Banner

DYP nömrə yerinə «Dostum evlənir» yazan 19 sürücünü cəzalandırdı – FOTO

Avtoxəbər 8 Sentyabr 2014 01:04 Oxunub 4253
DYP nömrə yerinə «Dostum evlənir» yazan 19 sürücünü cəzalandırdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən yaxşı halda 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur

Toy karvanlarında hərəkət edənlərin təhlükəli əməlləri bir yana, onların daha bir qayda pozuntusu həmişə müzakirə mövzusudur. Bu da avtomobilin dövlət nömrə nişanının üzərinə «Dostum evlənir», «Dostumun toyudur», «Xohbəxt olun» kimi sözlərin yazılmasıdır. Əvvəllər bunu edənlər avtomobilin yalnız bir nömrəsinin – qabaq və yaxud da arxa nömrəsinin üstünü belə şüarlarla örtürdülər. Amma indi yol polisinin belələrinə göz yummasının nəticəsidir ki, artıq hər iki nömrənin üstünü bu cür şüarlarla örtürlər. Özü də, indi yeni şüarlar da yazanlar var. Məsələn, fotoda gördüyünüz bahalı avtomobil iki gün əvvəl «Altun» saray restoranında toy məclisində olub və hər iki nömrənin üstünü bağlayaraq «Əmioğlu evlənir» şüarını yapışdırıb. Ondan başqa, həmin toy məclisində iştirak edən bir neçə nəfərin idarə etdiyi «Lexus» və «Lande Gruiser» markalı avtomobillərin də üzərində bu kimi şüarlar olub. Belə faktlara hər gün rast gəlmək olar. Hamısı da DYP əməkdaşlarının gözü qarşısında və ya Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Mərkəzinin kameraları görə-görə baş verir. Amma bu cür halların qarşısı nəinki alınıb, əksinə, daha da artıb.

Avtosfer.az saytı DYP-nin nə kimi tədbir görməsini bir kənara qoyub, qanunvericilikdə bu cür xətalara qarşı hansı cəzaların nəzərdə tutulduğunu diqqətə çatdırır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, «Yol hərəkəti haqqında» Vyana Konvensiyasına və ölkəmizin milli qanunvericiliyinə əsasən, hər bir mexaniki nəqliyyat vasitəsinit, hətta onun qoşqusunun dövlət qeydiyyat nişanı, yəni nömrəsi olmalıdır. Dövlət qeydiyyat nişanı həmin nəqliyyat vasitəsini digərlərindən fərqləndirmək, yəni onu fərdiləşdirmək üçün əsas vasitədir. Bu səbəbdən qanunla müəyyən olunan standartlara uyğun dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin yollarda hərəkəti qadağandır. Özü də avtomobillərin və əksər digər nəqliyyat vasitələrinin arxada və qabaqda olmaqla iki dövlət qeydiyyat nişanı lövhəsi olur. Bu lövhələrin hər ikisi yerində olmalıdır. Əks təqdirdə, belə nəqliyyat vasitələrinin hərəkəti yolverilməzdir. Məhz bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi dövlət qeydiyyat nişanları və ya onlardan biri olmayan, saxta və ya mövcud standartlara uyğun olmayan, yaxud başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etməyə görə 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Özü də dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsinin hərəkəti qadağan edildiyindən nömrəsinin hər ikisi və ya biri yerində olmayan, yaxud saxta olan avtomobil yol hərəkətindən kənarlaşdırılaraq saxlanılmalıdır. Əgər problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkün deyilsə, həmin avtomobil mühafizə olunan duracağa qoyulmalıdır. Bu avtomobilin hər iki nömrəsi yerinə qoyulmayanadək onun mühafizə olunan duracaqdan götürülməsi mümkün deyil.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, bu ilin 8 ayı ərzində paytaxt ərazisində toy karvanlarında dövlət nömrə nişanının üzərini örtən 19 sürücü aşkar olunaraq inzibati məsuliyyətə cəlb olunub. Onların arasında həm nömrənin üstünü müxtəlif şüarlarla, həm də bəzək əşyaları ilə bağlayan sürücülər də var: «Nömrənin üzərinə «Dostum evlənir», «Xoşbəxt olun» kimi şüarlar yazıb yapışdırırlar. Eyni zamanda, gül, örtuk və digər bəzək əşyaları ilə nömrənin üstünü bağlayırlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə faktlara qarşı mübarizə aparır və aşkar olunan hər bir faktla bağlı dərhal tədbir görülür. Həmin sürücülər barəsində müvafiq qaydada tədbirlər görülür. Bundan sonra da mübarizəni davam etdirəcəyik. Hər halda, istərdim, sürücülər bilsin ki, bu cür əməllər qayda pozuntusudur və buna yol vermək olmaz. Sürücülər şüurlu şəkildə bunu dərk etməlidir».

 

P.S. Yəqin fotolara diqqətlə baxdıqda Türkiyədə bəy-gəlin maşınlarının üzərinə yazılan şüarlara da rast gəldiniz. Və gördünüz ki, bizdən fərqli olaraq, Türkiyədə belə maraqlı şüarları maşının üstünə yazırlar, nömrənin üstünə yox. Olsa da, orada çox nadir hallarda kimsə nömrənin üstünü bağlayıb belə şüarlar yazar. Amma Azərbaycanda toy karvanında gedən avtomobillər belə şüarları mütləq nömrənin üstünə yazmalıdır. Bu isə qanunvericiliklə qadağandır və cəriməsini də yəqin ki, bildiniz. Başa düşürük, toydur, sevinmək lazımdır. Amma qanunu pozaraq sevinənlərin axırı çox vaxt yaxşı qurtarmır.

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh