Sürücülərə yazılan cərimələrin bir hissəsi Şuşaya yönləndiriləcək – Prezidentdən FƏRMAN

Avtoxəbər 1 Aprel 2023 16:00 Oxunub 2360
Sürücülərə yazılan cərimələrin bir hissəsi Şuşaya yönləndiriləcək – Prezidentdən FƏRMAN
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Avtomobil yolları haqqında” Qanunun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmana dəyişikliklər edib. “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” 2021-ci il 31 may tarixli qanunun icrası ilə əlaqədar qərara alınır ki, “Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsinə dəyişiklik edilsin. Həmin maddəyə görə, proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddənin QEYD hissəsində isə bildirilir ki, Bu Qanunun 23-cü maddəsinin II hissəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələr” dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baxılan və həmin orqan (qurum) tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

Yeni dəyişikliyə görə, həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) və “Qeyd” hissəsində (hər üç halda) “orqan (qurum)” dedikdə Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” nəzərdə tutulur.

Dəyişiklikdə o da qeyd olunur ki,  həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqanın (qurumun) işçiləri” dedikdə Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşları, habelə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin işçiləri nəzərdə tutulur.

Bundan başqa, Qanunun 12-ci maddəsinin II hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda ─ Mədəniyyət Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Yeniliyə görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də bu səlahiyyətə malik olacaq.

Bu yeniliklər “Avtomobil yolları haqqında” və “Avtomobil nəqliyyatı haqqında” öz əksini tapıb. Bundan sonra bəzi qayda pozuntularına görə cərimələri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaza biləcək. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsində “qurum” dedikdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur. Yəni, qeyd olunan xətalar Şuşa şəhərinin ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi cərimələr tətbiq edəcək.

Bu o deməkdir ki, İXM-nin 352.0.2-ci, 352.0.8 – 352.0.10-cu, 354.0.2-ci, 354.0.3-cü, 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Şuşa şəhərinin ərazisində həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi baxacaq. Belə kli, yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına, avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə, suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə, daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına, təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə, yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə və tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edilməsinə görə cərimələri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yazacaq.

Beləliklə, Azərbaycanda sürücülərə yazılan cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yönləndiriləcək və İdarə əməkdaşları bəzi cərimələri yazmaq səlahiyyətinə malik olacaq.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh