Nömrəni qanunsuz yolla başqa avtomobilə vurmağın cəzası nədir?
Səbail rayonu, Salyan şosesində bir nəfərin ölümü, iki nəfərin xəsarət almasına səbəb olan «Hyundai» markalı avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanının əslində, Səbail Rayon İcra Hakimiyyətinə (RİH) məxsis «QAZ 3110» avtomobilinə aid olması barədə məlumat vermişdik. Avtosfer.az saytının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində (MMX) 10 AS 509 dövlət nömrə nişanı ilə bağlı axtarış aparıldıqda «QAZ-3110» markalı nəqliyyat vasitəsi üzə çıxır. Yəni, həmin nömrə rəsmi olaraq «QAZ-31»ə aiddir. Lakin icra hakimiyyətində qanunsuz olaraq bu nömrəni «Hyundai» markalı avtomobilə bağlayıblar. Bu o deməkdir ki, Səbail rayon icra hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən və yüksək sürətlə hərəkətdə olarkən 3 piyadanı vuran «Hyundai» markalı avtomobilin üzərindəki nömrə saxtadır.
Həmin hadisə ilə bağlı Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxdanılıb. Hadisə şahidləri qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildirsələr də, nədənsə, məsuliyyətə cəlb olunan sürücü olub. Nömrənin dəyişdirilməsi məsələsinə gəlincə, əlbəttə, sürücü bu işi görə bilməzdi. Yəni, sürücünün özbaşına olaraq nömrəni bir maşından açıb başqasına bağlaması o qədər də inandırıcı deyil.
Bəs, dövlət nömrə nişanının bir maşından açılıb qanunsuz yolla başqa maşina bağlanmasının cəzası, cəriməsi nə qədərdir? Avtosfer.az saytı bildirir ki, nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş nömrə (dövlət qeydiyyat nişanı) ilə idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Bundan əlavə, buna yol vermiş sürücünün nəqliyyat vasitəsi mütləq cərimə meydançasına (mühafizə olunan duracağa) yerləşdirilməlidir. Çünki həmin fakt araşdırılmalıdır. Müəyyən edilməlidir ki, bu nəqliyyat vasitəsinin öz dövlət qeydiyyat nişanı varmı, varsa haradadır? Eyni zamanda o da aydınlaşdırılmalıdır ki, nəqliyyat vasitəsinin üstündəki nömrə hansı nəqliyyat vasitəsinindir və həmin nəqliyyat vasitəsi haradadır?
Onu da qeyd etmək lazımdır ki, belə əməllər adətən, kriminal niyyətlə törədilir. Onu edənlər dövlət qeydiyyat nişanına əsasən avtomobillərinin eyniləşdirilməsini mümkünsüz etmək üçün bu əmələ əl atırlar. Odur ki, bu kimi faktların detallı araşdırılması zəruridir. Həmin araşdırılmalar başqa, daha ciddi hüquq pozuntularını üzə çıxara bilər.
Qeyd edək ki, bundan əvvəl deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus bir neçə avtomobildə 10 LR 100 dövlət nömrə nişanının olduğu aşkar edilib. Lakin yol polisi bildirir ki, bu nömrələr ayrı-ayrı vaxtlarda vətəndaş avtomobili dəyişərkən yeni avtomobilə vurulub. Yəni, yol polisinin iddiasına görə, Aynar Məmmədov həmin nömrədən eyni vaxtda bir neçə avtomobildə istifadə etməyib.
Elməddin