Banner

Qışda bu qaydalara riayət etmək qəza riskini azaldır! - AÇIQLAMA

Avtoxəbər 12 Noyabr 2024 16:24 Oxunub 5266
Qışda bu qaydalara riayət etmək qəza riskini azaldır! - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qış aylarında yol şəraiti yay və payız dövrlərinə nisbətən daha da çətinləşir. Belə olduğu halda qəza hallarının da yaşanması qaçınılmazdır. 

Sürücülər çətin şəraitdə yol təhlükəsizliyini təmin etmək üçün nələrə diqqət yetirməlidir? 

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qış aylarında sürücülərin sürət rejiminə ciddi riayət etməsi vacibdir: 

“Yay və payız aylarında alışdıqları sürətləri qışda da istifadə etməyə çalışmaq çox təhlükəli nəticələrə səbəb ola bilər. Qanunvericiliyə əsasən, sürət rejimi yolun meteoroloji vəziyyətinə uyğun seçilməlidir. Lakin bəzən sürücülər yollarda göstərilən maksimum sürət həddinin (məsələn, 90 km/saat) elə həmin sürətdə hərəkət etməyə icazə verdiyini düşünürlər və yol şəraitini nəzərə almırlar. Görünüş məhdudiyyəti olan şəraitdə isə sürücülər bəzən hərəkətlərini düzgün tənzimləyə bilmirlər.

Dəfələrlə aidiyyəti qurumlar tərəfindən sürücülərə yollarda görünüş dairəsinin məhdudlaşacağı barədə xəbərdarlıqlar edilsə də, təəssüf ki, bu xəbərdarlıqlar çox vaxt nəzərə alınmır. Nəticədə, bu cür laqeydlik qəzalara səbəb olur. Bundan əlavə, Azərbaycanda hələ də "yay təkəri" və "qış təkəri" mövzusuna kifayət qədər əhəmiyyət verilmir. Bir çox ölkələrdə bu məsələyə ciddi yanaşılır, lakin ölkəmizdə sürücülər tərəfindən bu məsələ əhəmiyyətsiz sayılır.

Eyni zamanda, qış aylarında avtomobilin texniki vəziyyətinə diqqət yetirmək, şüşələrin buxarlanmasının qarşısını almaq və havalandırma sistemindən düzgün istifadə etmək lazımdır. Həmçinin, işıqlandırma cihazlarından da düzgün yararlanmaq qışda təhlükəsizliyin əsas şərtlərindəndir. Yağışlı havalarda görünüş dairəsi məhdudlaşdığı üçün işıqlandırmaya xüsusi diqqət yetirilməlidir. Lakin bəzi sürücülərimiz bu qaydalara əməl etməyərək, qaranlıq şəraitdə, hətta 20-30 metr qabağını görmədikdə belə yüksək sürətlə hərəkət etməyə davam edir.

Bu risklərin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün sürücülər bu qaydalara əməl etməli və yol şəraitinə uyğun davranmalıdırlar”.

(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh