Maşının evakuasiyası nə zaman və necə həyata keçirilməlidir? - HÜQUQLARINIZI ÖYRƏNİN
Bir neçə gün əvvəl televiziya kanallarının birində avtomobilin mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılması zamanı ziyan dəydikdə onun əvəzinin necə ödənilməsi barədə danışılırdı. DYP rəsmisinin də fikrinin soruşulduğu süjetdə məsələyə yanlış bir şərh verildi. Həmin yanlışlığın mahiyyətinə toxunmadan belə hallarda məsələnin necə həll edilə biləcəyini diqqətə çatdırmaq istəyirəm. Hesab edirəm ki, bu, bütün sürücülər üçün maraqlı ola bilər. Bu məsələdə qanunun mövqeyi kifayət qədər aydındır. «Yol hərəkəti haqqında» Qanunun 85-ci maddəsinin 9-cu bəndində deyilir ki, nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa (yəni cərimə meydançasına aparılmışdırsa) və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Göstərilən Qanun bu məsələni təfərrüatlı tənzimləmir, çünki bu, onun tənzimləmə predmeti deyil. Ümumiyyətlə isə belə məsələlər Mülki Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Sonuncu normada cavabdeh kimi Azərbaycan Respublikasının adı çəkilir. Aydın məsələdir ki, konkret məsələlərlə bağlı Azərbaycan dövlətinin səlahiyyətlərini ayrı-ayrı dövlət qurumları həyata keçirirlər. Deməli, dövlətə aid səlahiyyətlərin icrasına, eləcə də bu fəaliyyətdən doğan nəticələrə görə konkret qurumlar məsuldurlar. Mövcud qanunvericilikdən hər kəsə bəllidir ki, yol hərəkətinin təşkili üzrə bir xeyli səlahiyyətlər, o cümlədən avtomobillərin müxtəlif əsaslarla cərimə meydançalarına aparılması, orada saxlanması və bununla bağlı başqa məsələlər müstəsna olaraq DYP-nin səlahiyyətinə aiddir. Odur ki, bu səlahiyyətin icrası ilə bağlı yaranan problemlərə görə məsul qurum da məhz DYP-dir. Cərimə meydançasına aparılarkən və ya orada saxlanılarkən avtomobilinə ziyan dəymiş sürücü həmin ziyanın ödənilməsinə dair iddiasını məhz DYP-nin bu işlə məşğul olan və hüquqi şəxs satatuslu qurumuna qarşı irəli sürməlidir.
Düzdür, təcrübədə DYP bu səlahiyyətini müxtəlif şirkətlərə aid evakuasiya avtomobilləri vasitəsilə həyata keçirir. Amma DYP-nin hər hansı müqavilə və ya razılaşma əsasında bu səlahiyyətin icrasına kənar qurumu cəlb etməsinin ziyan dəymiş vətəndaş üçün heç bir önəmi yoxdur. Digər tərəfdən, hər bir konkret halda avtomobilin evakuasiya edilməsi konkret DYP əməkdaşının qərarı ilə, onun tərtib etdiyi duracağa göndəriş vərəqi əsasında həyata keçirilir. Bir sözlə, istənilən halda dəymiş ziyanın ödənilməsini tələb edən vətəndaş qarşısındakı cavabdeh subyekt DYP-dir. Məhkəməyə verilən iddia da ona qarşı yönəlməlidir.
Sürücülər bilməlidirlər ki, dəymiş ziyanla bağlı iddia qaldırmaq üçün ziyan vurulması faktını qeydə almaq və ziyanın məbləğini müəyyən etmək lazımdır. Çünki qaldırılacaq iddia üzrə sübut etmə vəzifəsi iddiaçı sürücünün üzərinə düşür. Ona görə də hər bir sürücü avtomobilinin cərimə meydançasına gətirilməsindən sonra onu diqqətlə nəzərdən keçirməli, zədələr aşkar etdikdə bunu mütləq qeydə almalıdır. Qeydə almanın ən yaxşı vasitəsi cərimə meydançasının əməkdaşlarının və kənar şəxslərin iştirakı ilə akt tərtib olunması, daha sonra zədələrin fotosunun və ya videogörüntüsünün çəkilməsi ola bilər. Dəymiş ziyanın qiymətləndirilməsi isə mövcud xidmətlərin, sıradan çıxmış detalların dəyəri nəzərə alınmaqla həyata keçirilə bilər, mübahisə olduqda məhkəmədən ekspertizanın təyin olunması da xahiş oluna bilər.
Nəzərə alın ki, avtomobilin mühafizə olunan duracağa gətirilməsi zamanı ona ziyan vurulmasının icbari sığorta ilə heç bir əlaqəsi yoxdur. Deməli, buna görə sizin mülki məsuliyyətinizi icbari sığorta etmiş sığorta şirkətindən nə isə tələb etməyə dəyməz. Amma avtomobilinizin ümumi sığortası (KASKO sığorta) varsa, bu halda ziyan dəyməsi sığorta hadisəsi sayılır və mütləq sığorta şirkətini cəlb etmək lazımdır.
Ərşad Hüseynov,
Yol hərəkəti üzrə ekspert,hüquqşünas