Avtomobil idxalçıları: “Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır”

Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.
Qərarın avtomobil idxalına necə təsir edəcəyi haqqında oxu.az-a danışan nəqliyyat şirkətlərinin sahibləri həm müsbət, həm də mənfi məqamların olduğunu qeyd ediblər.
Ölkəyə avtomobil idxal edən şirkətlərdən birinin sahibi Nurlan Əliquliyevin fikrincə, bu qərar ucuz maşınlarla işləyən kiçik şirkətlərə təsir edəcək:
“Böyük şirkətlər üçünsə deyə bilərəm ki, hətta çox müsbət məqamdır. Çoxdan gözləyirdik ki, belə qərar verilsin, hətta gətirilən avtomobillərin istehsal ili 2016-2017-ci ilə qədər azaldılsın. Qərar bir ay sonra qüvvəyə minir. O vaxta qədər sifariş edilmiş avtomobillərdən ölkəyə çatan da, çatmayan da ola bilər. Bu, problem deyil. Vətəndaş pulunu qərardan öncə ödəyibsə, itkisi olmayacaq. Ən pis halda vətəndaş məhkəməyə müraciət edib, hüquqlarının bərpasına nail olacaq. İstənilən halda, müştəri gömrük rəsmiləşməsini özü həll etdiyindən diler şirkətlərə hansısa ziyanı olmayacaq. Fikrimcə, bu məsələdə vətəndaşlara güzəşt ediləcək, pulunu ödədiyi avtomobili alacaq. Heç kim yatıb, yuxusunda belə qərarın veriləcəyini görməmişdi ki?! Ona görə də narahatlığa əsas olmadığını, hansısa şəkildə problemlərin həll ediləcəyini düşünürəm”.
Digər avtomobil idxalçısı Yaqub Yaqubov isə qeyd edib ki, Nazirlər Kabinetinin belə bir qərarının olacağı haqqında əvvəldən söz-söhbət var idi:
“Bu gözlənilirdi. Amma belə tez və sərt şəkildə həyata keçiriləcəyini düşünməzdik. Ötən gündən etibarən bizə çoxsaylı zənglər olunub, suallar ünvanlanıb, hətta verdiyi sifarişlərini geri çəkmək istəyənlər də var. Azərbaycana avtomobillərin əksəriyyəti Koreyadan və ya Amerikadan gətirilir. Nəql gəmi ilə həyata keçirildiyindən avtomobilin Azərbaycana çatması dörd-beş aya qədər yubana bilir. Hesab edirəm ki, Gömrük Komitəsi intervalı və şərtləri bildiyindən vətəndaşların xeyrinə təkliflərin qəbul edilməsinə səy göstərə bilər. İnsanlar ən çox bu vaxt məhdudiyyətinə görə narahatdırlar.
Sonradan rəsmi olaraq açıqlandı ki, qərarın imzalandığı 29 mart tarixinə qədər (29 mart daxil olmaqla) maşınlarını sifariş edib, pulunu ödəyənlərə güzəşt ediləcək. Yəni haqqı ödənilmiş və qərar qüvvəyə minəndən sonra gəlib çatan avtomobillər sərhəddə qalmayacaq. Onlara da güzəşt edəcəklər, amma qərar əvvəldən açıqlanmadığından, görünür ki, insanlarda əsəb, stres, süründürməçiliyə səbəb ola biləcək məqamlarla bağlı narahatlıq var.
Güzəşt edilməməsinin əsası yoxdur. İnsanlar sifariş etdikləri avtomobillərin pulunu bank vasitəsi ilə ödəyiblər. Deməli, ölkədən pul çıxıb və onun əvəzində nə isə gətirilməlidir. Əgər pulun əvəzinə avtomobil alınmazsa, bu, vətəndaşlara daha bir problem yaradacaq. Onlar xaricə pul axınında ittiham oluna bilərlər. Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır. Varlılar son model maşını Azərbaycanda avtosalonlardan alırlar. Bu dəfə də kimə isə maddi ziyan dəyəcəksə, bu, kasıblar olacaq.
Artıq əlində olan avtomobili satışa çıxarmış şəxslərin bir çoxu elanı geri götürüb və ya qiyməti qaldırıb. Avtomobil satış saytlarına baxın, köhnə maşınları satmaqdan imtina edirlər, çünki bir ay sonra həmin maşınların qiyməti qalxacaq.
Qərarın mahiyyəti, detalları, müsbət və mənfi tərəfləri, bütün risklər rəsmi şəkildə açıqlanmalıdır. Konkret cavab verilməlidir ki, proses necə həyata keçiriləcək. Əks halda insanların narahatlığını səngitmək çətin olacaq”.
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










