DYP: Ünvanı gizlədən sürücülər onsuz da tapılıb cəzalandırılacaq

Avtoxəbər 5 May 2014 01:19 Oxunub 2667
DYP: Ünvanı gizlədən sürücülər onsuz da tapılıb cəzalandırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: ««Görmədim, xəbərim yoxdur, mənə heç nə çatmayıb» deyənlər sonda cərimə ödəməli olacağını bilməlidir»

«Sürücülər, piyadalar, ümumiyyətlə, yol hərəkəti iştirakçılarının əksəriyyəti yol polisindən çağırış vərəqələrinin alınmasında süni əngəllər yaradırlar». Bunu Avtosfer.az saytına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bəzi sürücülər qeydiyyatda olduğu ünvanda yaşamır, bəziləri isə ünvanı dəyişərkən yol polisinə heç bir məlumat vermir. Nəticədə isə həmin sürücülərlə bağlı texniki vasitələrin – radar – təhlükəsizlik kamerası- köməyi ilə aşkar olunmuş qayda pozuntuları ilə bağlı bildirişləri, yəni, yol polisi idarələrinə dəvət olunmaq barədə göndərişləri onlara çatdırmaq mümkün olmur: «Əslində, vətəndaşlar özləri bu işdə maraqlı olmalıdırlar. İlk növbədə hər bir sürücünün qeydiyyatda olduğu ünvanla, yəni, şəxsiyyət vəsiqəsində göstərilən ünvanla yaşadığı ünvan uyğun olmalıdır. Əgər bununla bağlı uyğunsuzluq varsa, sürücü mütləq yaşadığı ərazi üzrə yol polisi şöbəsinə məlumat verməli və qeydiyyata alınmalıdır».

Bununla yanaşı, Vaqif Əsədov onu da deyib ki, bəzi sürücülər yaşadıqları ünvana poçt qutusu yerləşdirmirlər. Çünki sürücü evdə olmadığı təqdirdə bildiriş və ya hər hansı digər poçt qutusuna atılmalıdır: «Bütün hallarda, hər bir vətəndaş, sürücü, piyada yaşadığı ünvanı poçt qutusu ilə təmin etməlidir. Son vaxtlar tikilib istifadəyə verilmiş hündürmərtəbəli binalarda bloklara kodla açılan qapılar qoyulur. Yaxud da, həmin binalara xüsusi nəzarət sistemi qoyulur ki, binaya kənar adam buraxılmır. Belə olduğu halda, poçtolyon yol polisinin göndərdiyi bildirişləri, çağırış vərəqələrini həmin vətəndaşlara, sürücülərə necə çatdıra bilər? Ailə var ki, səhər saat 8-in yarısı evdən çıxır, axşam 8-də evə qayıdır. Evində də poçt qutusu yoxdur. Poçtolyon isə saat 5-ə qədər işləyir. Belə olan halda bizim göndərdiyimiz sənədlər həmin sürücüyə necə çatdırıla bilər? Sonra da sürücülər narazılıq edirlər ki, radara düşmüşəm, üstündən neçə ay keçib, indi çağırırlar və sair və ilaxır. Bəs, o sürücüdən niyə soruşan yoxdur ki, neçə aydır yol polisinin səni tapa bilməməsinin səbəbi nədir?».

Vaqif Əsədov onu da deyib ki, sürücülərin yaşadıqları ünvanları, mobil telefon nömrələrini tez-tez dəyişməsi, yol polisindən gizlənməsi onları heç bir məsuliyyətdən azad etmir. Çünki barəsində hər hansı foto və videomaterial olan, inzibati xəta törətdiyi bilinən sürücülər gec-tez aşkar olunaraq məsuliyyətə cəlb ediləcəklər: «Bütün bu problemlərin başında duran elə vətəndaşlar özləridir. Əslində, vətəndaşlar özləri bu işdə maraqlı olmalıdırlar. Kimin avtomobili varsa, çalışmalıdır ki, evində poçt qutusu olsun. Amma mən əmin deyiləm ki, vətəndaşlar özləri bunu istəmirlər. Hesab edirəm ki, bəzi vətəndaşlar yol polisi onu axtarıb tapmasın düşüncəsi ilə bilərəkdən gizlənir. Lakin bu cür düşüncə ilə heç nəyə nail olmayacaqlar. Çünki bütün hallarda onların barəsində tədbir görüləcək. Əslində, sürücünün ünvanı dəyişməsinə, gizlənməsinə məsuliyyət nəzərdə tutulmur. Amma sonda onsuz da onlar törətdikləri inzibati xətaya görə məsuliyyətə cəlb olunacaqlar. Yaxşı olar ki, özləri maraqlı olsunlar ki, yol hərəkəti qaydalarını pozarkən, digər hallar baş verərkən vaxtında məlumat ala bilsinlər. «Görmədim, xəbərim yoxdur, mənə heç nə çatmayıb» deyənlər sonda törətdiyi əmələ görə cavab verməli olacağını bilməlidir. İlk növbədə hər kəs yaşadığı ünvan barədə məlumat verməli, sonra isə həmin ünvanı poçt qutusu ilə təmin etməlidir. Ən əsası da, imkanı olanlar intnernet vasitəsilə Daxili İşlər Nazirliyinir mia.gov.az saytına daxil olub cərimələrlə bağlı məlumat alıb, cəriməsinin olub-olmadığını yoxlaya bilər».

 

Elməddin MURADLI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh