Banner

Bakının iki böyük prospektindəki dəhşətli tıxacın ŞOK SƏBƏBİ

Avtoxəbər 5 Sentyabr 2014 23:11 Oxunub 2577
Bakının iki böyük prospektindəki dəhşətli tıxacın ŞOK SƏBƏBİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəbkar yolda xarab olan «Nissan»ın sürücüsü imiş; yarım saat ərzində eyni yerdə 5 yol qəzası baş verib

Bu gün Bakının iki nəhəng prospektində dəhşətli tıxac yaranıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, axşam saatlarında Heydər Əliyev prospektinin hər iki tərəfində, eyni zamanda Babək prospektində uzun tıxac yaranıb. Buna səbəb isə «Nissan X-Trail» markalı avtomobilin «Şəfa» stadionunun qarşısında xarab olub qalmasıdır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, saat 18:32 radələrində «Nissan» markalı nəqliyyat vasitəsi Heydər Əliyev prospektindəki əlavə zolaqda hərəkətdə olarkən avtomobildə texniki nasazlıq yaranıb. Avtomobilin sürücüsü isə nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə usta gətirmək üçün dərhal oradan uzaqlaşıb: «Maşını yolun ortasında qoyun sürücü usta gətirməyə gedib. Nəticədə yarım saat ərzində Heydər Əliyev prospektində böyük tıxac yaranıb. Burada yaranmış tıxac Babək prospektinə də təsir edib. Burada da şəhər istiqamətində olan yolda böyük sıxlıq müşahidə olunub. Yol polisi əməkdaşları həmin avtomobilin yanına çatıb onu yolun hərəkət hissəsindən kənarlaşdırıblar. Lakin buna nail olmaq üçün xeyli vaxt sərf olunub».

Vaqif Əsədov bildirib ki, Heydər Əliyev prospektində yaranmış sıxlıq 30 dəqiqəyədək davam edib. Səhlənkarlıq edən sürücülər isə yolda nə baş verdiyin görmək üçün sürəti azaldıqlarına görə sıxlıq daha da genişlənib: «Sürücülərimizdə belə xüsusiyyət var ki, bir hadisə baş verən kimi hamı sürəti azaldıb boylanır, hadisə yerinə baxır, gah da telefon çıxarıb çəkiliş aparırlar. Bu da istəs-istəməz sıxlıq yaradır. Çünki sürət həddi aşağı salınır. Təsəvvür edin ki, bir avtomobilin 20 saniyə dayanması böyük sıxlıq yaradır, kilometrlərlə yolda hərəkət dayanır. Bu gün baş verən hadisəyə gəlincə, bu, sırf sürücü səhlənkarlığının nəticəsidir. Həmin sürücü bilməli idi ki, yolun hərəkət hissəsində texniki nasazlıq yaranan nəqliyyat vasitəsini bütün vasitələrdən istifadə edərək yoldan kənarlaşdırmalı idi. Lakin o, belə etməyib. Maşın xarab olan kimi yolun ortasında qoyub, özü isə usta gətirməyə gedib».

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, təkcə Heydər Əliyev prospektində yaranmış sıxlıq nəticəsində yarım saat ərzində 5 yol nəqliyyat hadisəsi baş verib. Vaqif Əsədov bildirib ki, həqiqətən də həmin vaxt xırda yol qəzaları baş verib: «Lakin sayını dəqiq deyə bilmərəm. Çünki hələ tam dəqiq məlumatımız yoxdur. Amma bir neçə qəza olub ki, bu da xırda toqquşmalardır. Bu qəzaların başvermə səbəbləri barədə onu deyə bilərəm ki, sürücülərimiz sadəcə bir hadisə görən kimi özlərini itirirlər, yol yaddan çıxır, başlayırlar hadisəyə tamaşa etməyə. Özü də maşın sürə-sürə. Bunun nəticəsində də qarşıdakı nəqliyyat vasitələri ilə toqquşmalar olub. Bir daha deyirəm ki, bunlar yüngül qəzalar idi və sürücülərin səhlənkarlığının nəticəsidir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh