuliyyət yol polisinin üzərinə düşür. “Sərnişin avtobusunda istər 1 nəfər olsun, istər 5 nəfər olsun, istərsə avtobus sərnişinlərlə dolu olsun yanacaqdoldurma məntəqəsinə daxil olursa bu qanun pozuntusudur. Həm də, ciddi qanun pozuntusu. Belə hal aşkar edilərsə, yol polisi və Nəqliyyat Nazirliyi həmin sürücünü böyük məbləğdə cərimə etməli, hətta onu sürücülük hüququndan məhrum etməlidir. Elə ağır cəzalar tətbiq edilməlidir ki, sürücü bir daha sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməyə cəsarət etməsin. Burada xətti icarəyə götürən sahibkarlar da məsuliyyətə cəlb olunmalıdır”. 

Ekspert bu problemin daha da qabardılaraq ictimailəşdirilməsinin tərəfdarıdır. Onun fikrincə bununla həm sərnişinlər, həm yanacaqdoldurma məntəqəsinin işçiləri, həm də yaxınlıqda olan vətəndaşlar mübarizə aparmalıdır. “Çünki qəza baş verən zaman hər kəs zərər görəcək. Sərnişinlər, sürücü, yanacaqdoldurma məntəqəsinin əməkdaşları və ətrafda olan şəxslər xəsarət alacaqlar. Əslində bu il ərzində 40-a yaxın hadisə çox ciddi siqnaldır. Burada insan həyatından, bizim öz həyatımızdan söhbət gedir”.

Qeyd edək ki, əslində belə sürücülərin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 151.2-ci madədsinin kobud şəkildə pozulmasıdır. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirdi. Qurum rəsmisi həmçinin onu əlavə etdi ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var. DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: “Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq”.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə avtobusların sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmələri barədə onlara da arabir şikayət daxil olduğunu bildirdi. Onun sözlərinə görə, nazirlik belə hallarla mütəmadi hadisə aparmasına baxmayaraq, hələ də sərnişinləri real ölümə aparan sürücülər var. “Bununla əsasən sahibkarla mübarizə aparmalıdır. Burada avtobus xətlərini işlədən sahibkarlar birbaşa məsuliyyət daşıyır. Bir neçə sərnişin avtobusunun sürücüsü ciddi şəkildə cəzalandırılıb. Sahibkarlara xəbərdarlıq edilib. Görünür bu tədbirlər kifayət etmir. Əslində bununla vətəndaşların özləri də mübarizə aparmalıdır”, - deyə N.Həsənov vurğulayıb.

Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə ola bilsin biz özümüz, yaxud da yaxınlarımız olsun.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh