Banner

Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB

Avtoxəbər 16 Noyabr 2026 17:46
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin Azərbaycandakı səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Hərracda məişət texnikası, metal stullar, bağ mebelləri, müxtəlif təyinatlı əşyalar, həmçinin 2012 və 2013-cü il istehsalı olan "Toyota Land Cruiser" markalı avtomobillər satışa çıxarılıb.

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin vaxtaşırı istifadə olunmuş avtomobillərini, mebellərini, elektron avadanlıqlarını və digər əmlaklarını satışa çıxarması diqqət çəkir. Diplomatik nümayəndəliklərin keçirdiyi hərraclarda xidməti avtomobillərdən tutmuş ofis mebellərinə qədər müxtəlif əşyalar təklif olunur. Bəs səfirliklər bu əmlakları hansı səbəblərdən satırlar? Avtomobillər neçə ildən bir yenilənir və satış qiymətləri necə müəyyənləşdirilir?

Avtosfer.az azxebercom-a istinadən xəbər verir ki, açıq mənbələrdə yayılan məlumatlar göstərir ki, bu cür satışlar Azərbaycanda yeni deyil. Belə ki, 2015-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədilə hərrac təşkil edib. Həmin vaxt avtomobillərin ilkin qiymətinin 500 dollar olduğu bildirilirdi.

2022-ci ildə isə Litvanın Azərbaycandakı səfirliyi istifadə olunmuş mebellərini satışa çıxarıb. Həmin hərracda əmlakın ilkin satış qiyməti 1000 manat müəyyən edilib. Bu nümunələr diplomatik nümayəndəliklərin yalnız avtomobilləri deyil, gündəlik fəaliyyət zamanı istifadə etdikləri digər əşyaları da satışa çıxardıqlarını göstərir.

Satışların əsas səbəblərindən biri diplomatik nümayəndəliklərin maddi-texniki bazasının yenilənməsi və artıq ehtiyac duyulmayan əmlakın dövriyyədən çıxarılmasıdır. Səfirliklər fəaliyyətləri zamanı xidməti avtomobillərdən, kompüterlərdən, ofis və məişət avadanlıqlarından istifadə edirlər. Bu vasitələrin köhnəlməsi, texniki vəziyyətinin dəyişməsi, yeni avadanlıqlarla əvəzlənməsi və ya nümayəndəliyin ehtiyaclarının yenilənməsi onların satışa çıxarılması ilə nəticələnə bilər.

ABŞ Dövlət Departamentinin əmlakın idarə olunması qaydalarında da xaricdəki diplomatik nümayəndəliklərin artıq ehtiyac duyulmayan əmlakının satılması və ya başqa formada istifadədən çıxarılması nəzərdə tutulur. Bu prosesin yerli qanunvericiliyə, mövcud beynəlxalq müqavilələrə və qəbul edən dövlətlə razılaşmalara uyğun aparılması tələb olunur.

Hərraclarda qiymətlərin müəyyənləşdirilməsi də maraq doğuran məsələlərdəndir. Adətən, satışa çıxarılan əmlakın vəziyyəti, istifadə müddəti, texniki göstəriciləri və bazar dəyəri qiymətləndirmədə əhəmiyyət daşıyır. Açıq hərrac zamanı isə alıcıların təklifləri əsasında qiymət dəyişə bilər.

Maraqlı məqamlardan biri də avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlıdır. Məsələn, ABŞ səfirliyinin 2026-cı ilin noyabrında elan etdiyi hərracın şərtlərində avtomobillər üzrə gömrük rüsumlarının ödənilmədiyi və qalib alıcının bu ödənişlərə görə məsuliyyət daşıdığı qeyd olunub. Həmçinin əşyaların mövcud vəziyyətdə, geri qaytarılma və zəmanət hüququ olmadan satıldığı bildirilib.

Beləliklə, diplomatik nümayəndəliklərin əmlak satışları onların fəaliyyətinin dayandırılması və ya ölkəni tərk etməsi anlamına gəlmir. Bu, ehtiyacdan artıq qalan və ya yenilənməsi zəruri hesab edilən əmlakın idarə olunması üsullarından biridir.

Bununla belə, Azərbaycanda müxtəlif ölkələrin səfirliklərinin hansı dövrlərdə hərrac keçirdiyi, avtomobillərin neçə ildən bir yeniləndiyi və satışlardan nə qədər vəsait əldə edildiyi ilə bağlı ümumi statistika açıq mənbələrdə tam şəkildə təqdim olunmur.

 

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh