«Avtoş»ların sirri açıldı; burada məşq edirlər - FOTOLAR

Avtoxəbər 1 Noyabr 2014 12:20 Oxunub 4825
«Avtoş»ların sirri açıldı; burada məşq edirlər - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnternetdə virtual oyunlarla «sürücülük öyrənənlər» axırda «avtoş» olur

 

Yol hərəkəti üzrə ekpert sürücü təhsilinin «yox» səviyyəsində olduğunu deyir

 

Bu gün əksəriyyət belə hesab edir ki, sürücülərimiz arasında təhsil səviyyəsi olduqca aşağıdır. Yəni, hətta professor olsa belə, insan yol hərəkəti qaydalarını bilmədən sükan arxasına əyləşirsə, bu, artıq sürücülük təfəkkürünün aşağı olduğunu göstərir. Əslində, yol hərəkəti qaydaları, sürücülük özü bir elmdir. Və nədənsə 11 il orta məktəb, 4 il ali məktəb oxuyub diplom alaraq hansısa sahədə işə başlayan bəzi insanlar 1-2 ay normal şəkildə sürücülük kurslarına gedib nəsə öyrənməyə çalışmırlar. Hansı ki, sürücülük insana sağlamlığı imkan verənə qədər lazım olan bir peşədir. Və bu peşəni mükəmməl bilmədən sükan arxasına əyləşmək ölümlə çilingağac oynamaq anlamına gəlir.

Maraqlıdır, savadsız insan diplom ala bilmir, amma savadsız ola-ola sürücülük vəsiqəsi ala bilir. Necə və hansı yollarla alındığı geniş müzakirə olunası məsələdir, əsas odur ki, insan özü dərk etməlidir ki, qaydaları bilmədən maşın idarə etmək həm özünün, həm də başqalarının həyatını təhlükəyə atmaq deməkdir. Bəzən elə insanlara rast gəlirik ki, qaydaları bilməyə-bilməyə sürücülük vəsiqəsi əldə edir. «Bəs sürməyi nə vaxt öyrənəcəksən» sualına isə adətən belə cavab verirlər: «Köhnə maşın alıb sürə-sürə, ora-bura vura-vura öyrənəcəm».

Budur, bizim bəzi sürücülərin təfəkkürü. «Ora-bura vura-vura öyrənəcəm» deyərkən yəqin ki, kimlərinsə əmlakına, canına ziyan vurmağı, həyatını məhv etməyi nəzərdə tutmurlar. Amma axı bunlar da baş verir. İnsanlar ölür, şikəst olur, əmlaklarına ziyan dəyir. Bəs bunun haqq-hesabı kimin boynunda qalacaq? Doğrudanmı, 1-2 aylıq sürücülük kurslarına ciddi yanaşmaq, həqiqi təhsil prosesi keçib nəsə öyrənmək çətin məsələdir? Axı, bu, çox ciddi məsələdir. Burada sizin və başqalarının həyatından söhbət gedir. Bütün dünyanın böyük təhlükə saydığı, ölüm riskinin yüksək olduğu avtomobilə qeyri-ciddi yanaşmaq elə öz həyatına laqeyd münasibətin göstəricisidir.

Bütün bu sadaladıqlarımı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da təsdiq edir. Bu sətirlərin yazılmasına da elə onun facebookda yazdığı status səbəb oldu. Statusu olduğu kimi diqqətinizə çatdırmaq istərdim. Hər halda, bu statusda sürücü peşəkarlığı sahəsində biabırçı vəziyyəti görmək mümkündür: «5-6 il əvvəl ölkəmizdə sürücü problemi ilə bağlı rəsmi qurumlara müraciət etmişdim. Elə oldu ki, DYP-nin səlahiyyətli şəxsləri ilə bu məsələni müzakirə etdik. Mənim sürücü təhsilinin "yox" səviyyəsi ilə bağlı iradıma DYP rəsmisi dedi ki, indi uşaqlar da virtual oyunlarda sürücülük öyrənirlər. Bundan sonra həminn virtual oyunların bir neçəsini nəzərdən keçirdim və maraqlı bir "kəşf" etdim: ölkəmizdə rəsmən avtoxuliqan, qeyri-rəsmi isə "avtoş" adlananların əksəriyyəti həmin virtual oyunların həvəskarlarıdır.

Sözümün canı başqadır. Paytaxtımızda keçiriləcək avtomobil yarışından sonra Bakıda avtoxuliqanların artması məni təəccübləndirməyəcək».

Doğrudan da Ərşad Hüseynovun fikirlərində acı mənzərəni sezmək mümkündür. Bu qədər qaydalar yazılır, kitağlar çap olunur, suallar tərtib edilir. Bunları tam bilmədən internetdə virtual oyunlarla hansı sürücü peşəkarlığına yiyələnmək olar? Düşündük ki, bəlkə DYP rəsmisi düz deyir, internetdə yol hərəkəti qaydalarını virtual oyunlarla öyrənmək mümkündür. Elə bunu araşdırmaq üçün internet məkanında qısa bir araşdırma apardıq. Təqdim etdiyimiz fotolar DYP rəsmisinin dediyi həmin virtual oyunlardan çəkilmiş fotolardır. Buyurun, baxın! Və yenə də Ərşad Hüseynovun fikirlərini təsdiqləməli oluram. Doğrudan da bizim bəzi gənclər internetdə virtual oyunlarda yol hərəkəti qaydalarını, bu qaydalara riayət etməyi yox, qaydaları pozmağı, avtomobillə küçə və yollarda təhlükəli hərəkətlər etməyi öyrənirlər. Hətta, virtual məkanda öz avtomobillərinin nömrələrini qeyd edib DYP maşınları ilə mübarizə aparanlar da var. Yollarda DYP-dən qorxub çəkindikləri üçün virtual oyunlarda öz «məharətlərini» göstərirlər. Əlbəttə, heç kəsə sirr deyil ki, internetin insan psixologiyasına təsiri yüksəkdir. Bu gənclər internetdə «avtoş»luqla o qədər məşğul olurlar ki, bəzən real həyatı internetlə səhv salırlar. Mən bir şeyə qəti şəkildə əminəm; bu fotolarda öz avtomobillərinin nömrəsini yazanlardan bir neçəsini tapıb yol hərəkəti qaydalarına dair sorğu-sual etsək nəticə sıfıra bərabər olacaq. Amma onlardan avtoxuliqanlığın «fəlsəfəsi»ni, bu virtual oyunlarda kobud qayda pozuntularını necə etməsini soruşsaq elə mükəmməl cavab verəcəklər ki, adam mat-məətəl qalacaq. Odur ki, DYP rəsmisi və ya rəsmiləri bu fotolara diqqətlə baxıb virtual məkanda yol hərəkəti qaydalarının necə «öyrənildiyini» görsünlər.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh