Yol polisi yolda qəza şəraiti və təhlükə yaratdı - VİDEO

Səbail rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni iş üsuluna əl atıblar. DYP-nin 20-ci sahə yaşayış massivində yerləşən yeni binasının qarşısında xidmət aparan yol patrul xidməti inspektorları guya hərəkətə nəzarət edirlər. Əslində isə Avtosfer.az-ın əməkdaşının çəkdiyi bu videoda onların nə işlə məşğul olduğu açıq-aydın görünür. Məsələ burasındadır ki, hər gün bəlli saatlarda DYP-nin binasının qarşısından keçən Salyan şosesində yolun ortasında dayanan yol polisləri əslində sürücülər üçün təhlükə və qəza şəraiti yaradırlar.
Məlumdur ki, bizim sürücülər yolda polis görən kimi qəflətən sürəti aşağı salırlar. Bu isə arxadan gələn nəqliyyat vasitələri ilə toqquşmaya səbəb ola bilər. Digər tərəfdən, YPX əməkdaşı yolun ortasında dayanmaqla öz həyatını təhlükəyə atır. Çünki maşınların yolun hər iki istiqamətində hərəkət etdiyini nəzərə alsaq, hər iki tərəf soldan ötmə əməliyyatı apararkən yolun ortasında dayanmış yol polisini vura bilər. Çünki bəzən ötmə əməliyyatı aparan sürücülər 4-5 maşından qabaqdakı vəziyyəti görüb qiymətləndirə bilmirlər. Ona görə ki, bu, bəzən mümkün deyil. Belə vəziyyətdə yol polisinin həyatı açıq-aşkar təhlükə qarşısındadır. «Yol patrul xidməti haqqında» təlimatda birbaşa yazılıb ki, yol polisi əməkdaşı ilk növbədə özü öz təhlükəsizliyini təmin etməlidir. Bu videodan isə aydın olur ki, DYP əməkdaşı nəinki öz təhlükəsizliyini təmin edərək təhlükəsiz şəraitdə xidmət aparır, hətta başqalarına da təhlükə yaradır. Əməkdaşımızın çəkiliş apardığını gördükdə isə qaçıb gizlənir.
Gizlənmək lazım deyil, cənab çavuş. Əgər sən və sənin həmkarların bu ərazidə həqiqi xidmət aparmaq niyyətindədirsə, 50 metr irəlidə yeraltı piyada keçidi tikildiyi üçün yolda hərəkət bərbad hala düşüb və sizin orada xidmətiniz çox faydalı olardı. Amma siz gündəlik protokol limitini doldurmaq üçün hər gün biriniz çıxıb yolun ortasında dayanıb insanların həyatı ilə oynayırsınız. Elə öz həyatınızı da təhlükəyə atırsınız. Amma polisə bu cür davranış yaraşmaz. Biz görmüşük ki, kimsə yolun ortasında dayanıb bu cür qeyri-adi hərəkətlər edərək maşınların arasıyla ora-bura qaçırsa, polis gəlib həmin şəxsi oradan uzaqlaşdırır ki, normal adam deyil, maşın vurar. Amma bu hərəkətləri siz polislər edəndə insanlar təəccüblənir, gülür və heç də xoş olmayan ifadələr işlədir. Məgər başa düşmürsünüz ki, etdiyiniz bu hərəkətə görə oradan keçən maşınlardan birinin güzgüsü sizin qolunuza dəymiş olsa, o sürücünün həyatı puç olacaq? Niyə heç nədən insanlara problem yaradırsınız? Yolun ortasında da xidmət apararlar? Doğrudanmı işinizi həyatınızdan üstün tutursunuz? Şəxsən mən buna inanmıram. Əgər çəkiliş aparıldığını görüb qaçmasaydınız, inanardım. Amma qaçdınız…
Nə məqsədiniz varsa, özünüz bilərsiniz. Mənim bildiyim budur ki, birinizi bir gün elə orada maşın vuracaq. Özünüzə və oradan keçən sürücülərə yazığınız gəlsin. Sadəcə, mənə maraqlıdır ki, sizin bu hərəkətlərinizi DYP-nin yeni binasında rahat otaqlarda oturan rəhbərliyiniz də görür, amma çağırıb soruşmur ki, cənab çavuş, yolun ortasında niyə ora-bura qaçırsan?
Elməddin Muradlı
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu











