Banner

Sürücüləri narahat edən problem; eyni istiqamətli yolda qoşa xətt lazımdırmı?

Avtoxəbər 29 Aprel 2014 15:47 Oxunub 30832
Sürücüləri narahat edən problem; eyni istiqamətli yolda qoşa xətt lazımdırmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda eyni istiqamətli hərəkət zolaqlarının arasına qoşa xətt çəkilməsinin qanuni olub-olmadığını hüquqşünas Ərşad Hüseynov izah edir

Bakı şəhərində sürücülərin qarşılaşdığı tipik problemlərdən biri də eyni istiqamətdə hərəkət zolaqlarının arasına çəkilmiş qoşa xətdir. Sürücülərin daha çox aeroport yolunda, Zığ şosesində və bir sıra digər yerlərdə rast gəldikləri belə mənzərə yollarda nişanlanma işlərinin qanunvericiliyi kobud şəkildə pozmaqla həyata keçirilməsinin nəticəsidir. «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin tələbinə əsasən, 1.3 nişanlanma xətti (bütöv qoşa xətt) hər iki istiqamətdə hərəkət üçün dörd və daha çox hərəkət zolağı olan (yəni qarşılıqlı hərəkət olan və eyni istiqamətli zolaqlarının sayı ən azı 2 olan) yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün tətbiq olunur. Bu xətti kəsib keçmək qadağandır. Qoşa xətt (1.3 nişanlanma xətti)  heç bir halda eyni istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq oluna bilməz. 1.3 nişanlanma xəttini hərəkət hissəsi ilə eyni səviyyədə olan və örtüyü də hərəkət hissəsinin örtüyü ilə eyni olan ayırıcı zolağın kənarlarına (yəni hərəkət hissələrinin ayırıcı zolaq tərəfdəki kənarlarına) çəkilmiş 1.1 nişanlanma xətləri ilə eyniləşdirmək olmaz. Nəzərə almaq lazımdır ki, 1.3 nişanlanma xəttində qoşa xətlər arasındakı məsafə 0,10-0,18 metr (10-18 santimetr) olmalıdır («Yol nişanları və siqnalları haqqında» Kon-vensiyaya 2 saylı Əlavənin II bölməsinin 3-cü bəndi), ayırıcı zolağın eni (yəni ayırıcı zolağın kənarlarına çəkilən 1.1 nişanlanma xətləri arasındakı məsafə) isə dəfələrlə böyük olmalıdır.

Əgər eyni istiqamətli hərəkət zolaqlarını ayırıcı zolaqla ayırmaq (yəni eyni istiqamətli yolu iki hərəkət hissəsinə ayırmaq zəruridirsə, bunu çox diqqətlə etmək lazımdır. Bu zaman ilk növbədə ayırıcı zolağın eni kifayət qədər olmalıdır. Bundan başqa, həmin ayırıcı zolağın örtüyü rəng tərtibatı ilə fərqləndirilməlidir. Belə rəng tərtibatı qismində isə bizim yol hərəkəti qaydalarına uyğun olaraq ayırıcı zolağın kənarını bildirən 1.1 nişanlanma xətti arasına bucaq altında ağ xətlərin çəkilməsi çıxış edə bilər (şəkildəki kimi). Özü də belə ayırıcı zolaqların müəyyən yerlərində nəqliyyatın bir hərəkət hissəsindən digər hərəkət hissəsinə keçə bilməsinə imkan vermək üçün kəsiklər olan yerdə ayırıcı zolağın bir tərəfindəki xətti qırıq-qırıq etmək yox, kənarlardakı xətləri ovallaşdıraraq qapamaq lazımdır (şəkildəki kimi).

Şəkildə gördüyünüz qeyd etdiyim qaydada eyni istiqamətdə hərəkət zolaqları arasında yaradılan ayırıcı zolaqdır. Bu zolağın kəsik olan yerində ayırıcı zolaqdan sağda hərəkət edən avtomobillərə sol hərəkət hissəsinə yerdəyişmə etmək qadağan edilmişdir. Soldakı hərəkət zolağından isə ayırıcı zolağın sağına yerdəyişmə etməyə yol verilir.

 

Ərşad Hüseynov,

 

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Aqşin 24 İyun 2018 11:46
Mətndə qeyd olunan şəkillər görünmür!