Detonasiya nə üçün benzin mühərriklərində baş verir? - FOTO

Detonasiya prosesi böyük səs-küy, daha doğrusu partlayışla baş verən kimyəvi reaksiya kimi qiymətləndirilməlidir. Mühərrikdə detonasiya adətən belə yaranır: yanıcı qarışıq sıxılır, lakin qığılcım yaranmadan, daha doğrusu porşen yuxarı ölü nöqtəyə çatmadan alışma baş verir və porşen geri qayıdır. Bu da spesifik taqqıltı ilə xarakterizə olunur.
Bəzən detonasiya o qədər güclü olur ki, dirsəkli val əks istiqamətə fırlanır və mühərrik yararsız hala düşür. Bu halı 90-cı illərin sürücüləri bu halı yaxşı xatırlayar: yanacaq o qədər keyfiyyətsiz idi ki, konkakt açarını çıxardıqdan sonra belə mühərrik təxminən 10 saniyə işləyirdi. Bu zaman tam yanma getmir, benzin (belə demək mümkünsə) karterə sorulur və yağın həcmi artırdı. Nəticədə sıxması güclü olan mühərriklər (2103, 2106, 2109) 30-40 min kilometrdə sıradan çıxırdı.
İndi texnologiya dəyişsə də mühərrikin xüsusiyyəti dəyişmir. Sadəcə olaraq injektor mühərriklərdə detonasiyanı təyin edərək alışmanı tezləşdirən sistem mövcuddur. Lakin bu hal belə sürücünün şüurlu davranışı qarşısında acizdir: belə ki, ölkəmizdə 95 və daha yuxarı oktan tələb edən avtomobillərə 92 oktanlı yanacaq tökmək normaya çevrilib. Hətta bəzi sürücülər “uzaqgörən” ustaların tövsiyəsi ilə yanacaqları qarışdırır. Hətta ayda bir dəfə guya, sistemi təmizləmək üçün avtomobilə “Premium” yanacaq tökənlər də tapılır. Aşağı oktanlı yanacaqdan istifadəni sürücülərin az pulla çox yol getmək istəyi kimi başa düşmək olar. Lakin bir tərəfdən qənaət digər tərəfdən bahalı təmirə səbəb olur.
O ki qaldı, dizel mühərrikində detonasiya az olmasına, bunun səbədi yanıcı qarışığın hazırlanma qaydasıdır. Benzin mühərrik yanıcı qarışığı hazır şəkildə injektor və ya karbüratordan qəbul edərək sıxır. Dizellərdə isə porşen yalnız havanı sıxır və bundan sonra sıxılaraq qızmış havanın üzərinə təxminən 20 kilopaskal təzyiqlə yanacaq püskürdülür. Bu səbədən benzin mühərriklərdə porşenin diametri əksər hallarda 100 millimetri keçmədiyi halda, Dizeldə 1 metri (gəmi mühərriki) keçə bilir.
Lakin bu heç də o demək deyil ki, dizel mühərriki istənilən aşağı keyfiyyətli yanacaqla işləyə bilər. məsələn, müasir dizelə gəmi yanacağı tökülərsə detonasiya və mühərrikin sıradan çıxması qaçılmazdır. Dizel mühərrikində detonasiya dedikdə yanıcı qarışığın tədricən deyil, anidən alovlanması başa düşülür.
Aşağıdakı fotoda isə detonasiyanın Azərbaycan Sovet Ensiklopediyasındakı izahı əks olunub. İnformasiya kiril əlifbası ilə olsa da, yığcam və hərtərəflidir.
Vüqar














