Banner

İcra başçısının maşınına baxın; qayda-qanun kim üçündür? - VİDEO

Avtoxəbər 2 Fevral 2015 14:02 Oxunub 5931
İcra başçısının maşınına baxın; qayda-qanun kim üçündür? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədinin icra başçısına məxsus avtomobil kobud qayda pozur; onun 6 MMX radarı və 30 yaxın videosu var

Azərbaycanda bəzi məmurlar yol hərəkəti qaydalarına yəqin ki, axırıncı dəfə nə vaxt tam əməl etdiklərini unudublar. Amma yaxşıları da var. Məsələn, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun xidməti avtomobilinin svetoforun qırmızı işığında dayandığını görənlər var. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bir neçə ay əvvəl özünün də olduğu xidməti avtomobili ilə Səməd Vurğun küçəsində yolda hərəkətin əksinə getdiyi ilə bağlı videonu elə Avtosfer.az-da yayımlamışdıq. Görünür, Hacıbala Abutalıbovdan sonra digər icra başçıları da ona oxşamağa çalışırlar.

İzlədiyiniz bu video sosial şəbəkələrdə yayılıb. Göründüyü kimi, 10 AA 812 dövlət nömrə nişanlı, «Hyundai Equus» markalı avtomobil yolun əksinə çıxaraq hərəkət edir. Bununla, həmin avtomobil qəza şəraiti yaradır. Üstəlik, bu avtomobilin önündə sayrışan işıqlar da gözümüzü deşir.

Avtosfer.az-ın apardığı araşdırmalardan sonra məlum oldu ki, həmin avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsusdur. Daha dəqiq desək, bu nəqliyyat vasitəsi icra başçısının xidməti avtomobilidir.

Bəlkə də, bu qayda pozuntusu zamanı icra başçısı avtomobildə olmayıb. Məlumdur ki, başçıların maşınlarını sürücülər idarə edir. Amma sürücü belə kobud qayda pozursa, ən yaxşı halda başçı ona xəbərdarlıq etməlidir. Nəticəsi olmasa, onu işdən qovmaq lazımdır. Çünki qəza baş verəndə heç kim gəlib soruşmur ki, bu avtomobil kimindir? Bunu vurmaq olar, ya yox?...

O ki qaldı, sayrışan işıqlara, qanuna görə, bu işıqlardan yalnız xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrində istifadə edilə bilər. Lakin birmənalı şəkildə demək olar ki, icra başçılarının xidməti maşınları nə xüsusi təyinatlı, nə də operativ nəqliyyat vasitəsidir. Adından da göründüyü kimi, o sadəcə, xidməti avtomobildir. 

Yuxarıda da qeyd etdik ki, ola bilsin, icra başçısı qayda pozularkən avtomobildə olmayıb. Lakin xidməti avtomobil İcra Hakimiyyətinin balansındadır və qeydiyyat yerə də İH-nin binasıdır. Bu maşınlar radara düşərsə, qayda pozuntuları kameralar vasitəsilə qeydə alınarsa, inzibati protokol və görüntülər İcra Hakimiyyətinin ünvanına göndərilir.

Elə gəlin, maraqlı bir məqama da aydınlıq gətirək. Apardığımız araşdırmalardan məlum oldu ki, hazırda Xaləddin İsgəndərovun xidməti avtomobilinin Dövlət Yol Polisinin elektron sistemində 6 MMX radarı var. Bundan əlavə, müxtəlif qayda pozuntularını əks etdirən 30-a yaxın kamera görüntüləri də qeydə alınıb. Deməli, ya sürücü başçıdan xəbərsiz qayda-qanunların əksinə gedir, ya da, başçı özü «sür» deyir.

Bütün hallarda, qayda pozuntusuna dair radar məktubları Binəqədi rayon İcra Hakimiyyətinə göndərilib. Bunu isə başçıdan heç kim gizlədə bilməz. Elədirsə, törədilən qayda pozuntusuna görə cərimələri niyə ödəmirlər? Və ya, başçı niyə sürücüsünə ciddi xəbərdarlıq edib demir ki, belə qayda pozuntusu eləmə. Başqaları da bizə baxıb pis nümunə götürməsin.

Nümunə demişkən, videoya diqqətlə baxsanız görərsiniz ki, icra başçısının xidməti avtomobili qayda pozub əks yola çıxmaqla yanaşı, qarşıdan gələn nəqliyyat vasitələrinin önünü kəsir. Onun arxasınca da başqa bir avtomobil eyni tip qayda pozur və sola dönür. Deməli, icra başçısının xidməti avtomobili ilə başqalarına pis nümunə oldular. Olmasaydı, daha yaxşı olardı.

Əslində, başçısının avtomobilinin ardınca qayda pozan sürücünü qınamaq olmaz. Yol polisi AA seriyalı maşını «görməyib», onunla birlikdə qayda pozanı saxlayanda sürücü haqlı olaraq bu sualı verir; ona olar, mənə yox?

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh