Banner

"Parkovşik"lərin qanunsuz fəaliyyətinə kim şərait yaradır? - "Hər ay bir milyondan artıq pul yığırlar"

Avtoxəbər 21 İyun 2023 23:38 Oxunub 1524
"Parkovşik"lərin qanunsuz fəaliyyətinə kim şərait yaradır? - "Hər ay bir milyondan artıq pul yığırlar"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt ərazisində yolun hərəkət hissəsinin, eləcə də parklanma üçün nəzərdə tutulan ərazilərdən şəxsi maraq güdülərək qanunsuz istifadə edilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Bakıda 600-dən çox qanunsuz “parkovşik” (parkinq nəzərətçisi) işləyir. Sahibsiz "pakorvşiklər", hər gün sürücülərin cibinə girərək, yüzlərlə manatı mənimsəyirlər.

Bəs bu nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Referans.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, bu vəziyyət yalnız ciddi tədbirlər görüldüyü zaman aradan qaldırılacaq:

“Hazırda bu məsələ barəsində xaotik bir vəziyyət hökm sürür. Parklanma ilə bağlı konkret qiymətlər dəqiqləşdirilməyib və ciddi bir nəzarət mexanizmi yoxdur. Yol hərəkəti haqqında qanunun 53-cü maddəsində qeyd olunan məsələlərin hamısı havada qalır. Yəni bu məsələlər nə zaman icra olunacaqsa, o zaman da bu problem aradan qaldırılacaq. Amma hazırda sürücülər bundan narazıdır. Bəzi insanlar sanki özlərinə iş yeri tapıblar, amma bu soyğunçuluqdur. Gündəlik həyatımızda bununla tez-tez rastlaşırıq. Sözügedən parkovşiklər gəlib dururlar maşınımızın yanında, avtomobilimizi parkinq elədiyimiz ərazidən çıxararkən durub adamın üzünə baxırlar və sən də məcbur ona 50 qəpik, 1 manat verirsən. Onlar deyə bilərik ki, hər gün yolları rezerv edirlər. Yola daş qoyurlar və digər əməllərlə sanki həmin ərazilərin onlara aid olduğunu göstərmək istəyirlər. Həmin parkovşiklər sürücülərə müəyyən məbləğ qarşılığında və sürücünün orada dayanacağı vaxtdan asılı olaraq öz ərazilərində olan yerləri onlara satırlar”.

Ekspert bildirib ki, hesablamalara görə, həmin qanunsuz parkovşiklər ümumilikdə hər ay bir milyon manat qanunsuz pul yığırlar: “Biz hesablamışıq və görünür ki, hər ay 1 milyon manat kimlərinsə cibinə gedir. Bakı şəhərində parklanmalardan yığılan pul hər ay bir milyon manatı ötür. Bu hələ minimum məbləğdir. Təssüflər olsun ki, bütün bunlar da aidiyyatı dövlət qurumlarının gözləri önündə baş verir və bu məsələyə göz yumulur”.

Bu barədə Referans.az-a açıqlamasında DYP-nın baş inspektoru Araz Əsgərli bildirib ki, yol kənarlarında qanunsuz fəaliyyət göstərən parkovşiklərə ərazi aidiyyatı üzrə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir, lakin ümumi vəziyyəti tənzimləyən qaydalar və onların icrasını təmin edən mexanizimlər də dəqiq formada formalaşmalıdır ki, zəruri tədbirlər daha səmərəli olsun:

“Ümumiyyətlə, bu məsələ uzun müddətdir ki var və bu məsələlərə məsul olan aidiyyatı orqanlar da hesab edirik ki, tədbir görməyi düşünür. Parklama siyasəti, onun formalaşdırılması və təşkili ümumilikdə DİN-in və DYP-nin səlahiyyətində deyil. Bu məsələlərdə  polis yalnız nəzarət proflaktik işləri öz səlahiyyətində icra edə bilər. Yəni dayanma və durma qadağan olunan yerdə İXM-nin 346-cı maddəsinə əsasən 20 və ya 40 manatlıq cərimə protokolu tətbiq etməklə qayda pozuntusuna hüquqi qiymət verə bilər. Qaldı ki o parkovşiklərə, bu heç kəsə sirr deyil ki, onlar uzun müddətdir ki qanunsuz fəaliyyət göstərirlər və qanunsuz vəsait toplayırlar ki, əməkdaşlarımız onlarında barəsində tədbir görürür ərazi polisinə aparılırlar proflaktik izah verilir qanuni tədbirlər görülür. Onuda qeyd etməliyik ki, bu işlərə bəzən sağlamlıq imkanları məhdud, həssas sosial qrupa daxil olan şəxsləri məqsədli şəkildə cəlb edirlər ki, qanunsuz hərəkətlərə qarşı mübarizə aparan polisi məsələnin mahiyyətindən kənarda saxlayıb öz məqsədlərinə çatsınlar. Hər gün gərgin işi olan asayiş keşikçilərini bu prosesə cəlb etmək əvəzinə məsələləri kökündən həll etmək isə daha yaxşı olardı. Hər kəs öz işini düzgün görsə polis əməkdaşlarıda bir çox hallarda  belə həssas durumda olan insanlarla mübahisəli və gərgin vəziyyətlərdə qalmaz”.

Araz Əsgərlinin sözlərinə görə, bəzi sürücülər həmin parkovşiklərə öz avtomobillərinin açarlarını verib maşınlarını onlara əmanət edirlər, lakin bu düzgün deyil və qanun pozuntusudur: “İstər qanuni parkovşik olsun, istərsə də qanunsuz, heç bir sürücü öz avtomobilinin açarlarını hüquqsuz şəxsə verməməlidir. Bu artıq İnzibati Xətalar Məcəlləsinin tərkib hissəsinin pozulması və məsuliyyət yaradan haldır. Bu cür hərəkətlər isə bəzən cinayət tərkibli əməllərədə şərait yaradır. Bu sürücülük hüququ olmayan şəxsə avtomobil əmanət etməkdir və bu zaman hər iki tərəf də cərimə oluna bilər. İXM-yə əsasən 100 manat cərimə sürücülük hüququ olmayanın 60 manatlıq cərimə isə sükanı verənin məsuliyyətidir. Avtomobili idarə edən sürücülük hüququ olub, lakin etibar edilməyən şəxsdirsə, 40 manat dəyərində  cərimə tətbiq olunur və bu hallarda avtomobil İXM-nin 96-cı maddəsinə əsasən duracağa aparılmalıdır”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Referans.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu məsələ onların səlahiyyətində deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh