Köhnə avtomobillərin yığışdırılması üçün Avropa təcrübəsi; nəyi necə etməli?
Avtoxəbər 18 İyul 2021 14:44 Oxunub 5066
Köhnə avtomobillərin yığışdırılması üçün Avropa təcrübəsi; nəyi necə etməli?

Avtomobil istehsalınının artması, yeni ekoloji normaların tətbiqi köhnə texnikanın sayının artmasına gətirib çıxarır. Avropa ölkələri 90-cı illərdə problemdən çıxış yolunu çıxdaş avtomobillərin Afrika və keçmiş sosialist düşərgəsinə ucuz qiymətə satışında görürdülər. MDB ölkələrinə və Afrikaya yardım adı adı ilə işlənmiş avtobus və yük avtomobillərinin bağışlanması da yaxın 20-30 ildə baş vermiş hadisələrdir. Son 10 ildə isə sözügedən ölkələrdə ekoloji tələblər sərtləşdiyi üçün bu metod səmərə vermir.

Bəs ümumilikdə köhnə avtomobillərin utilizasiyasında fayda nədir? Prosesin iqtisadi əhəmiyyəti nədən ibarətdir?

Metal strateji məhsuldur. Filiz ehtiyatlarının tükənməsi və istismar xərcinin artması nəticəsində onun qiyməti durmadan artır. Bu səbəbdən dünyada əlavə mənbə kimi təkrar emal məsələsinə ciddi diqqət yetirilir. Alternativ metal mənbəyi kimi avtomobillərin utilizasiyası 21-ci əsrədək çox da geniş tətbiqini tapımayıb. Son 10-15 ildə isə bu məsələ böyük dövlətlərdə xüsusi diqqət mərkəzindədir.

Bəs proses necə həyata keçirilir? Bu gün biz 2 ölkə – Almaniya və Fransanın təcrübəsi üzərində dayanacağıq. Əvvəlcə niyə məhz Fransa və Almaniya sualına cavab vreək: Avropa İttifaqında ən çox təzə avtomobil bu ölkələrdə alınır. Məntiqi olaraq burada istismardan çıxan nəqliyyat vasitələrinin də sayı çoxdur. İttifaq üzrə hər il istismardan çıxan 7 milyon avtomobilin yarısı bu 2 ölkənin payına düşür.

Utilizasiya işinə özəl sektoru cəlb etmək üçün 2000-ci illərdən etibarən Avropa ölkələrində avtomobil qəbulu mətəqlərinin təşkilinə başlandı. Paralel olaraq qanunvericilik də sərtləşdirildi. Məsələn, istismara yaramayan avtomobili təhvil verməyən Fransa və ya Lüksxemburq vətəndaşını 1500 avro cərimə gözləyir.

Avtomobil utilizasiyası yeni iş yerləri formalaşdıran və əlavə dəyər yaradan strukturdur. Almaniyada bu sektorda 18 min, Fransada 8 min, Lüksemburqda 3500 nəfər daimi çalışır. Bəs proses necə həyata keçirilir?

Sosial şəbəkədə gördüyümüz avtomobillərin preslənməsi və ya traktorla tapdanması səhnələrinə Avropada rast gəlinmir. Əvvəla, ekoloji qanunvericilik buna imkan vermir. İstehsalat baxımından isə əlvan və qara metallar qarışdıqda birincilər çıxdaş olur. Yağlar yanaraq əlavə çirklənmə mənbəyinə çevrilir. Avropada ekoloji qanunvericiliyi pozan utilizasiya şirkəti 20 min avroyadək cərimələnə bilər.

Avropa Şurasının 2000-ci ildəki 53 saylı direktivinə görə, istehsalçılar təkrar emala yararlı materiallardan mümkün qədər çox istifadə etməlidirlər. Avtomobilin təxminən 85%-ni qara metal, 5%-ni əlvan metal ərintiləri təşkil edir. Yararlı detallar təkrar satışa və ya istehsala yönləndirilir. Yararsız hissələr zavoda göndərilərək emal olunur. Plastik hissələr yandırılaraq istilik alınır. Utilizasiyaya təqdim edilmiş avtomobilin təkrarən satılması qadağandır. Yararlı detalların satışının təşkili isə məcburidir. Yaşı ondan çox olan avtomobillərin detalları Avropada alınmadığı üçün onlar bir qayda olaraq İttifaqdan kənara ixrac edilir. Utilizasiya müəssisələri avtomobil kolleksiyaçılarının da marağında olan yerdir. 

AZƏRBAYCANDA VƏZİYYƏT

Ölkəmizdəki vəziyyət kifayət qədər optimist danışmağa imkan verir. Lakin...

Son 20 ildə tikilmiş zavodlar istənilən metalı yüksək səviyyədə təkrar emal etməyə imkan verir. Yəni işin ikinci hissəsi tam görülüb. Qalır birinci hissə: yəni, qanun qəbul edib utilizasiya prosesini çərçivəyə salmaq. Bunun da yəqin ki, yaxın vaxtlarda şahidi olacağıq.

Əslində ölkəmizdə avtomobil utilizasiyası kortəbii şəkildə olsa da baş verir. Köhnə avtomobilini metal kimi təhvil verən yüzlərlə sürücü var. Lakin onlar çox vaxt ömrünü başa vurmuş texnikanı uçotdan çıxarmırlar. Yeni qanunvericilik məhz sovetdən qalma bu zərərli ənənəyə son qoymalıdır. Bunun da çarəsi Avropa təcrübəsində mövcuddur:

1. Avtomobilə istismar olunub-olunmamasından asılı olmayaraq vergi tətbiq etmək.

2. Avtomobili təhvil verəni həvəsləndirmək.

Məsələn, Belçikada 5 il əvvəl belə bir təcrübə vardı: avtomobildən könüllü imtina edən vətəndaşa ictimai nəqliyyatdan 3 il pulsuz istifadə hüququ verilirdi. 1 gedişin 2 avro olduğu şəhər üçün bu, kifayət qədər ciddi rəqəmdir.

Avtomobillərin utilizasiyası həm yeni iş yerləri yaratmağa, həm də metal idxalından asılılığı minimuma endirməyə imkan verir. Bu alternativ mənbə filiz ehtiyatlarını qorumaq və ekologiyanı yaxşılaşdırmaq üçün də vacibdir. Proses dövri olduğu üçün bu sahədə yaradılan iş yerlərinin 90%-ə qədəri daimi olur.

PS. Utilizasiya prosesinin təşkili işğaldan azad edilmiş ərazilərdə qalan avtomobillərin də yaratdığı ekoloji fəsadların qarşısını almağa imkan verəcək. Ermənilərin qoyub getdiyi “Jiquli”, “Moskviç” və ya “ZİL”lərin heç bir tarixi, elmi dəyəri yoxdur və təbiəti çirkləndirir. Minalar təmizləndikdən sonra onların da yığışdırılması zəruridir.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh