Banner

Sürücünün gözü qarşısında avtomobili zorla evakuasiya etdilər – VİDEO

Avtoxəbər 2 İyun 2014 11:27 Oxunub 3131
Sürücünün gözü qarşısında avtomobili zorla evakuasiya etdilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda polis sürücünün tələbinə əhəmiyyət verməyərək avtomobili göz görə-görə evakuasiya edir

Bakıda avtomobillərin evakuasiyası ilə bağlı ciddi problemlər var. Ən başlıcası isə evakuasiya işinə əksər hallarda yol polisi əməkdaşlarının deyil, Çevik Polis Alayının əməkdaşlarının cəlb olunmasıdır. Bəzi hallarda heç polis də olmadan mülki həxslər istədikləri yerdən avtomobili evakuasiya edirlər. Görəsən, bu adamların, elə Çevik Polis Alayı əməkdaşlarının anlayışı varmı haradan, hansı yol nişanın təsir zonasından avtomobili evakuasiya etmək olar və ya olmaz? Elə bu videomateralı baxmaq bu sualın cavabına aydınlıq gətirəcək.

Avtosfer.az saytının təqdimatında izlədiyiniz video həvəskar sürücü tərəfindən bu il aprelin 10-da Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilib. Kadrlardan görünür ki, polis əməkdaşı yol polisi işçisi deyil. Onun əmri ilə evakuasiya edilən «Jiquli» markalı avtomobilin sahibi isə elə oradadır. Avtomobilin qapısı açıqdır. Maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür. Bu azmış ki, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.

Qanunvericiliyə görə, evakuasiya olunan avtomobil hətta evakuatorun üstünə yüklənmiş vəziyyətdə olsa belə sürücü yaxınlaşıb özünü təqdim edirsə, avtomobil dərhal evakuatordan düşürülməli və sürücüyə dayanma-durma qaydasını pozduğuna görə yerindəcə inzibati protokol tərtib olunmalıdır. Bizim təqdim etdiyimiz videoda isə tam tərsini görürük. Çünki yerində protokol tərtib etməklə sürücüyə 20 manat cərimə yazılırsa, avtomobil cərimə meydançasına aparılırsa, orada heç bir qəbz təqdim etmədən, heç bir protokol tərtib olunmadan rahatlıqla 40 manat alırlar. Üstəlik, tam əminliklə demək olar ki, evakuasiyanı həyata keçirən polis əməkdaşı yol polisi işçisi olmadığı üçün ona hansısa sürücüyə protokol tərtib etmək hüququ verilməyib. Ümumiyyətlə, təcrübə göstərir ki, evakuasiya işinə cəlb olunmuş polis əməkdaşlarında protokol olmur. Onlar yalnız avtomobilləri daşımaqla məşğuldurlar. Həm də onlar çox nadir hallarda sürücünün tələbini yerinə yetirib avtomibili evakuatordan düşürürlər. Bu zaman isə onlarda protokol olmadığı üçün sürücüyə qarşı heç bir tədbir görə bilmirlər. Bir növ, ovu əldən çıxmış ovçu kimi, dilxor olurlar.

Elə bu videodan da aydın oldu ki, bu polisin qayda-qanundan xəbəri yoxdur və sadəcə olaraq, öz bildiyini edir. Özü özbaşına qərar qəbul edir və avtomobil sahibinin tələblərini əhəmiyyətsiz sayır. Hər halda, yol polisi bu biabırçılığa münasibət bildirməli və həmin əməkdaşın törətdiyi kobud qayda pozuntusuna uyğun cəza tətbiq etməlidir. Çünki o, qanuna əməl etmir, zorla evakuasiya edir, üstəlik, özbaşına olaraq həmin avtomobilə minir. Amma özünü işgüzar göstərmək üçün fotoçəkiliş də aparır. Maraqlıdır, görəsən o, nəyi çəkir? Onun özünün çəkildiyindən xəbəri varmı?


Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh