Banner

Yol polisini aldadan 16 sürücü məsuliyyətə cəlb olundu

Avtoxəbər 8 Aprel 2014 00:00 Oxunub 2605
Yol polisini aldadan 16 sürücü məsuliyyətə cəlb olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Onlar qəza duracaq işıqlarını yandırır və avtomobilin "kapot"unu qaldırıb yolda saxlayırlar ki, guya maşın xarab olub»

Bakıda yol polisini müxtəlif bəhanələrlə aldatmağa cəhd edən bəzi sürücülərin fırıldağının üstü açılıb. Həmin sürücülər inzibati məsuliyyətə cəlb ediliblər. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Bölmə rəisinin sözlərinə görə, avtomobili yolun qanunla icazə verilməyən hissəsində saxlayan bəzi sürücülərin müxtəlif üsullarla yol polisini aldatmaq cəhdlərinin üstü açılıb və onlar məsuliyyətə cəlb ediliblər: "Onlar qəza duracaq işıqlarını yandırır və avtomobilin mühərrik qapağını (qabaq "kapot") qaldırıb avtomobili yolda saxlayırlar ki, guya maşın xarab olub. Bununla bağlı ötən həftə yol polisini aldatmaq məqsədilə guya xarab olubmuş kimi avtomobili yolun hərəkət hissəsində, yol nişanın təsir zonasında saxlayaraq qəza duaracaq işıqlarını yandıran və mühərrik qapağını qaldıran 16 sürücü məsuliyyətə cəlb edilib, barələrində müvafiq cəza tədbirləri görülüb. Belə "ağıllı", "düşüncəli" sürücülərə bildiririk ki, onların bu bəhanələri keçməz. Bununla siz yol polisini yox, özünüzü aldadırsınız. Onlar bilməlidirlər ki, əgər yolun hərəkət istiqaməti üzrə hər hansı texniki nasazlıq nəqliyyat vasitəsinin məcburi dayanmasına səbəb olursa, sürücü bütün mümkün tədbirləri görməklə onu həmin hissədən kənarlaşdırmalıdır. Hətta yol qəza hadisəsi baş versə belə, yolda sıxlığın yaranmaması üçün sürücü bunu etməlidir".

 

Vaqif Əsədov qeyd edib edib ki, ümumiyyətlə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində ötən həftə ərzində (aprelin 2-dən 6-dək) 890 avtomobil sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Aparılan mübarizə tədbirləri nəticəsində həftə ərzində günün qaranlıq vaxtı avtomobili sərxoş halda idarə etdiyi zaman 140-dan artıq sürücü aşkarlanıb. Əlavə olaraq, dayanma, durma, parklanma qaydalarını pozduğuna görə 67 avtomobil evakuatorlar vasitəsilə müvəqqəti mühafizə olunan duracaqlara aparılıb. DYP avtomobillərindəki bort-kompüter cihazları vasitəsilə 120 avtomobil sürücüsü tərəfindən törədilmiş qayda pozuntuları ilə bağlı fotomateriallar tərtib edilib. Şəhərdə 35 sürücü avtomobili piyada səkilərində, 27 sürücü isə piyada zolağının üstündə park etdiyi üçün barələrində inzibati protokol tərtib olunub. Onun sözlərinə görə, həftə ərzində tərtib edilmiş protokolların təhlili zamanı onlarla sürücünün dəfələrlə, hətta 19 sürücünün eyni xətanı törətdiyi üçün 7 dəfə inzibati məsuliyyətə cəlb edildiyi məlum olub: "Bakı şəhərində istifadəyə verilmiş dayanacaqlar var. Bu dayanacaqlardan istifadə edin. Əks halda yol polisi tərəfindən tərtib edilmiş inzibati protokola görə təyin edilmiş cərimə məbləği sizin ailə büdcənizə ziyan vuracaq. Onu da bilsinlər ki, avtomobili dayanacaqlarda 15 dəqiqə ərzində saxlamaq pulsuzdur. Ona görə də heç kim nəyisə bəhanə gətirməsin".

 

Bölmə rəisi həmçinin əlavə edib ki, xüsusilə axşam saatlarında yola bitişik şadlıq saraylarının qarşısında bir neçə cərgə dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi, süni sıxlıq və tıxacların yaranması halları müşahidə edilir: "Belə neqativ hallar əhalinin və sürücülərin narahatlığı və narazılığına səbəb olur. Bu baxımdan bir daha avtomobil sürücülərindən xahiş edilir ki, sıxlığın yaranmaması və yol polisi tərəfindən cəza tədbirlərinin görülməməsi üçün "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi şəkildə əməl etsinlər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh