Banner

Qaydalar dəyişdi; bəs indi necə hərəkət edək? - AÇIQLAMA

Avtoxəbər 30 Yanvar 2015 12:35 Oxunub 6517
Qaydalar dəyişdi; bəs indi necə hərəkət edək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qanunvericilik sadə, insanlar üçün anlaşıqlı olmalıdır"

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilməsi nəzərdə tutulur. Milli Məclisdən verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanuna bir çox dəyişikliklər ediləcək.
Ancaq "Yol hərəkəti haqqında" qanunda ediləcək bəzi dəyişikliklər vətəndaşlarda sual doğurub. Qanuna ediləcək dəyişikliklərlə bağlı tanınmış hüquqşünas Ərşad Hüseynova üz tutduq. O bu dəyişikliklərin mənasız bir şey olduğunu bildirdi, sonra da niyə bu qənaətə gəldiyini açıqladı. "Bəri başdan sizə deyim ki, o dəyişikliklərin hamısı sırf texniki və mənasız bir şeydir. Nəyə görə? 2014-cü ilin may ayının 2-də İXM-yə (İnzibati Xətalar Məcəlləsi) yol hərəkəti qaydalarını pozan sürücülərin məsuliyyətə cəlb edilməsi ilə bağlı xeyli dəyişikliklər olundu. Məsələn, dəyişikliklər nədir? Tutaq ki, xüsusi texniki vasitələr var, video və fotoqeydiyyat həyata keçirilir, radar, təhlükəsizlik kameraları və s. O düzəlişlərdə qeyd olunub ki, bu qurğuların qeydə aldıqları qayda pozuntuları elektron qaydada sənədləşdirilir, sürücüyə göndərilir və sürücü polis orqanına çağırıla bilməz. Sürücüyə elektron qaydada protokol tərtib olunur və s.  Bax o dəyişiklikləri gətirirlər "Yol hərəkəti haqqında" qanuna ki, o da doğru deyil".
Hüquqşünasın sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanun həmin məsələləri tənzim etməməlidir. "Yol hərəkəti haqda qanun yol hərəkəti qaydalarını tənzimləyir. Deyilən o məsələlər, o adları çəkilən - onların hamısı tənzimlənir İXM ilə. Sonra digər məsələlər var ki, onlar "Polis haqqında qanun"la tənzimlənməlidir. Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə də toxunan hüquqşünas bütün bunların onsuz da mövcud olduğunu xatırlatdı. "Bu qanun artıq keçən ilin may ayından qəbul olunub. Mayın 27-dən də icra olunur. Amma heç kim ona əməl eləmir. Yəni onu yol hərəkəti haqda qanuna gətirməyin heç bir mənası yoxdur. Mən hətta bir müddət əvvəl jurnalistlərə səsləndim ki, bunu belə təbliğ etməyin, bu, lazımsız bir şeydir. Onsuz da var bu. Nə ehtiyac var axı? 

Orada söhbət nədən gedir? 

Kamera qayda pozuntusunu qeydə alır, DYP-nin Mərkəzi informasiya sistemi var, həmin informasiya canlı şəkildə ötürülür oraya, yəni birbaşa, real vaxt rejimində, çünki inteqrasiya var, insan müdaxiləsi olmadan gedir oraya, oradan elektron protokol tərtib olunur, elektron imza ilə imzalanır və sürücünün də dəqiq ünvanı var - göndərilir onun ünvanına. Ondan ötrü sürücünü yolda saxlamağa və ya sürücünü polisə çağırmağa heç bir ehtiyac yoxdur. Bütün dünyanın hər yerində bu belədir. Sadə bir prosedurdur".

Yenilik olmayandan sonra bu məsələlərin niyə yenidən Milli Məclisə çıxarılmasına da toxunan Ərşad bəy qanunvericiliklə bağlı bəzi şeyləri oxuculara çatdırdı. "Niyə bu məsələ yenidən Milli Məclisdə müzakirəyə çıxarılır - bunu onlardan soruşmaq lazımdır. Bilirsiz, qanunvericilik texnologiyası deyilən bir şey var. Qanunvericilik sadə olmalıdır, təkrarlanmamalıdır, insanlar üçün anlaşıqlı olmalıdır. Yuxarıda qeyd etdiyimiz məsələlər bu prinsipi pozur. Qanunun tənzimlədiyi məsələlər var. Təsəvvür edin ki, elementar bir şeydən götürək, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda yazılıb ki, insan tibb müəssisəsinə, məsələn, belə müraciət etməlidir. İndi onu təzədən gətirək polis haqda qanuna yazaq. Buna ehtiyac var? 
Sürətölçən cihazlarla bağlı sualımızı da cavabsız qoymayan ekspert bildirdi: "Qabaqlar sürətölçənlər sürət rejimini pozanları qeydə alırdı. Növbənin axırında polis əməkdaşı onun qeydlərini aparmalıydı ki, məsələn bu avtomobillər sürət rejimini pozublar. Amma indi həmin o inteqrasiya edilmiş elektron sistem olduğuna görə, bu artıq aktuallığını itirir". 

Məcəllənin 429-6.2.2-ci (İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma) maddəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə göndərilən SMS-də digər məlumatlarla yanaşı, onun inzibati xətanı törətdiyi vaxt barədə məlumat da yer alacaq. Hüquqşünas bununla bağlı ASAN ödəniş sisteminin yaradıldığını deyərək, insanların cərimələrini daha rahat ödəyə biləcəklərini də bildirdi. "Yeni yaradılan ASAN ödəniş onunla bağlıdır ki, həm insanları məlumatlandırsın, həm də insanlar cəriməni asan ödəsinlər. Proseduru açıqlayıram - radar qeydə alır bu maşını, məlumat gedir mərkəzi informasiya sisteminə, Yol Polisinə. Protokol orada yazılır və elektron imza orada atılır protokola. Mərkəzi informasiya sisteminin rəhbər bir şəxsi o protokolu təsdiqləyir. Həmin protokol həm göndərilir vətəndaşa, həm də ASAN ödəniş sisteminə. Və ASAN ödəniş sitemindən də sürücüyə SMS gələcək ki, siz, məsələn, filan vaxtı qaydanı pozmusuz, həmin qayda pozuntusunun tarixi, qayda pozuntusu, İXM-də hansı maddədir, on görə hansı cərimə var və necə ödəyə bilərsiz. Təzə ASAN ödəniş sistemində, hər bir sürücü üçün elektron kabinet olacaq. Sürücü haqda orada məlumatlar var, üstəgəl onun pozduğu qaydalar, ona tətbiq olunan cərimələr və s. Sürücüyə SMS gələcək ki, zəhmət olmasa, elektron kabinetinizə baxın. Artıq sürücü elektron kabinetə baxanda ona hər şey məlum olacaq. Nə vaxt ödəməliyəm, nə vaxt olub, nə vaxta qədər ödəməsəm, onun üstünə faiz gələcək və s.".
Sürücülərimizin dilindən düşməyən problemlərdən biri də qaydanı pozandan sonra qayda pozuntusunun bazaya gec yüklənməsidir. Hüquqşünas bununla bağlı sürücülərə müjdə verməyi də unutmadı. "ASAN ödənişdən sonra bu aradan qalxmalıdır. Əslində, onu indi də aradan qaldıra bilərlər. Çox sadə bir işdir. Orada subyektiv, süni olaraq özləri də edirlər. Orada bəzi insanların maraqları da var. 
Bu son yeniliklər yol polisində olan POS-terminalların aktuallığını itirir. Demək olar ki, Yol Polisindəki POS-terminal söhbətləri yoxa çıxır. 
Amma söhbət nədən gedir, məsələn, İXM-də yazılıb ki, sürücü qaydanı pozur, kamera-radar bunu qeydə aldı, bir sutka ərzində həmin o elektron protokol tərtib olunmalıdır. Və ona həm elektron formada göndərilməlidir, həm də kağız daşıyıcıda. Növbəti iki gün ərzində informasiya yerləşdirilməlidir o sistemə. Yəni belə deyək, o məktub gəlib sürücüyə çatana qədər o informasiya sistemdə olmalıdır. Məktub sürücüdə olan kimi, sistemə baxdığımız zaman hər şeyi görməliyik".
Ərşad Hüseynov sonda əlavə edib ki, bütün bu prosedurlar öz yerini tutandan sonra süründürməçiliklər də aradan qalxacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh